Əsas Səhifə > Siyasət, Manşet > Haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

Haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR


7-02-2018, 09:32
Haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR
Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı “ Halal” sertifikatı ilə satılır.

Azərbaycanda “ Halal” sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını “ Halal” yarlığı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir, Ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanala saxta “halal qida” yedizdirən onlarla sahibkar fəaliyyət göstərir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xiddmətinin rəhbəri Fazil Talıblı Modern.az-a bildirib ki, Azərbaycanda sertifikatlaşdırma fəaliyyətini akkreditasiya edilmiş qurumlar həyata keçirir:

“Standartlaşdırma,Meterologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırmayla məşğul olmur. Azərbaycanda “halal qida” məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum - “AzeSERT Halal” MMC həyata keçrir”.

Komitə rəsmisi bildirib ki, müəssisələrə sertifikatın verilib-verilməməsi auditin nəticəsindən asılıdır:

““Halal qida” istehsal edən və bunu təsdiqləyən sənəd üçün sahibkarlar məhz həmin quruma müraciət etməklə öz müəəsisələrindəki mövcud vəziyyətli istehsal prosesini bu orqanın auditorlarına nümayiş etdirməli, auditin nəticəsinə uyğun olaraq ona sertifikat verilməlidir”.

Fazil Talıblının sözlərinə görə, “halal qida” ilə bağlı dövlət standartları mövcuddur: “ Bu standartların qərarları çox sərtdir. “ Halal qida” standartları İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma Şurasının qəbul etdiyi standartlardır. Müsəlman ölkələrində tətbiq edilən vahid beynəlxalq “ Halal” standartıdır. İslam dininin bütün tələbləri burada əksini tapır”.

O qeyd edib ki, tələblər sərt olduğuna görə, sertifikat alanların sayı 10-nu keçmir:

“Təbii ki, müraciət edənlərin sayı çoxdur. Amma auditin nəticəsinə görə, sertifikat alanlar qeyd etdiyim kimi, 10-dan çox deyil. Çox təəssüf edirəm ki, bəzi qurumlar “ Halal” sertifikatı almış kimi özlərini təqdim edir və istehlakçıları aldadırlar. Biz bunun əleyhinəyik. Əgər bu sahədə stabil vəziyyət yaratmaq istəyiriksə, bu cür sahibkarların qarşısını almaq bizim üçün vacibdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dövlət tərəfindən iki il öncə yaradılan “AzeSERT Halal” MMC-nin ayrıca laboratoriyaları var:

“Biz bu prosesi diqqətlə izləyirik. Azərbaycanda “Halal” sertifikatını qanuni yolla almış müəəsisələr bu günə kimi qanuni olan “Səhliyalı” kiçik müəəsisəsi, “Hakan Foods Azərbaycan Trading Co Ltd MMC”, “Qafqaz Konserv zavodu” MMC, “AzProtein Foods Group” MMC,, “Zəhmət-Ruzi” MMC, “Səba” Səhmdar Cəmiyyəti, “Orxan- SS” müəssisəsi, “Ovçular və ət məhsulları” MMC, “M&T” LTD firmasıdır. Hazırda bir neçə müəəsisədə də bu istiqamətdə işlər gedir”.

Eyyub Hüseynov deyir ki, ümumilikdə götürdükdə, əmtəə bazarında olan malların 80%- i yalançı “Halal” sertifikatı ilə satılır:

“Məsələn “28 May” metrostansiyasının çıxışında alman sosiskaları satılır, hətta bir nişan da qoyublar ki, guya “Halal” sertifikatı ilə satırlar. KFC xaricilərə məxsus böyük bir qida qrupudur, onlar da özlərini guya “Halal” sertifikatı almış kimi göstərirlər. Bunlar istehlakçıların aldadılmasıdır. Dövlətin qanunlarına görə, “Halal” sertifikatı verən qurum akkreditasiyadan keçməlidir, dövlət tərəfindən tanınmalıdır. “AzeSERT Halal” MMC xaricində Azərbaycanda heç bir qurum akkreditasiyadan keçməyib, dövlət tərəfindən tanınmayıb. Təəssüf ki, bu gün də Azərbaycana Ukraynadan, Braziliyadan və başqa ölkələrdən məhsullar gətirilir, “halal” adı ilə təqdim olunurlar”.

Müsahibimiz bildirib ki, Azad İstehlakçılar Birliyinin “Halal” sertifikatı ilə əlaqədar özəl təqvimi var: “Mən bu günlərdə İslam İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi ilə görüşmək niyyətindəyəm. Biz məsələ qaldırmışıq ki, “Halal” sertifikatı almış müəssisələrdə iki məsələ də həll olunsun. Birincisi budur ki, onlayn izləmə sistemi olsun. Dünyanın istənilən yerindən insanlar izləyə bilsin ki, bu müəəssisədə nə baş verir. Digər məsələ isə “halal mal” istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Maliyyə mənbəyi əgər haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, faiz məsələsiylə yaradılıbsa, bu halal sayıla bilməz”.

Onun sözlərinə görə, diqqətdə olan məsələlərdən biri də, kolbasaların tərkibinə qarışdırılan qida əlavələridir: “ Qida əlavələrinin mənbəyinin halal olması ciddi məsələlərdən biridir. Hazırda Azərbaycanda qida mənbələrinin yerli bitkilərdən hazırlanması üçün müəyyən işlər gedir”.

Geri qayıt