Əsas Səhifə > Siyasət, Manşet > Çovdarovun tikinti sektorundakı adamlarından biri imiş...
Çovdarovun tikinti sektorundakı adamlarından biri imiş...18-12-2017, 08:59 |
“Yeni Yasamal” MTK-nın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi 5 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binası ilə bağlı doqquz il əvvəl başlamış qalmaqal yeni məcraya yönəlib. Belə ki, tikinti şirkətinin rəhbəri Cahangir Alışov həbs edilib. Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.(virtualaz.org) Zərərçəkən vətəndaşların mənzil probleminin illərdir ki, KİV-də işıqlandırılmasına baxmayaraq, 2006-ci ildə nəğd ödənişlə aldıqları mənzillər hələ də onlara təhvil verilməyib. Məlumat üçün deyək ki, binanın tikintisi 2008-ci ilin ortalarından başlayıb. MTK-nın sədri Cahangir Alışov dəfələrlə vəd versə də, vətəndaşlar mənzillərinə köçə bilməyiblər. Buna səbəb mənzillərin eyni vaxtda bir neçə nəfərə satılmasıdır. Zərərçəkənlərin mənzillərin bir neçə nəfərə satılması ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmələrinə baxmayaraq, Cahangir Alışov haqqında ciddi tədbir görülməyib. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılsa da, C.Alışovu həbs etmək qərarı yubanırdı. Məlumata görə, 200-dən çox ailənin 8 milyon manatdan çox pulu mənimsənib. Cahangir Alışov və vəkili tikintinin yubadılması və mənzillərin bir neçə nəfərə satılması iddialarını rədd edirdilər. Onlar iddia edirdilər ki, binanın yeri daş karxanası olub və daşların kəsilməsi vaxt aparıb, üstəlik dövlətin qərarı ilə tikinti 2 ilə yaxın dayandırılıb. Onlar binanın 2015-ci ilin sonunda bina təhvil veriləcəyini vəd etmişdilər. Cahangir Alışovu binada cəmi 12-13 evin mübahisəli olduğunu bildirirdi. 2016-cı ildə binanın tikintisi əsasən tamamlansa da, Cahangir Alışov binanı təhvil verməyib. Maraqlıdır ki, Cahangir Alışov “Yeni Yasamal” MTK-dan başqa “Yüksəliş C”MTK-nin təsisçisi, “Bərpa Tikinti” MMC-nin direktoru, “Karvan 2010"ticarət mərkəzinə rəhbərlik edib. Bu qədər geniş imkanların ona yaradılması haqlı şübhələr yaradıb. Əcaba, MTK rəhbərini kim himayə edib? 2015-ci ildə “MTN işi” üzə çıxanda mediada belə xəbərlər yayıldı ki, Cahangir Alışovun himayəçisi MTN generalı Akif Çovdarov imiş. Şikayətçilər iddia edirdilər ki, A.Çovdarovla yaxın dostluq münasibətlərindən istifadə edən MTK rəhbəri bu səbəbdən illərdir ki, “toxunulmaz” qala bilib. İddia olunurdu ki, Cahangir Alışov Akif Çovdarovun vasitəsi ilə kiçik oğlunu MTN Akademiyasına da düzəltdirib. Daha bir maraqlı xəbər isə bu idi ki, Masazır qəsəbəsində Akif Çovdarovun işgəncə məkanı kimi istifadə edilən istixanalarını da MTK rəhbəri tikib. Çovdarovun həbsindən sonra isə MTK rəhbəri “valı dəyişib” və bu dəfə özünü MTN çetesinin qurbanı kimi qələmə verməyə başlayıb. Cahangir Alışov və daha bir nəfər məhkəmədə Akif Çovdarova qarşı iddia irəli sürərək, onlardan 19 mənzilin təqdim olunmuş adamların adına keçirilməsini, 500 min dollar ödənilməsinin tələb edilməsini, sonradan isə həmin məbləğin ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzləndiyini bildiriblər. Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov (o da MTN-də işləyib) isə məhkəmə ifadəsində MTK sədri haqda ilginc məqam açıqlamışdı. R.Əmircanov demişdi ki, Cahangir Alışovun MTN-ə dəvət edilməsi xəbərinin eşidən şöbə rəisi ona “inşaatla məşğul olan Cahangir Alışov Akif Çovdarovun yaxın adamıdır və bu işdən uzaq durun” xəbərdarlığını edib. İstixanaların tikilməsinə gəlincə, Cahangir Alışov deyib ki, Masazırda görülən işlər üçün Akif Çovdarovun onu 250 min dollar xərcləməyə məcbur edib. Generalın sahibi olduğu istixananın direktoru- “Bəhrə-2010" MMC-nin sahibi isə məhkəmədə iddiaları rədd edərək həmin işlər üçün bütün pulları öz əli ilə kassadan verdiyini demişdi. “YM” Geri qayıt |