Əsas Səhifə > Siyasət, Manşet > Hamı onun qərarlarını gözləyir...

Hamı onun qərarlarını gözləyir...


12-12-2017, 08:47
Hamı onun qərarlarını gözləyir...
Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından bir həftəyə yaxın vaxt keçir. Bu müddətdə nazirlik sistemində kadr baxımından hələ ki hansısa dəyişikliklər qeydə alınmayıb. Yeni nazirin kimlərlə işləyəcəyi, kimlərlə yollarını ayıracağı barədə ara-sıra müzakirələr aparılsa da, hələlik ciddi kadr dəyişikliyi həyata keçirilməyib.

Bəs nazirlikdən kənar çevrələrdə, xüsusilə sahibkarlar üçün necə, F.Məmmədovun gedişi ilə nələrsə dəyişibmi?

Xatırladaq ki, son aylarda sahibkarlar arasında vergi orqanları ilə bağlı ciddi narazılıqlar yaranmışdı. Bir çox sahibkarlar vergi orqanlarının haqsız təzyiqləri ilə üzləşdiklərini, onlara həddindən artıq çox məbləğdə vergi hesablandığını, barələrində əsassız cinayət işlərinin başladıldığını, bu zaman onların qarşılıqlı iddialarının belə nəzərə alınmadığını bildirirdilər.

Xatırladaq ki, vaxtilə keçmiş MTN orqanları ilə bağlı sahibkarlar arasında böyük narazılıq vardı. Daim MTN-in mərkəzi və yerli strukturlarının təzyiqi altında olan sahibkarlar Eldar Mahmudov işdən çıxarılanda böyük sevinc hissi keçirirdilər. Mahmudovun nazir postundan uzaqlaşdırılmasından dərhal sonra iş adamları arasında bir-birinə gözaydınlığı verənlər az deyildi. Bu baxımdan, F.Məmmədovun gedişi ilə də sahibkarlar arasında narazılıqların aradan qalxıb-qalxmaması maraq doğurur.

Sahibkarlarla apardığımız söhbət zamanı məlum oldu ki, hazırda vergi orqanları ilə bütün münasibətlər dondurulmuş vəziyyətdədir. Hətta Vergilər Nazirliyinin elektron sistemindən belə heç bir ödəyiciyə məktub-bildiriş göndərilməsi dayandırılıb: “Biz, sadəcə, vergilərimizi vaxtında ödəyirik. Deyiblər, ödənişləri ləngitməyin, vəssalam. Hətta 3 gündür vergi departamentinə gedən hamını geri qaytarırlar, əməliyyat aparmaq olmur. Hamı gözləyir, görək, necə olacaq..."

Maraqlıdır ki, bəzi sahibkarlar F.Məmmədovun savadlı, sahəni çox gözəl bilən adam olduğunu, sadəcə, son vaxtlar vergi orqanlarının haqsız təzyiqləri ilə çox üzləşdiklərini deyirlər. Sahibkarların fikrincə, vergilər nazirinin bir neçə müavini var ki, onlar da sistemlə bağlı məlumatlı olduqları üçün yeni nazirin işini qurmasında çətinliyi olmayacaq: “Əlbəttə, əgər həmin adamlar başqası ilə əvəz olunmasa, təzə nazir onlarla işini rahat qura bilər. Çünki vergilər elə bir sistemdir ki, oradan detallı məlumatın olmasa işləmək mümkün deyil. Həm də vergilər dövlətin əsas dayaq nöqtələrindən biridir, bu sahədə birdən-birə radikal dəyişikliklər heç də müsbət effekt verməyə bilər. Buna görə də yəqin ki, təzə nazir ehtiyatlı davranacaq”.
"Yeni Müsavat"

Geri qayıt