Əsas Səhifə > Siyasət, Manşet > Vətəndaşla Vergilər Nazirliyi arasında QALMAQAL
Vətəndaşla Vergilər Nazirliyi arasında QALMAQAL10-11-2017, 09:23 |
Bakı sakini Rəşad Əlizadənin sözlərinə görə, Vergilər Nazirliyi onun üzərinə ona aidiyyəti olmayan borc yazıb. Redaksiyamıza müraciət edən R. Əlizadənin sözlərinə görə, nazirliyin qeyd etdiyi şirkətdən, nə də üzərinə yazılan küllü miqdarda puldan xəbəri yoxdur. Rəşad Əlizadə əvvəllər Gürcüstan və Qazaxıstanda yaşayıb və yük maşınının sürücüsü kimi fəaliyyət göstərib. Ötən ilin sonunda (noyabr) işləri ilə əlaqədar Bakıya gələn Rəşad Əlizadə geri qayıtmaq istəyəndə vətəndaşa bildirilib ki, pasportuna məhdudiyyət qoyulub və ölkədən kənara çıxa bilməz. R. Əlizadənin sözlərinə görə, bir müddət müəyyən qurumlara müraciət etdikdən sonra Vergilər Nazirliyindən cavab alır ki, onun nazirliyə 393 min manatdan çox borcu var: "Qərar Şabran rayon məhkəməsində verilib. Özüm məhkəmələr olduğu müddətə ölkədə olmamışam. Heç bir məhkəmədən də xəbərim yoxdur. Həmin dövrlərdə heç mənim VOEN-im də olmayıb. VOEN-i bu il açmışam. Amma iddialara görə, 2014-cü il mən şirkət rəhbəri olmuşam və bu qədər vergi borcum var". R.Əlizadə bildirir ki, Apelyasiya Məhkəməsində bildirib ki, 2014-2015-ci illərdə onun Azərbaycanda olmaması ilə bağlı Miqrasiya Xidmətində məlumatlar var. Ancaq bu borc 2015-ci il may ayının 19-da təyin edilib: "Həmin vaxt mən Qazaxıstanda idim. Məhkəmə hakim Quliyev İlqar Məsail oğlunun sədrliyi ilə açılıb və hakim Teymur Qurbanovun sədrliyi ilə bitib. Hakim Qurbanovun ümumiyyətlə Şabran məhkəməsi ilə heç bir əlaqəsi yoxdur. Apelyasiya Məhkəməsi Sumqayıtda keçirildi. Məhkəmədə mən tələb etdim ki, iş istintaqa göndərilsin. Çünki mənim heç bir yerdə imzam yoxdur. MMC yaratmaq üçün vətəndaşın ilk növbədə VOEN-i olmalıdır. Ədliyyə və Vergilər Nazirliyində qeydiyyata düşməliyəm. Sonra möhür alıb, banka getməliyəm. Amma mən bunların heç birini etməmişəm, 100 faiz də əminəm ki, heç bir yerdə imzam yoxdur". R. Əlizadənin sözlərinə görə, adına qeydiyyatda olduğu iddia edilən və üzərinə 393 min vergi borcu yazıldığı "Azavrocom" şirkəti çirkli pulların yuyulması ilə məşğul olub: "Mən Məhkəmə Hüquq Şurasına da yazmışam ki, bu iş istintaqa göndərilsin, məsələ araşdırılsın. Əgər borclu mənəmsə, cinayət işi açsınlar, məni həbs etsinlər. Həqiqətən bezmişəm". Vətəndaş bildirir ki, pasportunda məhdudiyyət olduğu üçün ölkədən kənara çıxa da bilmir: "Mənim yeganə tələbim işin istintaqa göndərilməsidir. Mənim 400 min manat vergiyə borcum olması üçün ən aşağı 15 milyon dövriyyəm olmalıdır. Hazırda Qazaxıstanda imkanlarım, evim-işim var. Bank hesabım var ki, oradakı puluma da toxuna da bilmirəm. Onların qanunlarına görə, hesablarımdan pulu ancaq mən çıxara bilərəm. Həyat yoldaşımın və ya anamın etibarnamə ilə çıxarması mümkün deyil. Ya da gərək mən ölüm ki, yaxınlarım ölüm kağızı aparıb hesabımdan çıxarış edə bilsinlər…" Məsələni araşdırmaq üçün Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, dövlət reyestr məlumatlarına və sənədlərə əsasən "Azavrocom" MMC-nin rəhbəri Əlizadə Rəşad Fikrət oğludur. Vergi ödəyicisi olan "Azavrocom" MMC vergi öhdəliklərini AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu yaranıb, vergi orqanları tərəfindən verilən müvafiq bildirişlərə və xəbərdarlıqlara baxmayaraq, vergi ödəyicisi yaranan borc məbləğini ödəməyib: "MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin qurumun rəhbəri — Əlizadə Rəşad Fikrət oğlunun ölkədən getmək hüququnun məhdudlaşdırılıb. Məsələ ilə bağlı R.Əlizadə tərəfindən məhkəmə mübahisələndirilməsi aparılıb, məhkəmə vergi orqanlarının tələblərini təmin edib". Müəmma davam edir… sputnik.az Geri qayıt |