Əsas Səhifə > Siyasət, Manşet > Nazirlikdə qeyri-müəyyənlik

Nazirlikdə qeyri-müəyyənlik


17-10-2017, 08:54
Nazirlikdə qeyri-müəyyənlik
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılmasından doqquz ay ötsə də, bu qurum hələ ki tam formalaşdırılmayıb.

Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşlarından biri “Reytinq”ə deyib ki, nazirlikdə yeni təyinatların aparılmamasının bir neçə səbəbi var. Lakin rəsmi izahı budur ki, yeni nazirliyin formalaşdırılması ilə bağı hüquqi məsələlər tam başa çatdırılmayıb. Baxmayaraq ki, dövlət başçısı bu barədə sərəncam imzalayarkən hökumətə iki ay vaxt verərək, bu müddətdə yeni nazirliyin Əsasnaməsini hazırlamağı tapşırıb.

Qeyd edək ki, həmin sərəncamla Nazirlər Kabinetinə yeni nazirliklə bağlı normativ hüquqi aktların uyğunlaşdırılmasını üç ay müddətində təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək həvalə olunub.

Eyni zamanda Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlayıb, icrası barədə beş ay müddətində dövlət başçısına məlumat vermək tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir.

Diqqətə çatdırırıq ki, sərəncamın tam icrası üçün qoyulan 5 ay müddət iyunun 13-də başa çatıb. Ancaq aradan əlavə 4 aydan çox vaxt keçməsinə baxmayaraq, yeni nazirliyin tam formalaşdırılması hüquqi baxımdan başa çatdırılmayıb.

Onu da xatırladaq ki, ötən həftə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iş qaydası və yeni Əsasnaməsini təsdiqləyib.

Nazirlik əməkdaşı bildirib ki, Nazirlər Kabinetinin Əsasnaməsinin təsdiqlənməsindən sonra növbə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çatacaq. Mənbə qeyd edib ki, Əsasnamə təsdiqləndikdən sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müavinləri təsdiqlənəcək:

“Əvvəlki Əsasnaməyə görə, nazirin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və iki müavini var. Yəni birinci müavin Əli Abdullayev, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin simasında cəmi 3 müavin postu nazirlik üzrə təsdiqlənib. Yeni Əsasnamədə biri nəqliyyat üzrə olmaqla, müavinlərin sayının 4 olacağı deyilir. Bütün hallarda hazırda nazir müavini vəzifələrini icra edən müavinlərlə 4-cü müavinin təyinatına da yeni Əsasnamənin təsdiqlənməsindən sonra baxılacaq”.

Məlumatlı şəxs Ziya Məmmədovun keçmiş müavini Musa Pənahovun Ramin Quluzadəyə müavin təyin edilməsi xəbərinə belə reaksiya verib:

“Nazir müavinləri təyinatı ölkə başçısının sərəncamı ilə həyata keçirilir.

İkincisi, nazirliyin yeni Əsasnaməsi də təsidq edilməyib. Əgər təsdiq edilməyibsə və Prezident sərəncamı yoxdursa, Musa Pənahov necə nazir müavini ola bilər? Şəxsən mən Musa Pənahovun müavin təyinatı xəbəri çıxandan bu günədək bir dəfə də olsun, onu bizim nazirlikdə görməmişəm. Belə bir dəyişiklik baş versəydi, bu, o zaman yeni nazirliyin 9 aydır hələ də adı dəyişməyən və köhnə adla - “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”nin rəsmi veb-saytı kimi göstərilən - mincom.gov.az saytında da əksini tapardı. Ancaq orada da nazirin birinci müavini və digər iki müavinin adı var. Demək ki, hələ 4-cü müavin məsələsi də sual altındadır”.

Ehtimal olunur ki, ən uzağı gələn ayın 20-dək nazirliyin yeni Əsasnaməsinin təsdiqi ilə müavinlərin təyinatı haqqında sərəncamlar verilə bilər:

“Çox güman ki, bundan sonra Ramin Quluzadə nazirlikdə boş qalan vəzifələrə təyinat həyata keçirəcək. Baxın, təxminən 2 ildir nazirliyin Aparat rəhbəri vəzifəsi boşdur. Eyni zamanda, bir neçə şöbə, sektor müdiri, hətta bəzi idarələrin rəis vəzifələri də yeni sahiblərini gözləyir. Düzdür, bəziləri həmin vəzifələri hazırda icra edən şəxslərin o postlara təsdiq ediləcəklərini düşünür. Amma mən bu fikirlərlə razılaşmıram. Əksinə, nazir belə iddiada olanları və ya ondan vəzifə xahişi etdirənləri daha tez “vurur”. Ardıycan da, qəfil qərar verib, adatən kənardan kimisə vəzifəyə gətirir. Özü də sələflərindən fərqli olaraq, o, bir çox qovşaq və ya poçt filiallarına rəis təyinatında yerli icra başçılarının rəyini nəzərə almayıb. İndiyə qədərki təyinatları belə edib. Əminəm ki, bundan sonra da belə olacaq”.

Geri qayıt