Əsas Səhifə > Siyasət, Manşet > Yaşlı anası gömrük məmurundan narazılıq edir

Yaşlı anası gömrük məmurundan narazılıq edir


2-10-2017, 09:18
Yaşlı anası gömrük məmurundan narazılıq edir
Səbail rayon sakini 72 yaşlı Alya Təmrazovanın 7 illik çiləsi bitmək bilmir. Bu illər ərzində müraciət etdiyi bütün dövlət qurumlarından gördüyü laqeydlik, onu ömrünün son illərində intihar həddinə çatdırıb. Hətta buna ilk cəhdini də edib. Amma müəyyən formalarda qarşısı alınıb. “Cümhuriyət” qəzetinə növbəti müraciətində problemin qarşısında aciz qaldığını deyən qadın artıq çıxış yolunu özünə qəsddə görür. Qeyd edək ki, Aliyə Təmrazovanın yeganə oğlu Həsən Sultanzadə onun 4 otaqlı mənzilini ələ keçirmək üçün ssenari qurub. Bu ssenari əsasında da 72 yaşlı qadını qanunsuz olaraq “dəlixana” ya saldırmaq üçün hüquq-mühafizə orqanları və tibb işçiləri ilə birgə plan qurub.

Ana oğlu Həsən Sultanzadə tərəfindən iki dəfə psixiatriya xəstəxanasına salınıb. Elə onun iştirakı ilə mənzilində oğurluq baş verib. Külli miqdarda ziyana düşüb. Günahkarların cəzalandırılması, pozulmuş hüquqlarının müdafiəsi üçün 7 ildən artıqdır ki, mübarizə aparır. Bu illər ərzində 72 yaşlı ananı çöllərə salanlar barəsində heç bir tədbir görülməyib. Aliyə Təmrazova deyir ki, artıq onun işinə Baş Prokurorluq tərəfindən 9-cu dəfə xitam verilir: “Təsəvvür edirsiniz, bu nə deməkdir? Bu biabırçılıqdır. 7 ildir ki, hüquq-mühafizə orqanları hamıya bəlli olan oğrunu da müəyyən edə bilmir. Avropa ölkələrində kimsəsiz itlərin də hüquqları qorunur. Amma bizim ölkədə 35 il müəllimlik edən, 72 yaşlı, II qrup əlil ananın 7 ildir ki, hüquqları pozulduğu halda hüquqi həlli tapılmır.

4 yaşından atasız böyütdüyüm, onu tək boya-başa çatdırdığım, hər bir ehtiyacını təmin etdiyim, ali təhsil verdiyim, işlə təmin etdiyim nankor oğlum DGK İstintaq İdarəsinin rəis müavini Həsən Sultanzadə və onun həyat yoldaşı Ağayeva Məlahət ilə 2007-ci il yanvar ayından, evlənəndən sonra mənimlə birlikdə yaşamayıblar. Əmlakımı və şəxsi əşyalarımı ələ keçirmək məqsədilə, tam şəkildə sağlam olduğum halda oğlum Həsən Sultanzadə, onun əmisi oğlu Fövqəladə Hallar Nazirliyinin zabiti Murad Sultanzadə və oğlumun həyat yoldaşı 19 sentyabr 2010-cu ildə polis və həkimlərlə əlbir olaraq, məhkəmənin qərarı olmadan, məni qanunsuz olaraq küçədən oğurlayıb, Maştağadakı 1 saylı psixatriya xəstəxanasına yerləşdiriblər. Evə qayıtdıqdan sonra isə mənzilimin talan edildiyini gördüm. O dəqiqə 9-cu Polis bölməsinə gedib şikayət etsəm də bir il ərzində hadisə yerinə baxış keçirilməyib və izlər götürülməyib. 7 ildir ki, üz tutduğum instansiyalardan eyni cavabı alıram. Fakt təsdiqini tapmayıb... Anlamıram cinayətkarı müəyyən etmək belə çətindir? 36 məhkəmə iddiası hansı “müayinəyə” aid olduğunu bu günədək prokurorluq “müəyyən” edə bilmir. Bu illər ərzində prokurorluq tərəfindən heç bir istintaq hərəkətləri aparılmayıb. Əksinə, mənim işimi süründürməçiliyə salıb, axırıma çıxmaq niyyətindədirlər. Hazırda bu cinayət işləri üzrə Bakı şəhər prokurorluğu tərəfindən 9-cu dəfə qanunsuz, qeyri-obyektiv qərar qəbul edilərək, xitam verilib. Bilirəm ki, Bakı Şəhər Prokurorluğunun qərəzli, qeyri-obyektiv, qanunsuz qərarları Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən 3 dəfə ləğv olunub. Baş prokuror Zakir Qaralovun etirazlarıma baxmayaraq, hüquqlarımı pozaraq, 4-cü dəfə bu cinayət işini Bakı Şəhər Prokurorluğuna yenidən həvalə etməsi isə hansı məqsədlərdən xəbər verir, göz qabağındadır. Bu hərəkəti ilə o, xalqa necə “xidmət etdiyi”ni təsdiq edir”.

Onu da qeyd edək ki, Alya Təmrazova ədalətin bərpa olunması ilə bağlı ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, baş nazir Artur Rasizadəyə, Milli Məclisin sədri Oqtay Əsədova, Prezidentin hüquq-mühafizə orqanları üzrə dövlət müşaviri Fuad Ələsgərova, Ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova, İnsan Hüquqları Müdafiəçisi (Ombudsman) Elmira Süleymanovaya açıq məktubları ünvanlayıb.

Geri qayıt