Əsas Səhifə > Siyasət, Manşet > Bahalaşmanın əsas nədəni elə uğursuz aqrar siyasətdir...
Bahalaşmanın əsas nədəni elə uğursuz aqrar siyasətdir...19-09-2017, 09:06 |
Son illər ölkədə pambıqçılığın inkişaf etdirilməsi xətti götürülüb. Prezident İlham Əliyev 13 iyul 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icra olunmasını təsdiqləyib. Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişafı, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Bunlar pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması, pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, pambıqçılıq məhsullarının ixracının təşviqi, pambıqçılıqda kooperasiyanın inkişafıdır. Dövlət Proqramının icrasından ciddi nəticələr gözlənilir. Belə ki, proqramın həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaqdır. Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaqdır. Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək. Bəs reallıqda vəziyyət necədir? Müvafiq qurumların hazırkı yanaşma və üsulları ilə qarşıya qoyulan hədəflərə çatmaq mümkündürmü? Onu da nəzərər çatdıraq ki, Nazirlər Kabinetinin son iclasında pambıq və pambıq lifi ixracının artdığı bildirilib. Amma problem ondadır ki, müvafiq qurumların pambıqçılıqla bağlı yanlış siyasəti kənd təsərrüfatının digər sahələrində çətinliklər yaradıb. Bu səbəbdən də pambıqçılığın inkişafından hələ ki, proqnoza uyğun iqtisadi gəlir əldə edilmir. Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Reyting.az-a deyib ki, hökumət pambıqçılığa necə yönəlibsə, kənd təsərrüfatının daha önəmli sahələri geriləyib. Onun sözlərinə görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana ərzaq malları, qida məhsulları idxalı ciddi şəkildə artıb: “Ölkə əhalisinin alıcılıq qabiliyyəti aşağı düşdüyü bir zamanda əksər mal qrupları üzrə idxalda artım var. Bu, daxili istehsalın ciddi azalması ilə əlaqədardır”. Vahid Məhərrəmov qeyd edib ki, daha çox artım heyvandarlıq məhsullarında özünü göstərir. Belə ki, 2016-cı ilin 8 ayı ərzində ölkəyə 20,3 milyon dollar dəyərində ət, 61,3 milyon dollar dəyərində süd və süd məhsulları, 14,9 milyon dollar dəyərində kəsim üçün diri heyvanlar idxal olunmuşdursa, 2017-ci ilin 8 ayı ərzində ət idxalı 2,2 dəfə artaraq 42,9 milyon dollar, süd və süd məhsulları idxalı 36 faiz artaraq 83, 4 milyon dollar, kəsim üçün diri heyvanların idxalı isə 74 faiz artaraq 25,9 milyon dollar təşkil edib. Ekspert bildirib ki, aparılan yarıtmaz siyasət nəticəsində heyvandarlıq məhsullarının idxalı artır, istehsalı azalır: “Son 2 ildə 150 min hektar örüş və təbii biçənək ərazilərini əkinə verdilər, 20 min hektar çoxillik yem bitkisi (yonca) sahəsini ləğv etdirib yerində pambıq əkdirdilər. Nəticədə ümumi pambıq istehsalı nisbətən artsa da, heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı”. Müsahibimiz qeyd edib ki, 2016-cı ilin 8 ayı ilə müqayisədə bu il pambıq ixracından əlavə 21,2 milyon dollar vəsait əldə olunduğu halda, eyni müddət ərzində heyvandarlıq məhsulları idxalı üçün əlavə 55,7 milyon dollar vəsait xərclənib. Yəni, pambıqdan gələn gəlirdən 2,6 dəfə çox heyvandarlıq məhsullarının idxalı üçün ölkədən valyuta çıxarılıb. Ekspert vurğulayıb ki, keçən il pambığın məhsuldarlığı son 5 ildə ən aşağı səviyyəyə düşüb – hektardan 17,3 sentner məhsul əldə olunub. V.Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatının digər sahələrindən diqqətin yayınması ciddi fəsadlar yaradıb. “Avqust ayında ölkəyə gətirilən kərə yağının qiymətində ciddi artım olub. Bir kiloqram kərə yağının idxal dəyəri əvvəlki aya nisbətən 1,5 dollar, yəni 30 faiz bahalaşıb. Bu arada dünya bazarında pambığın qiyməti 20 faiz ucuzlaşıb. Hakimiyyətin uğursuz pambıq siyasətinin iflası qalsın bir yana, ölkənin ərzaq təhlükəsizliyində əhəmiyyətli payı olan heyvandarlıq sektoru sıradan çıxmaq üzrədir. Naşılar örüş, təbii biçənək, yonca sahələrini pambıq əkini üçün şumlatdılar, əvəzində heyvanların normal qidalanması üçün yem bazası yarada bilmədilər. Nəticədə heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı, idxal isə artdı. Bu səbəbdən də ət və ət məhsullarının, süd və süd məhsullarının qiyməti bahalaşıb və bahalaşmaqda davam edəcək”, - deyə ekspert fikrini tamamlayıb. Geri qayıt |