Əsas Səhifə > Siyasət, Manşet > Balakən gömrüyündə özbaşınalıq

Balakən gömrüyündə özbaşınalıq


15-09-2017, 09:52
Balakən gömrüyündə özbaşınalıq
Bakı sakini Əkrəm Hüseyn Balakən Sərhəd-Keçid Məntəqəsindən şikayətçidir.

Cebhe.info-ya bu barədə müraciət edən vətəndaşın sözlərinə görə, xəstəliyi ilə əlaqədar tez-tez müalicə üçün İrana gedib-gəlsə də, hələ belə problemlə qarşılaşmamışdı.

Şikayətçi Əkrəm Hüseyn bildirir ki, indiyədək dəfələrlə İrandan öz müalicəsi üçün dərmanlar alıb gətirib:

"Mən səhhətimlə bağlı 3 ildən çox olar ki, İrana gedib müalicə alıram və oranın reseptinə uyğun olaraq, oradan dərmanlar alıb gətirirəm. Adətən bu dərmanlar 6-7 aylıq olduğu üçün çox olur, amma heç vaxt buna görə problem yaşamamışam. Bu səfər də müalicə üçün getdim Təbrizə. Həkim yoxlanışından sonra lazım olan dərmanları aldım və təxmini olaraq, 2 saat orda qaldıqdan sonra Türkiyəyə yola çıxdım. Türkiyə postunda dərmanların niyə belə olduğunu soruşdular və mən də təbii olaraq izah etdim. "Tamam geçmiş olsun, biz seni yormayalım." deyərək məni yola saldılar. 1 həftə Türkiyədə qaldıqdan sonra artıq Azərbaycana qayıdarkən, yenə Türkiyə ilə Gürcüstan sərhədində gürcülər dərmanları yoxladı. Mən də yenə təbii olaraq, izah elədim və məni düzgün bir şəkildə yola saldılar. Oradan Tiflisə, sonra da Balakənlə həmsərhəd olan Laqadexə gəldik."

Əkrəm Hüseyn Türkiyə və Gürcüstan sərhədləri rahatlıqla keçsə də, Azərbaycan gömrükçüləri heç bir səbəb göstərmədən öz vətəndaşımıza maddi ziyan vurublar:

"Sərhəddə çatdıq və Gürcüstan tərəfdən demək olar ki, 5 dəqiqəyə keçdik. Azərbaycan tərəfdə isə yenə həmişəki kimi uzun və dağınıq bir sıra. Bir neçə yoxlanışdan sonra dedilər ki, dərmanları keçirə bilməzsən. Mən etiraz etdikdən sonra bir nəfər çağırdılar və bu adam məni apardı "rəis"in yanına. Dərmanları "rəis"ə göstərdi və nəsə danışdılar, amma mənə içəri girməyə icazə vermədilər."

Vətəndaş bildirir ki, heç bir qanuni səbəb göstərilmədən ona dərmanları Azərbaycan ərazisinə keçirməyə icazə verməyiblər:

"Son nəticə o oldu ki, mən dərmanları keçirə bilmərəm, geri Gürcüstana keçirərək orda atmalıyam sonra gəlməliyəm. Ordakılara izah etməyə çalışdım ki, mən bu dərmanları 2 ölkəni gəzdirərək gətirmişəm, heç bir ölkə heç nə demir və hələ bundan əlavə olaraq, 3 ildi mən bunları gətirirəm və istifadə edirəm. Mən bu dərmanları almaq üçün aylarla işləyib əziyyət çəkib pul yığmışam ki, hardasa yıxılıb ölməyim. Bunu bunlara izah edə bilmədim. Axırda ordakı həkim dedi ki, neyləyək belədi. Sənin dərmanın elədi ki, bu ölkəyə girişi ola da bilər olmaya da. Yəni "rəis" istəsə deyər keç, istəməsə də belə olmaz deyər."

Bundan sonra zərərçəkən vətəndaş geriyə Gürcüstana qayıdıb. Əkrəm Hüseynin sözlərinə görə, gömrükçülərdən dərmanın ölkəyə buraxılmaması ilə bağlı rəsmi sənəd istəsə də, ona heç nə təqim olunmayıb.

Geri qayıt