Əsas Səhifə > Siyasət, Manşet > Bakı Nəqliyyat Agentliyi aciz qalıb?

Bakı Nəqliyyat Agentliyi aciz qalıb?


8-09-2017, 09:17
Bakı Nəqliyyat Agentliyi aciz qalıb?
Bakıda marşrut avtobuslarının fəaliyyəti ilə bağlı narazılıq artmaqdadır.Sərnişinlər mənzilbaşına vaxtında çatmaq üçün marşrut tapa bilmədiklərindən şikayətlənirlər.Xüsusən, Bakıətrafı qəsəbələrə işləyən marşrutların interval problemi sərnişinləri təngə gətirib.Sərnişinlər əsasən avtobuslar arasında intervalın həddindən artıq çox olmasından gileylənirlər.Hətta elə marşrut var ki, onların arasındakı interval yarım saatdır.Axşam saat 9-dan sonra isə həmin xətdə marşrutu görmək mümkün deyil.

Söhbət Hövsan qəsəbəsindən Suraxanı rayonuna işləyən 161 nömrəli marşrutdan gedir ki, həmin avtobuslarda interval 20-30 dəqiqədir.Bu marşrutdan gileylənən sərnişinlərin çoxsaylı şikayətlərinə, etirazlarına məhəl qoyulmur.161 nömrəli marşrut avtobuslarının problemi təkcə gec gəlməsi deyil.Bu avtobuslar həm də həddindən artıq köhnə, yararsızdır, oturacaqları, salonu bərbad vəziyyətdədir.Bu xətdə işləyən avtobuslar o qədər köhnədir ki, mənzilbaşına qoyulan vaxtdan çox gec çatır.

Bakı Nəqliyyat Agentliyi aciz qalıb?

İnterval problemi təkcə Bakıətrafı qəsəbələrə işləyən marşrutlarda deyil, eləcə də paytaxtın müxtəlif ərazilərinə istiqamətlənən avtobuslarda da mövcuddur.30, 46, 2 və digər marşrutlarda da interval həddindən artıq böyükdür.Son zamanlar 2 nömrəli marşrutun hərəkətində xeyli gecikmələr müşahidə edilir.Bu gecikmə bəzən 22-30 dəqiqəyə çatır.Bu halda isə avtobusun içərisində sıxlıq müşahidə olunur.30 nömrəli marşrutda problem isə başqadır.Bu marşrutu axşam saatlarında tapmaq mümkün olmur.Avtobus öz dayanacağına gəlsə də, sərnişin götürmür, oradan birbaş öz qarajına gedir.46 nömrəli marşrutun əsl intervalı 5-7 dəqiqə olsa da, bu avtobuslar da dayanacağa vaxtından geç gəlib çıxır.Digər narahat edən problem isə marşrutların normadan artıq sərnişin götürməsidir.Ən çox sıxlıq səhər saatlarında olur, avtobusun salonunda nəfəs almaq mümkün olmur.Bunun da səbəbi ilk öncə gecikmələrdir.

Ekspertlər hesab edir ki, avtobusların interval problemi sərnişindaşıma sistemindəki yanlışlıqlarla bağlıdır.Çünki bilavasitə interval məsələsini sahibkarlar əhalinin sıxlığına görə təyin edirlər.Belə ki, sahibkar avtobus sayına görə interval cədvəlini müəyyənləşdirib, aidiyyatı qurumlara təqdim edir.Onlar isə bu cədvəli bir növ təsdiqləmiş olurlar.Beləliklə də bu yanlış sistem fəaliyyətə keçir və əziyyət çəkənlər sərnişinlər olur.Görünən odur ki, intervalı böyük olan avtobusların sayı həddindən artıq azdır.Ona görə də sərnişinlər gün ərzində bu cür problemlərlə qarşılaşmalı olurlar.

Marşrut avtobusları ilə bağlı ən böyük problem odur ki, şirkət sahibləri qarşısında qanunvericilik konkret məsuliyyət müəyyən etməyib.Bundan əlavə, yüksək kateqoriyalı avtobus sürücüləri çox azdır.Bəzi sürücülər sürücülük vəsiqəsini rüşvət və ya tanışlıq yolu ilə aldığından avtobusu normal idarə edə bilmirlər.

Ekspertlərin fikrincə, marşrut avtobuslarının fəaliyyətini tənzimləmək üçün ilk növbədə tıxacları aradan qaldırmaq lazımdır.

Bakı Nəqliyyat Agentliyi aciz qalıb?

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Mais Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, intervala təsir edən amillər var:

“Yollarda tıxacın olması bəzi yerlərdə aparılan təmir işlərindən də asılıdır. Amma belə süni şəkildə intervalın artırılması halı olanda biz onun aradan qaldırılmasına nail oluruq və tədbir görülür ki, bir də belə hal təkrarlanmasın”. 2 nömrəli marşrutda baş verən gecikmələrə gəlincə, Mais Ağayev deyib ki, bu marşrutun keçdiyi xətt boyunca tıxaclar mütəmadi olaraq olur: “Əsasən isə Dərnəgül tərəfdə qazıntı gedir deyə əlavə tıxac yaranır. Biz yenə də qeyd olunan xətlər üzrə daşıyıcılara tapşırıq verəcəyik ki, belə hallar olmasın.Bir sözlə, interval problemi avtobus sayından çox yollardakı vəziyyətlə əlaqəli olur”.

Geri qayıt