Əsas Səhifə > Siyasət, Manşet > Elmar Vəliyev müəllimlərin maaşlarına göz dikib?

Elmar Vəliyev müəllimlərin maaşlarına göz dikib?


31-08-2017, 08:25
Elmar Vəliyev müəllimlərin maaşlarına göz dikib?
Bizimxeber.az-a Gəncə şəhəri, 10 saylı məktəbin bir qrup müəllimi tərəfindən olduqca ilginc müraciət daxil olub.

Müraciətdə iddia olunur ki, icra başçısı Elmar Vəliyevin göstərişi ilə müəllimlərdən pul yığılır.

İlk öncə bildirək ki, yazıda adı keçən hər kəsin mövqeyini ışıqlandırmağa, mövqeyini eşitməyə hazırıq.

Bir neçə vaxtdır ki, adı Kütləvi İnformasiya Vasitələrində davamlı olaraq mənfi hallandırılan Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyevanın özbaşına hərəkətlərinə son qoyan tapılmır.

Bir vaxtlar deputat Hadı Rəcəbli təklif edirdi ki, müəllimlər işdən sonra dolana bilmirsə, gedib hörgü hörsün, daş daşısın, fəhləlik etsin. Əmək məcəlləsinə görə hər bir vətəndaş həftə ərzində 42 saat işləməlidir.

Bundan artıq iş günü ola bilməz. Hadı müəllim deyirdi ki, orta əsrlərdəki kimi müəllim gündə 17 saat işləsin.

Dövlətin vəzifəsi hər kəsi işlədiyi sahədə kifayət qədər maaş verərək ailəsini və özünü dolandırmaq üçün şərait yaratmaqdır.

Hadı müəllimin dedikləri əmək qanunvericiliyində bütün prinsipləri pozmaq və insan əməyinin istismarı demək idi.

Amma Gəncə şəhər Təhsil İdarəsində Hadı müəllimin təklifini bir qədər modernləşdiriblər. Belə ki, biz müəllimlər 28 avqustda işə çıxan kimi, məktəbimizin qalmaqallı direktoru Arzu Əliyeva hamıya bildirdi ki, dünən bütün direktorları Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov iclasa yığıb. İclasda Zakir Hüseynov bildirib ki, Gəncə şəhərində gedən abadlıq işləri ilə bağlı cənab başçı Elmar Vəliyev bizim də üzərimizə bəzi tapşırıqlar qoymuşdur.

Gəncə şəhərində bir neçə yaşayış binasının dam örtüyünü, habelə üzlüklərini biz təmir etməliyik.

Ona görə də müəllimlərdən pul yığmaq lazımdır. Daha sonra Arzu Əliyeva bildirdi ki, hər bir müəllim təcili olaraq 20 manatdan pul verməlidir.

Apardığımız araşdırmalarla öyrəndik ki, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov deyib ki, abadlıq işləri ilə bağlı hər bir məktəb direktoru, baxça müdiri və təhsillə bağlı rəhbər şəxslər 200 manat pul verməlidir. Direktor Arzu Əliyeva isə bu abadıq adı altında qazanmaq istəyir. Məktəbin hər bir müəllimindən və texniki işçilərindən məcburi qaydada 20 manatdan yığanda 1600 manatdan çox pul edir. Bunun da 200 manatı abadlıq adı altında Zakir Hüseynova verilir, yerdə qalan 1400 manatdan artıq pul isə direktor Arzu Əliyevaya qalır.

Ona görə də hamıdan məcburi şəkildə, hədə qorxu ilə pul yığmaq Arzu xanım üçün sərf əlidir və bu pulun yığılması üçün xüsusi canfəşanlıq göstərir.

Bu hərəkət iqtisadi vəziyyətin belə bir çətin vaxtında, qəpik-quruşla dolanan müəllimlərin cibinə girmək deyilmi?

Müəllimin vəzifəsi dərs keçməkdir, yoxsa aldığı qəpik-quruş maaşdan balalarının boğazından kəsib bina təmir etmək?

Bu ölkənin təhsil naziri Mikayıl Cabbarov hara baxır? Nə vaxta kimi Arzu Əliyeva kimilərinin haqqında bir tədbir görən olmayacaq?

Məlumat üçün bildirək ki, tapşırıq icra başçısının birinci müavini Elnur Rzayev tərəfindən verilib. Bildirilir ki, E.Rzayev Gəncəni rəsmən idarə edir və böyük biznes şəbəkəsini himayəsində saxlayır.

Geri qayıt