Əsas Səhifə > Siyasət, Manşet > Elmar Vəliyev nədən qanunlara ayaq uydurmur?
Elmar Vəliyev nədən qanunlara ayaq uydurmur?31-07-2017, 09:30 |
Ölkə başçısının tapşırığından sonra Respublikanın müxtəlif şəhər və rayonlarında yaşıllıqları məhv edənlərə qarşı sərt tədbirlər görülməkdədir. Prezident hər dəfə ölkənin ekoloji durumu ilə bağlı fikirlərini bölüşəndə xatırladır ki, heç kim ağacları kəsməməli yaşıllıqlara ziyan vurmamalıdır. Son günlər Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər nazirliyi yaşıllıqları məhv edən, ağacları qanunsuz yolla kəsənlərə qarşı sərt tədbirlər görür. Bu mənada bir neçə nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi və bəzilərinin barəsində araşdırmaların başlanması buna missal ola bilər. Lakin, verilən tapşırıq və görülən tədbirlər bəzi məmurları qanunsuz əməllərindən çəkindirməyib. Bu mənada Respublikanın ikinci böyük şəhər olan Gəncədə yaşıllıqların məhv edilməsi davam edir. Realliq.info qeyd edir ki, şəhərin icra başçısı Elmar Vəliyevin şəxsi maraqlarına qurban verilən yaşıllıqların yerində obyektlər tikilməkdədir. Maraqlıdır ki, Elmar Vəliyev Prezidentin tapşırıq və tövsiyyələrinə məhəl qoymayaraq illərlə böyük zəhmət hesabına əmələ gəlmiş parkları da dağıtmaqdadır. Gəncə şəhər, Kəpəz rayon icra hakimiyyətinin binasının qarşısındakı parkda baş verənlər şəhər sakinlərinin etirazına səbəb olub. Elmar Vəliyevin tapşırığı ilə parkın Gəncə çayı sahili boyunca olan yaşıllıqlar məhv edilərək yerində obyektlər tikilməkdədir. Həmin parkda iri ağacların kəsilməsinə gəncəlilər biganə qalmır. Realliq.info – ya müraciət edən şəhər ziyalıları bildirir ki, həmin parkda 50 -60 yaşı olan ağaclar belə kəsilib. Ağacları kəsərək parkın ərazisində obyektlər və evlər tikilir: “Prezident bir neçə gün öncə yenə qeyd etdi ki, ağacları kəsmək olmaz. Ağacları kəsənlərə, yaşıllıqları qanunsuz məhv edənlərə qarşı qanunla sərt cəzalar verilməlidir. Lakin Gəncənin icra başçısı buna məhəl qoymur. Onun torpaq satışı ilə məşğul olan adamı Gəncə memarlıq və şəhərsalma şöbəsinin rəisi olan Məharət Mustafayev qanun tanımır. Parkın Gəncə çayına baxan hissəsi tamamilə məhv edilib. Kim Məharət Mustafayevə sotuna 6 min manat verirsə məsələ bitir. Yəni gecə ilə parkın yaşıllığı məhv edilərək satılır”. Gəncəlilər onu da qeyd edir ki, şəhərin bir sıra ərazilərində kütləvi torpaq satışı həyata keçirilir. Qanunsuz sərəncamlarla satılan torpaqların haqqı isə Məharət Mustafayevə verilir. Digər maraqlı məqam ondan ibarətdir ki, Məharət Mustafayev bəzi vətəndaşlardan əvvəlcədən rüşvət alaraq onlara torpaq verəcəyini vəd edib. Lakin vətəndaşlar hər gün Mustafayevin qəbuluna getsələr də istəklərinə çata bilmirlər. Elmar Vəliyevin Gəncənin bəlasına çevirdiyi Məharət Mustafayevin yaxın keçmişinə nəzər salanda məlum olur ki, bu məmur qanunsuz əməlləri ilə daim diqqət mərkəzində olub. Realliq.info saytının araşdırmalarına görə sabiq başçının hələ 3 il öncə Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi. Məharət Mustafayev bu kimi qanunsuz əməllərindən sonra cəzalandırıldı. Prezidentin sərəncamı ilə Nizami rayon icra başçısı vəzifəsindən qovulan məmurun sonralar gəncəlilərə başağrısı olmayacağı düşünülürdü. Lakin sən demə Elmar Vəliyev Prezidentin tapşırıqlarına da məhəl qoymur. Çox keçmədi ki, Gəncənin meri hamının qəzəbini qazanan Məharət Mustafayevi şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisi təyin etdi. Qalmaqallı hərəkətləri ilə ad çıxaran Mustafayevin birdən-birə belə vəzifəyə gətirilməsi təəccübə səbəb olub. Onu da qeyd edək ki, icra başçısı vəzifəsini itirsə də Məharət Mustafayev qeyri-rəsmi şəhərin baş memarı vəzifəsini icra edirdi. Respublika Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə barəsində cinayət işi açılan və Prezident tərəfindən vəzifəsindən qovulan məmurun yenidən önəmli sahəyə rəhbər təyin olundu. Bununla da məqsədinə çatan Elmar Vəliyev şəhərdə torpaq biznesinə nəzarəti sərbəst olaraq Mustafayevə tapşırdı. Başqa dillə desək dəllalın heç kimdə olmayan “məharətindən” yararlanmağa davam edir. Realliq.info –ya müraciət edərək baş verən özbaşınalıqlardan bəhs edən vətəndaşlar Prezidentdən kömək istəyirlər. Onlar Elmar Vəlıyevin qanunsuz sərəncamları ilə məhv edilən yaşıllıqların və parkların yenidən bərpa ediləcəyinə ümid edirlər. Ekologiya və Təbii sərvətlər nazirliyinin baş verənlərə münasibətini öyrənməyə çalışdır. Nazirlikdən bildirdilər ki, qeyd olunan faktlar araşdırılır və əlavə məlumat veriləcək. Məsələyə Gəncə şəhər icra hakimiyyətinin münasibətini öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətindən sorğumuza cavab ala bilmədik. Araşdırmalarımız davam edir. Realliq.info Geri qayıt |