Əsas Səhifə > Siyasət, Manşet > "Bunu nazir də oxusun..."

"Bunu nazir də oxusun..."


14-07-2017, 10:18
"Bunu nazir də oxusun..."
“Kaş ki, borca xərcə girib, ev-eşiyimizi satıb başqa ölkəyə aparardıq uşağı... Kaş ki, uşağımız bu cəlladların əlində ölməyəydi. Vəziyyət o həddə çatıb ki, adam sınığa görə də həkimə müraciət etməyə qorxur. Uşağımızın ölümünə səbəb olanların cəzalandırılmasını istəyirik”.

Qəbələ rayonu, Qaradeyin kənd sakini Qoşqar Mehralıyev 9 yaşlı oğlu Seymurun ölümünün səbəblərinin araşdırılmasını tələb edir.

Bir müddət əvvəl balaca Seymur yıxılaraq qolunu qırıb. Valideynləri onu sınıqçıya aparıblar. Lakin müsbət nəticə almayanda bu il iyulun 10-da Ağdaş Mərkəzi rayon Xəstəxanasına müraciət ediblər. Burada xəsarət alan uşağa sağ said sümüyünün sınığı diaqnozu qoyulub. Elə həmin gün xəsarətli uşaq əməliyyata hazırlanıb, lakin əməliyyat masasına götürülərkən ölüb. Valideynlərin iddiasına görə, uşağa yüksək dozada narkoz verilməsi ölümə səbəb olub.

DİA.AZ-ın məlumatına görə, valideynləri qəzəbləndirən də odur ki, həkimlər əvvəlcə ölümün günahını onların özündə "axtarmaq" istəyiblər. Ata davam edir: “Mənim uşağımın qolunda qanqrena olmayıb ki, o səbəbdən ölsün. Uşağın ürəyi dayanıb. Səbəb də narkozun normadan artıq verilməsidir. Bunu oradakı həkimlər də təsdiqlədilər. Ürəyin sınmış qolla nə əlaqəsi var? Narkoz veriləndən bir neçə dəqiqə sonra uşağın ürəyi dayanıb, başa düşürsüz? Ürəyi... Narkoz verildi, aparılırdı ki, əməliyyat olunsun, ürəyi dayandı. Bunu nazir də oxusun, uşağımın ürəyi da-yan-dı. Bu ürək dayanmasının da sınıqla heç bir bağlılığı yoxdur, söhbət narkoz və ürəkdən gedir”.

Qeyd edək ki, faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Geri qayıt