Əsas Səhifə > Siyasət, Manşet > “Azərsun”un yarım ton leş ət qalmaqalı haqda sensasion iddialar

“Azərsun”un yarım ton leş ət qalmaqalı haqda sensasion iddialar


17-06-2017, 09:26
“Azərsun”un yarım ton leş ət qalmaqalı haqda sensasion iddialar
“Elba” MMC-nin Daşkəsəndə yerləşən anbarında leş və murdar ət aşkarlanmasından sonra növbəti qalmaqal ölkənin ən böyük yeyinti müəssisəsi olan “Azərsun” holdinqdə yaşanır.

Üç qurum çaşqınlıq içində

“Gündəm-Xəbər”in məlumatına görə, ötən həftə şirkətin Xaçmazdakı “Qafqaz” konserv zavoduna mənşəyi bilinməyən ət məhsullarının aparılarkən saxlanması böyük səs-küy doğurub.

“Azərsun” holdinqin yarım ton mənşəyi bilinməyən əti hansı məqsədlə, hansı məhsullara istifadə edəcəyi barədə müfəssəl bilgilər verilmir.

O da istisna deyil ki, bu günə qədər tonlarla belə ət məhsulları holdinq tərəfindən alınaraq müxtəlif qida məhsullarında istifadə edilib.

Ancaq bu dəfə işin üstünün açılması həm holdinqi, həm Dövlət Baytarlıq Xidmətini, həm də Kənd Təsərrüfatı Nazirliyini çaşqın vəziyyətə salıb.

Hətta “Azərsun” rəhbərliyi DBX ilə həmrəy olaraq məsələnin ört-basdır olunması üçün dəridən-qabıqdan çıxır, bu məsələni ictimailəşdirən media ilə danışıqlara gedərək rəzalətin gizlədilməsinə can atır. Ancaq ortalıqda böyük bir reallıq var və heç bir qurum bu faktdan qaça bilməz.

Danılmaz bir reallıqdır ki, Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib.

Bu zavod da “Azərsun”a məxsusdur və ölkənin ən böyük yeyinti istehsal edən bir holdinqin xalqa nə yedirdiyi bu faktla məlum olur.

İnsanların və dövlətin etibarından sui-istifadə edən holdinq özünü adi sexlər, əhaliyə leş ət yedirən kiçik firmalar kimi aparmaqdadır.

Prezidentin və əhalinin daim diqqətində olan bir şirkətin murdar, leş, mənşəyi bilinməyən ətdən istifadə etməsi onun reputasiyasını zədələyib.

Hətta sosial şəbəkələrdə “Azərsun”un mallarının boykot edilməsinə dair çağırışlar var. Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, keyfiyyətsiz və baha məhsullarını xalqa sırımağı azmış kimi, mənşəyi bilinməyən ət məhsulları da dövriyyəyə buraxır.

DBX isə “Azərsun”a qahmar çıxaraq spekulyasiya etməklə holdinqi vəziyyətdən çıxarmağa çalışır.

Baytarlıq Xidməti holdinqə dəstək

“Gündəm-Xəbər”in məlumatına görə, əslində məsələ belə olub: Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.

DBNX-dan verilən məlumatına görə, baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.

İlkin araşdırma zamanı Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlli açıqlamasında bildirib ki, sənədlərin olmadığına görə mənşəyini müəyyənləşdirmək üçün ətdən nümunələr götürülüb:

“Ətlərin “Azərsun”un konserv zavoduna aparıldığı barədə fikirlər mal sahibinə aiddir. Bizim belə bir açıqlamamız olmayıb. Bununla bağlı da araşdırma aparılır.

Bəzi hallarda “Ətin mənşəyi məlum deyil” yazıldıqda, onun sağlam olmaması kimi başa düşülür. Amma mənşəyi məlum olmayan hər əti yararsız adlandırmaq olmaz.

Bu, laboratoriya müayinələrindən sonra məlum olur. Hər mənşəyi bəlli olmayan ət leş deyil. Sənətsiz gəlibsə, biz onu yoxlamalıyıq. Bizim məlumatımızda leş söhbəti yoxdur. Bunu özlərindən yazırlar”.

Göründüyü kimi, Dövlət Baytarlıq Xidmətinin sözçüsü şirkətin dolayısı ilə müdafiəsinə qalxır, həmin ət məhsullarının “Qafqaz” aparıldığını demədiklərini bildirir, hər məşnəyi bilinməyən ət məhsulunun leş ət olmadığını söyləyir.

O zaman açıqlasınlar ki, mənşəyi bilinməyən ətin mənşəyi nədir? Və həmin zavodun da, “Azərsun”un da, DBT-nin də əməkdaşları həmin ətdən istifadə edərmi, ailəsinə bu əti yeməyə apararmı? Yaxşı ət olsaydı həmin məşnəyi bilinməyən əti niyə müsadirə edirdiniz?

Digər tərəfdən saxlanılan həmin şəxsin bu malları hara apardığını açıqlaması yalandan ola bilməz. Ağlı başında olan heç bir şəxs özündən uyduraraq “Azərsun”a ittiham etməz.

Maraqlısı budur ki, holdinq də məsələ ilə bağlı susur və açıqlama vermir. Üstəlik, şirkət bu barədə dərc olunan yazıları mediaya minnətçi düşərək yayımdan çıxardıb.

Bununla belə, hər şey yoxlamaların yekununda məlum olacaq. Ancaq indidən söyləmək olar ki, “Azərsun” zavoduna uzun müddətdir ki, bu ətlərin çatdırıldığı istisna deyil.

Ən dəhşətlisi budur ki, “Elba” MMC-dən sonra “Azərsun”a aid müəssisədə də oxşar hadisənin baş verməsi insanların istehsalat obyektlərinə inamını sarsıdır. Vətəndaşlar bilmirlər ki, hansı şirkətin kolbasa-sosiska məhsullarını alsınlar, hansı firmanın ağartı mallarını yesinlər, hansı obyektin içkisini içsinlər.

Hər addımbaşı vətəndaş aldadılır, genofond məhv edilir, uşaqlara, ailələrə, qida rasionumuza zərbə vurulur.

Bunu nəinki kiçik sexlər, artıq brend olan şirkətlər etməyə başlayıblar. Bundan sonra vətəndaşların hansı şirkətə, holdinqə etibar edəcəyi sual altındadır.

Prezidentin mesajı, deputatın ittihamı - Arayış

“Gündəm-Xəbər”in məlumatına görə, “Azərsun” mallarından uzaq durmaq barədə tez-tez çağırışlar olub. Mətbuatda gedən müxtəlif səpkili yazılarda iddia olunur ki, bu şirkətin məhsulları keyfiyyətsiz, sağlamlığa zərərlidir.

Yada salaq ki, millət vəkili Zahid Oruc qiymət artımında “Azərsun Holdinq”i ittiham edib. Daxili istehsalı məhv edərək, Azərbaycanda böhran baş verməsinin əsas səbəbkarlarından biri olduğunu qeyd edib.

Şirkət də öz növbəsində deputata cavab verərək onu qərəzdə və şirkətə iftira atmaqda və dağıdıcı mövqe nümayiş etdirməkdə ittiham edib.

Yerli istehsal ilə bağlı prezident İlham Əliyev demişdi: “Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır.

Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər.

Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik.

Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”.

Bu iddiaların içərisində ana xətt kimi keçən tezislər işçilərlə əmək müqaviləsi bağlanmamağı, az maaş qarşılığında onların istismar olunmağıdır.

Mediada yer alan xəbərlər arasında şirkətin kütləvi ixtisarlara getməsi, fəhlələrin hüquqlarını pozması ilə yanaşı, maxinasiya faktları da üstünlük təşkil edir.

Növbəti fakt - “Azərsun Holdinq” şirkətinin fabrikləri “ölüm maşını”na çevrilməkdədir. Şirkətin fabriklərində çalışan fəhlələrin həyati təhlükəsizliyinə zəmanət verilmir. Şirkətin minlərlə işçi qüvvəsi var və heç biri ilə əmək müqaviləsi bağlanmır. Hazırda fəhlələr müqaviləsiz, sığortasız qəpik-quruş maaşa çalışır.

Onların istehsalat zamanı üzləşəcəyi qəzaya görə nə kompensasiya ödənilir, nə də ailəsinə yardım olunur. Şirkət prezidenti Abdolbari Gözəlin Türkiyədən cəlb olunan işçilərə xüsusi qayğısı fəhlələr arasında ayrı-seçkilik yaradıb.

İstismar, Suriya və...

Məlumatda o da qeyd edilir ki, yaxın keçmişdə “Azərsun”un yağ fabrikində iki nəfər ehtiyatsızlıqdan əllərini itirib.

Şirkət isə bu məsələni ört-basdır etməyi bacarıb. Hər iki işçinin başına gələn hadisəni gizlətmək üçün “City Hospital” klinikasına yerləşdiriblər. Onların əlləri amputasiya olunub.

A.Gözəlin rəhbəri olduğu fabrikdən isə onlara heç bir kompensasiya ödənilməyib. “Azərsun”da tez-tez fəhlələr xəsarət alır.

Onlar şirkətin özünə aid olduğu iddia edilən “City Hospital” klinikasına yerləşdirilir və xəsarətləri ört-basdır edilir. Çox zaman isə onlar öz hüquqlarını bilmədikləri üçün 1-2 aylıq əməkhaqlarının ödənməsi müqabilində razılaşaraq sakit qalırlar.

Bəzi ekspertlər isə “Azersun”un qiymət artımını məhsulun qablaşdırılmasında istifadə olunan xammalın xaricdən gətirilməsi ilə izah edirlər.

Ona görə də şirkətlər qrupunun verdiyi açıqlamada ya şişirdilməyə yol verilir, yəni xammalın bir hissəsinin idxal edilməsi faktı gizlədilir, ya da maddi istehsal bazasının geniş olduğu halda qiymətlərin artırılması inhisarçılıqla izah edilə bilər.

Holdinqin yağ məhsulları ərəb ölkələrində satışa çıxarılır. Avropa bazarlarında özünə yer tuta bilməyən “Azərsun” məhsullarına müharibə və terror olan ölkələrdə tələbat var.

Şirkətin zavodlarında istehsal edilən yağlar hazırda aclıq, işsizlik və yoxsulluq olan bu ölkələrdə satışdadır. Bildirilir ki, məhsulların keyfiyyətinə və qiymətinə görə ən münasib yer İraqla Suriya tövsiyə olunub.

Mətbuatda gedən xəbərlərə görə, bitki yağları ilə doli sisternlər gəmi ilə Gürcüstana, daha sonra isə dəmir yolu ilə Azərbaycana gətirilir. Əsasən Şirvan şəhərindəki yağ zavodunda qablaşdırılan cürbəcür yağların tərkibinin 80% demək olar ki, eyni yağdır.

Bu iddialarla bərabər günün əsas məsələsi məhz mənşəyi bilinməyən yarım ton ət məsələsinə aydınlıq gətirilməsidir. Holdinq isə hələ ki, münasibət bildirmir. Bu da öz növbəsində “susmaq razılıq əlamətidir” deyimini gücləndirir. Buna baxmayaraq, bir mətbu orqan olaraq “Azərsun”un mövqeyini geniş şəkildə dərc etməyə, ittihamlarla bağlı dinləməyə və Xaçmaza gedən ət məhsulları haqda arqumentlərini işıqlandırmağa hazırıq.
GundemXeber.az

Geri qayıt