Əsas Səhifə > Siyasət, Manşet > Yığmamızın "monqollaşdırılması"ndan kimlər qazanıb?
Yığmamızın "monqollaşdırılması"ndan kimlər qazanıb?25-05-2017, 08:44 |
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılar arasında yetərincə əcnəbilərə rast gəldik. Ən çox diqqət çəkənlər isə yarışdan bir neçə gün əvvəl qadınlardan ibarət cüdo millimizə cəlb olunan monqol idmançılar oldu. Mayın 1-də rəsmi məlumat yayıldı ki, monqolustanlı cüdoçular Erdenebat Bazarraqça (48 kq.), Purevsuren Buyanxişiq (52 kq.), Munxtsedev İçinxorlu (57 kq.) millimizin şərəfini qoruyacaq. Görəsən, damarında azərbaycanlı qanı axan cüdoçularımız yox idi ki, İslamiadanın başlamasından əvvəl monqollara ehtiyac yarandı? Elə bu sual ətrafında Yenicag.az saytı olaraq araşdırmaya başladıq. Əldə etdiyimiz məlumata görə, öz cüdoçularımıza ehtiyac yaranmamasının səbəbi qazanılacaq medallara görə veriləcək pul mükafatlarından pay güdmək olub. Ki, bu plan da qızıl medal qazanan Erdenebat Bazarraqçanın sayəsində reallaşıb. Məsələ burasındadır ki, 48 kq. çəki dərəcəsində çıxış edən cüdoçuya öz məşqçisi yox, azərbaycanlı çalışdırıcı rəhbərlik edib. Bu da qızıl medal qazanan idmançının şəxsi məşqçisinə verilən 75 min manatın maddi maraq güdən şəxslər arasında bölüşdürülməsi deməkdir. Etibarlı mənbədən aldığımız xəbərə görə, öz idmançılarımıza haqsızlıqlar da edilib. Bu haqsızlığın qurbanlarından biri də Leyla Əliyeva olub. Belə ki, 19 yaşlı azərbaycanlı cüdoçumuz qala-qala, yarışda iştirak etmək hüququ monqol Bazarraqçana verilib. Yarışdan əvvəl tərəflər arasında yoxlama görüşü keçirilib və Əliyeva hakim haqsızlığı ilə üzləşərək zorla məğlub vəziyyətə salınıb. Yenicag.az-a açıqlama verən Leylanın özü də məlumatımızı təsdiqlədi: “48 kq. çəki dərəcəsində monqol gətirmişdilər. Onunla mənim aramda seçim qoydular və bizə “prikitka” verdilər. Monqolla 12 dəqiqə güləşdim. Bu zaman da monqolun tərəfini saxladılar və məni sıxışdırdılar. Məndən bir yaş böyük idi. Hakimlər monqol cüdoçunun udması üçün şərait yaratdılar. O, məndən güclü deyildi. 12 dəqiqə güləşirəmsə, ondan necə zəif ola bilərəm? İslamiadada çıxış etsəydim, mən də qızıl medal qazanardım. Normalda onların məşqçiləri monqol olmalı idi, amma bizimkilər oldu. Həmin günü səhərə kimi ağlamışam. Əvvəlcə evdəkilərə heç nə demədim. Sonran vəziyyəti olduğu kimi başa saldım”. Qeyd edək ki, İslamiadada qızıl medal qazanan idmançıya 150 min manat pul mükafatı verilib. Həmin məbləğin hamısının monqola çatdığı, yoxsa qurum rəsmiləri arasında bölüşdürüldüyü hələ ki sual olaraq qalır. P.S. Maraq üçün onu da bildirək ki, haqsızlıqla üzləşən Leyla Əliyeva Avropa çempionu olmaqla yanaşı, dünya çempionatının və olimpiyadanın gümüş mükafatçısıdır. Geri qayıt |