Əsas Səhifə > Siyasət, Manşet > “Şöbə müdiri deyir, bizdə iynə-dərman yoxdur...”
“Şöbə müdiri deyir, bizdə iynə-dərman yoxdur...”13-05-2017, 10:24 |
“Hürriyyət” qəzetində və Hurriyyet.org saytında “Bura xəstəxana yox, xəstəlik mənbəyidir...” başlıqlı reportaj dərc olunduqdan sonra redaksiyamıza daxil olan məlumata görə Xətai rayonu 20 saylı xəstəxanada canlanma yaranıb. “Hürriyyət” yazdı, nazirlik reaksiya verdi, amma... Hacı Zeynalabdin Tağıyevin yadigarı olan 20 saylı xəstəxananın təmirsiz, baxımsız, bərbad, antisanitariya vəziyyətini əks etdirən yazı Bakı şəhər Xətai rayon sakini, II qrup əlil Firqətçi Hüseynovun “Hürriyyət”ə daxil olan şikayəti əsasında yerindəcə araşdırılaraq reallaşmışdı. F.Hüseynov məktubunda bildirirdi ki, yaşadığı ərazidə xəstəxana olmadığına görə, o, müalicə almaq üçün tibb müəssiəsi tapa bilmir. Məktub eyni zamanda səhiyyə naziri Oqtay Şirəliyevə də ünvanlanmışdı. Yazının dərcindən sonra Səhiyyə Nazirliyi məsələyə reaksiya verdi və F.Hüseynov Sabunçuda yerləşən 3 saylı Bakı şəhər xəstəxanaya yerləşdirdi. Amma F.Hüseynovun “Hürriyyət”ə göndərdiyi növbəti məktubundan belə anlaşılır ki, nazirin göstərişinə bu xəstəxanada düzgün riayət olunmur. Necə deyərlər, üzürü günahından betər olub. F.Hüseynovun sözlərinə görə, Sabunçu rayon xəstəxanasında da vəziyyət ürəkaçan deyil. Eyni zamanda səhiyyə nazirinə ünvanlanan məktubu oxucularımızın diqqətinə çatdırırıq. Dövlət xəstəxanasında iynə-dərman da, yatacaq da pulludur “Bir müddət bundan əvvəl öz xəstəliyim barədə etdiyim müraciət əsasında məni 27 aprel 2013-cü ildə Sabunçuda yerləşən 3 saylı Bakı şəhər xəstəxanasının terapiya şöbəsinə yerləşdiriblər. Artıq 12 gündür ki, xəstəxanadayam. Demək olar ki, 2 həftədir burada olmağıma baxmayaraq hələ ki, heç bir müalicə almamışam. Mən öz məktubumda Sizə bildirmişdim ki, pulla müalicə almaq imkanım yoxdur. Burada isə pulun yoxdursa, müalicə də eləmirlər. Hətta müayinə olunmaq üçün xadiməyə 1 manat verməzsən, analizi götürüb, laboratoriyaya verməz. Bir sözlə, burda yatacaqdan tutmuş iynə-dərmana qədər hər şey pulludur. Məni Qanköçürmə İnstitutuna göndərdilər ki, qan analizi aparılsın. Deyirlər tibbi xidmət üçün maşınımız yoxdur. Mən də məcbur olub taksi tuturam. Tibb işçilərini xəstə dolandırmalıdır? Dərman üçün şöbə müdirinə müraciət etdim, dedi ki, bizdə nə iynə var, nə də ki, dərman. Demək burada müalicə olunmaq üçün həkimin yazdığı reseptlə dərman almalısan. İynənin vurulması üçün tibb bacısına pul verməlisən. Verməyəndə də onlar əməkhaqqının azlığından şikayətlənirlər. Bəs xəstələrdə pul hardandır? Demək buradan belə məlum olur ki, bunların dolanışığını xəstə təmni etməlidir. Dövlətin xəstəxanalara ayırdığı pullar, iynə-dərmanlar, tibbi vasitələr hara gedir?.. Niyə? Nə səbəbə? Bəs dövlət xəstəxanalarının pulsuz olması, dövlətin xəstəxanalara ayırdığı dərman və dərman vasitələri hara gedir ki, xəstə bu zülmü çəkir? Qara ciyərimin, dalağımın şişməsindən illərdir əziyyət çəkirəm. Buna görə hər il müalicə olunmalıyam. Həkim bəhanə eləyib deyir ki, heç bir xəstəliyin yoxdur. Əlimdə daha tutarlı faktların var... Cənab nazir! Xəstəxananada baş verən digər neqativ hallarla bağlı topladığım faktları dəqiqləşdirib bu məsələləri şəxsən Sizin diqqətinizə çatdıracağam. O ümidlə ki, bu məsələlər barədə təcili və təxirəsalınmaz tədbirlər görülməsinə tapşırıq verəsiniz. Odur ki, Sizdən çox xahiş eləyirəm Sabunçu xəstəxanasında baş verən dərman alveri və özbaşınalığa son qoyasınız”. Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Səfayə Əhmədova bildirdi ki, vətəndaş nazirliyin Qaynar xəttinə müraciət etsin, onun şikayəti araşdırılıb lazımı qərarlar veriləcək. Geri qayıt |