Əsas Səhifə > Siyasət, Manşet > "Dəmirbank"ın görünməmiş özbaşınalığı

"Dəmirbank"ın görünməmiş özbaşınalığı


28-04-2017, 08:49
"Dəmirbank"ın görünməmiş özbaşınalığı
Son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti haqlı olaraq ciddi şəkildə tənqid olunur. Bu da səbəbsiz deyil. Əvvəla, banklar vətəndaşlara bahalı kreditlər verir, yəni kredit faizləri çox yüksəkdir. Hətta bu göstəricinin 40 faizə qalxdığı vaxtlar olub. İkincisi, uzun müddət banklar müştərilərini kreditləri milli valyutada deyil, xarici valyutada götürməyə təhrik edib. Üçüncüsü, banklar xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəmirlər. Amma bu hələ hamısı deyil. Əhalinin banklardan narazı olmasının digər ciddi səbəbləri də var.

Belə ki, son zamanlar banklar borca ehtiyacı olan müştərilərə kreditləri daha çox lombardlar vasitəsilə, onların zinət əşyalarını iki dəfə ucuz qiymətə girov götürməklə və iki dəfə baha faizlə (ən azı 60-70%) təklif edirlər. Bununla da bank bir tərəfdən özü üçün təminatsız kredit problemini həll etmiş olur, digər tədəfdən isə öz qazancını azından iki dəfə artırır. Nəticə etibarilə ehtiyac içində olan və öz problemini həll etməyin yolunu yalnız zinət əşyalarını girov qoymaqla lombardlardan kredit götürməkdə görən insanlar bankların girovuna çevrilirlər. Bu insanların heç xəbəri də olmur ki, onların lombarda girov qoyduqları zinət əşyaları əslində bankların özündə saxlanılır. Lombard burada sadəcə, vasitəçi rolunda olur. Elə bu səbəbdəndir ki, kimsə imkan tapıb, öz zinət əşyalarını lombarddan geri almaq istəyəndə ciddi problemlərlə üzləşir. Çünki bahkın kredit şərtləri ilə lombardın verdiyi borcun şərtləri fərqlidir və bu fərqlilik müştəri öz zinət əşyasını lombarddan geri almaq istəyəndə problem yaradır.
Bütün hallarda vətəndaşlar incidilir, onlar praktik olaraq müflüs olmaq həddinə çatdırılır və nəticə etibarilə baş verənlər insanların narazığına gətirib çıxarır.

Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb, yenidən qurulmasını zəruri edir. Bu gün girovunu hər hansı bir formada alan bankı götürülən kreditin necə qaytarılacağı praktik olaraq düşündürmür. Bank müştərinin real gəlirlərinin vəziyyətini və ya onun kredit aldığı layihənin nə qədər real olduğunu heç üzdən də araşdırmır. Çünki ikiqat girov götürməklə o, verdiyi krediti 200% sığortalaya bilir və bununla da vəzifəsini bitmiş hesab edir. Çünki bank arxayındır ki, borcu olan vətəndaşın evini də, maşınını da, bağını da, başqa əmlakını da əlindən asanlıqla almaq olar. Əslində isə bank kredit verdiyi tərəfin maddi imkanlarını və ya layihənin gerçəkliyini on dəfə ölçüb-biçdikdən sonra bu krediti verməlidir.

Redaksiyamıza daxil olan şikayətlərdən biri də elə bankların əhaliyə kələk gəlməsi ilə bağlıdır. Ağstafa rayonunda yaşayan şəhid ailəsi - Sarıyeva Həbibə Tahir qızı "Dəmirbank" tərəfindən aldadıldığını bildirir.

Həbibə xanım redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır ki, 2008-ci ildə "Dəmirbank"ın Qazax rayonunda yerləşən filialından 2446 (iki min dörd yüz qırx altı) dollar kredit götürüb. Şikayətçi bildirir ki, götürdüyü krediti müqavilədə nəzərdə tutulduğu kimi, 1 il müddətində ödəyib qurtarıb.

Şikayətçi bildirir ki, bank onun məlumatsızlığından istifadə edərək, krediti dollarla rəsmiləşdirib. Lakin Həbibə Sarıyevanın dediyi məbləğ - 2446 dollar o vaxtın məzənnəsinə uyğun olaraq, müştəriyə manatla verilib: "Mən 2008-ci ildə "Dəmirbank"dan götürdüyüm 2446 dolları 1 il müddətində - 2009-cu ildə qəpiyinə kimi qaytarmışam. Heç bir gecikmə, narazılıq və problem olmayıb".
Əsl problem isə 8 ildən sonra yaranıb. Bu problemi "Dəmirbank" öz müştərisinə - Həbibə Sarıyevaya yaradıb. Şikayətçi yazır: "Götürdüyüm krediti ödəyib bitirməyimdən 8 il keçəndən sonra - 2017-ci ildə "Dəmirbank"dan mənə bildiriş göndərilib. Həmin bildirişdə mənim 2008-ci ildə götürdüyüm və 2009-cu ildə qəpiyinə kimi ödədiyim kreditə görə borcum qaldığı bildirilir. 8 ildən sonra mənə bildirirlər ki, guya banka 140 dollar borcum var.Görün, bunlar nə qədərharınlayıb və hədini aşıblar. 2008-ci ildə götürülən və müqaviləyə uyğun vaxtda, gecikmə olmadan bağlanməs bir kreditə görə 2017-ci ildə gülməli bir qəbz göndəriblər".

"Gündəm Xəbər" qəzeti bu məsələni araşdırıb. Əldə etdiyimiz məlumata görə, rayonda insanların avamlığından istifadə edib onlara yalandan kredit borclarının olması barədə bildiriş göndərən şəxs "Dəmirbank"ın yerli filialının müdiri Fuad Qurbanovdur.

Biz qəzetimizə ünvanlanan müraciəti araşdırmaq üçün "Dəmirbank"ın Qazax rayonunda yerləşən filialının müdiri Fuad Qurbanova telefon açdıq. Lakin o, bizim zənglərimizə cavab vermədi. Ümid edirik ki, "Dəmirbank" rəhbərliyi bu məsələ ilə maraqlanacaq və bankın Qazax rayon filialında baş verən özbaşınalıqlar barədə ölçü götürüləcəkdir.

Geri qayıt