Əsas Səhifə > Siyasət, Manşet > Balakəndə tütünçülüyü kim və necə məhv edir?
Balakəndə tütünçülüyü kim və necə məhv edir?18-04-2017, 08:41 |
Əhməd Bodurov ucqar, səfalı Balakən rayonundan növbəti dəfə paytaxta təşrif buyurmalı olub. O, birinci qrup gözdən əlildir. Zəif görür, bu isə onun hərəkət etməsinə kifayət qədər çətinliklər yaradır. Ancaq məcburdu…Yaşamaq, çalışıb-yaratmaq eşqi ilə alışıb-yananlardandır. Ötən payızdada redaksiyamıza gəlib, dərd-sərindən söhbət açmışdı. Minbir əzab-əziyyətlə ərsəyə gətirdiyi tütünü qəbul məntəqələrinə təhvil verməkdə ciddi maneələrə rast gəlmişdi. Zavodun süründürməçiliyi nəticəsində tonlarla tütünü zay olmuşdu. Ölkəmizin ən dilbər güşələrindən olan Balakənin əhalisi zəhmətkeş, qonaqpərvər, hədsiz səmimidir. Əhməd də belə xüsusiyyətləri ilə seçilir. Gözlərinə vurduğu qara eynək hisslərini gizlətməyə yardım etsə də, danışdıqca axan göz yaşlarını açıq-aydın sezmək mümkün olur. O, sanki Bermud üçbucağına düşmüş kimidir. Nə qədər çaba göstərsədə, bir qrup bürokratın ona qurduğu çirkin oyunların məngənəsindən xilas ola bilmir ki, bilmir. Bəli, Ə.Bodurov birinci qrup əlil olsada, öz zəhməti ilə yaşamaq istəyir. Ölkə rəhbərinin aqrar sahəni inkişaf etdirmək çağırışlarından həvəslənərək, daha da həvəslə işə girişib. Yaradilmiş bütün maneələrə baxmayaraq, ötən il on tonlarla tütün istehsalına nail ola bilib. Bu ildə 10 hektar tütünün əkilməsi üçün şitil becərib. Artıq şitilin sahəyə köçürülməsi zamanı yetişsədə, Əhməd arzusunu gerçəkləşdirə bilmir. Belə ki, Kortala kənd bələdiyyəsi onu məlumatlandırmadan, onunla bağladığı müqaviləni ləğv edərək, 10 hektar torpağı Balakən rayon İcra Hakimiyyətində məsul vəzifə tutan bir şəxsə verib. Burada yaxşı olar ki, Ə.Bodurovun özünü dinləyək:”Ötən il çox əziyyət verdilər. Buna baxmayaraq öhdəliyi yerinə yetirdim. Banka olan borcumu ödədim. Bilirsiniz, sirr deyil ki, əlilliyimə görə verilən təqaüdlə yaşamaq mümkün deyil. Bu, mənim zəruri dərmanlarıma kifayət etmir. Zəhmət çəkib ehtiyaclarımı ödəmək istəyirəm imkan vermirlər. Dəfələrlə İcra Hakimiyyətində olsamda, kömək əvəzinə əngəl yaradıblar. Ötən il İcra hakimiyyətinin başçısı İslam Rzayev tütün əkdiyim sahəyə gəlmişdi. Mənə irad tutdu ki, “sən kənd adamlarının zəhmətindən istifadə edirsən.” Cavab verdim ki, iş yeri açmışam, adamlar çalışıb, zəhmət haqlarını alırlar. Ötən il ərsəyə gətirdiyim tütünün 11 tonunu zay etdilər. Saxlanma kameralarına təhvil vermişdim. Qəsdən 10 dərəcə istilik əvəzinə 80 dərəcə verdilər. Bu da məhsulun xarab olmasıyla nətcələndi. Hamısı çəkilib, şəkilləri, videoçəkilişləri saxlanılır. Payızda Prezident Administrasiyasında qəbulda oldum. Balakən rayon İcra Hakimiyyətinin başçısı kimsəni saya salan deyil. Mənə olan qəddar mansibətin nədən qaynaqlandığını anlaya bilmirəm. Başqa problemlərimdə kifayət qədərdir. Bir neçə il adıma sosial müavinət yazılsa da, məlumatım olmayıb, kimlərsə mənimsəyib. Hara şikayət etsəm də, bir nəticə hasil olmadı. Ancaq, bugün mənim düşündürən, narahat edən, xərc çəkib, əziyyətlə yetişdirdiyim tütün şitillərinin əlimdə qalmasıdır.” Əhməd söylədiklərini təsdiq etmək üçün Kortala bələdiyyəsi ilə telefon əlaqəsi qurdu. Əgər, buna ələqə demək mümkün olsa… Ağzını açıb, özünü təqdim edən kimi, cavab verən şəxs “bizə dedilər həmin torpağı verin başqasına bizdə vermişik, get, hara istəyirsən şikayət et”- deyərək, əlaqəni kəsdi. Əhməd sakitcə “gördünüzmü, kimlərlə üz-üzə qalmışam”-deyərək, Balakəndə hökm sürən qanunsuzluqlar barədə söhbətini davam etdirdi: “Məndə olan məlumata görə, ötən il əkdiyim sahəni İcra hakimiyyətinin məsul işçisi Rəhim Abbasova veriblər. Əlbəttə, onlar öz adlarına heç nə sənədləşdirmirlər. Əksər münbit sahələri rəhbər işçilər əkdirir. Əkdirsinlər, sözüm yox, ancaq imkan versinlər ki, bizdə ailəmizi dolandıraq. Gözləri doymur axı… Etdiklərini rayonda bilməyən yoxdur. Ancaq elə şərait yaradıblar ki, hamı ehtiyat edir, bunların qanunsuz əməllərinə göz yummaq məcburiyyətindədir. Ölkə prezidenti, cənab İlham Əliyev rayonumuzun abadlaşdırılması, yolların çəkilməsi üçün dəfələrlə pul ayırıb. Təəssüf ki, həmin vəsaitin necə xərclənməsinə nəzarət edən yoxdur. Şəhərdən Qabaqçöl kəndinə çəkilən yolun asfaltı İcra hakimiyyəti başçısı İslam Rzayevin rayonundan-Göyçaydan daşınırdı. Balakəndə, yaxın Zaqatala rayonunda bir neçə asfalt zavodun olduğu halda, nə üçün israfçılıq edilib, 200 kilometrdən artıq uzaq məsafədə yerləşən Göyçaydan daşınmalıydı?! Həmin məsafədən daşınan asfalt keyfiyyətini itirməyə bilərmi? Bu hərkəsi narahat edir, o cümlədən bir vətəndaş kimi mənidə. Haqqımızı tələb edən kimi həbs etdirməklə hədələyirlər.” Ə.Bodurov siyasi mənsubiyyətindən söz açaraq, özünü dərk edəndən ümummilli lider Heydər Əliyevin siyasi kursunun vurğunu olduğunu qeyd etdi: “Uzun illərdir ki, YAP-ın üzvüyəm. Hər zaman Heydər Əliyevin tərəfdarı olmuşam. Bugün onun layiqli davamçısı olan prezidentimiz, cənab İlham Əliyevə inanır, onun xalqımız üçün gördüyü böyük quruculuq işlərinə rəğbətlə yanaşıram. İnanın ki, onun çağırışlarından həvəslənib, Vətən üçün əlimdən gələn xidməti göstərməyə çalışıram. Nə olsun ki, əliləm…Əgər iş qurub, faydalı əməklə məşğul ola bilirəmsə, nə üçün İ.Rzayev kimiləri qarşıma sədd çəkməlidirlər? Baxın, budur, qurduğum istixanalar, ərsəyə gətirdiyim şitillər! (Əhməd bizə həmin çəkilişləri, şəkilləri təqdim edir-N.Sadiq.) ” Əhmədin söylədiklərinə inanmamaq olmur. Axı, o, heç bir zərurət olmadan ucqar rayondan paytaxta dəfələrlə gəlməz, söhbət açdıqlarının həqiqət olmasına inanmasa dilinə belə gətirməzdi. Təəssüf ki, belə hallar baş verir, insanlar ümid yeri kimi paytaxta üz tutub, ürəklərini boşaltmaqla təskinlik tapmaq istəyirlər. Ə.Bodurov qarşılaşdığı ədalətsizliklərə rəğmən xəstələndiyini, bir müddət müalicə olunduğunu da vurğuladı: “İnanın ki, ürək xəstəliyi tapdım. Bir müddət müalicə almalı oldum. Mənə qarşı çirkin oyunları quranlar, düşünürlər ki, əlil adamdır, bu səbəbdən də çox hərəkət edə bilməyəcək. Süründürməçilikdən yorulub, durumuyla razılaşacaq. Kirayə mənzildə yaşayıram. Bəllidir ki, evim yoxdur. Çalışıram ev qurum. Bəlkə, İslam Rzayev düşünür ki, əlilin evi olmamalıdır? Əlbəttə, mənim onlar kimi heç zaman villam, obyektlərim olan bilməz. Bunun arzusunda da deyiləm. Ancaq ev qurub, yaşamaq, çalışmaq, halal zəhmətlə qazanmaq haqqımı da kimsəyə verməyəcəyəm. Sizdən bir xahişim var; mənim müraciətimi hörmətli, cənab Prezidentimizə və böyük ümid bəslədiyim birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatdırın. İnanıram ki, yalnız onlar məni kiçik “padşah”ların əlindən xilas edə bilər. Onların ədalətinə inanmışam və bundan sonra da inanacağam. Gözlərimin hədsiz zəif görməsi, məni yazıb-oxumaqdan mərhum edib, amma, çalışmaq, qurub-yaratmaq istəyirəm. Mənə kömək edin, xahiş edirəm!” Əhmədi ürək ağrısı ilə dinlədik və söylədiklərini qələmə almağı peşə borcumuz hesab etdik. Onu da bilirik ki, ölkə rəhbərliyi əlillərin probleminə daima diqqət göstərib, onların ruhdan düşməmələri üçün çalışmaq, yaşamaq şəraiti yaradılmasına maraqlı olub. İnanırıq ki, Ə.Bodurovun da səsinə səs mütləq veriləcək. (Milletim.info) Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |