Əsas Səhifə > Siyasət, Manşet > Dövlət uşaq bağçalarında uşaqlara qarşı cinayət

Dövlət uşaq bağçalarında uşaqlara qarşı cinayət


6-04-2017, 09:02
Dövlət uşaq bağçalarında uşaqlara qarşı cinayət
Paytaxt polisinə uşaq bağçasının tərbiyəçisi ilə bağlı şikayət daxil olub. Şikayətçi uşağının bağçada yanıq yarası aldığını iddia edən valideyndir.

Bu barədə Sputnik Azərbaycana Yasamal rayon Polis İdarəsindən məlumat verilib. Hüquq mühafizəçilərinə üç yaşlı Qəhrəmanın atası Tural Qocayev şikayət edib. O bildirib ki, ötən həftə sonu oğlunu 34 №-li uşaq bağçasından götürüb evə aparıb. Evdə uşağın kürəyində iki yanıq yeri görüb. Oğlan izah edib ki, bunu Məleykə adında tərbiyəçi edib. Polis bu insidentlə maraqlanıb və məsələni araşdırmağa başlayıb.

Uşaq bağçasının direktoru Südabə Hacıyeva bağçada Qəhrəman Qocayev adlı uşağın və Məleykə adlı tərbiyəçinin olduğunu təsdiqləyib. Lakin o, uşaqla bağlı insidenti qətiyyətlə inkar edib. Hacıyevanın sözlərinə görə, onun oğlanın yanması və polisə edilən şikayətdən xəbəri yoxdur. Qeyd etmək lazımdır ki, bu, valideynlərin uşaq bağçalarının tərbiyəçilərindən etdikləri ilk şikayət deyil. Aprelin 3-də jurnalist Orxan Kərimov özünün Facebook səhifəsində bu cür xoşagəlməz halla rastlaşdığını yazıb. O, həyat yoldaşı ilə birlikdə 3 yaşlı oğlunu böyüdür. Onlar uşağı Bakının Nərimanov rayonunda yerləşən dövlət bağçasına verirlər. Kərimov uşaq bağçasının nömrəsini və tərbiyəçinin adını çəkmək istəməyib ki, sonra onlar uşağa ziyan vurmasınlar. Çünki belə olan təqdirdə o, uşağını götürüb başqa bağçaya verməlidir ki, uyğun qiymətə də başqa bağça yoxdur.

Jurnalist şikayətlənir ki, onun oğlu dövlət bağçasına gedir. O, hər ay həmin bağçaya 70 manat ödəyir, əks təqdirdə bağça rəhbərliyi uşağı bağçada saxlamayacaq. "Valideynlər pul, əlavə olaraq da nəm salfet, quru salfet, bağçaya lazım olan digər şeyləri verirlər. Mən 70 manat verirəm, amma elələri də var ki, ayda 120-140 manat verirlər" — deyə Kərimov bildirir. Lakin jurnalisti dövlət bağçasına ödədiyi pul deyil, bağça işçilərinin rəftarı hikkələndirib. Belə ki, aprelin 3-də bağçanın tərbiyəçisi onlara zəng edib. Uşağın anasına deyib ki, oğlu pampersini doldurub və gəlib onu dəyişsin. Qadın isə bağçaya gedib və uşağı götürərək evə gətirib. Kərimov sözügedən vəziyyətlə bağlı qalmaqal yaratmaq istəmir. Lakin cəzasızlıq da özbaşınalığa yol açır. Uşaq bağçalarının tərbiyəçiləri bilirlər ki, valideynlər uşaqlarının xatirinə hər şeyə dözməyə məcburdurlar. Qeyd edək ki, hazırda paytaxtdakı bütün dövlət uşaq bağçaları Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Şəhər icra hakimiyyətinə isə heç kimin əli çatmır.

Geri qayıt