Əsas Səhifə > Siyasət, Manşet > Qardaşının bahalı oyuncağını batıran Mais Mənsimov…

Qardaşının bahalı oyuncağını batıran Mais Mənsimov…


1-04-2017, 10:15
Qardaşının bahalı oyuncağını batıran Mais Mənsimov…
2004-cü ilin yayını azarkeşlər hələ də sevə-sevə xatırlayır. Səbəb isə çox sadədi. Məhz həmin dönəmdə uzun illər “peraşki dövrü” yaşayan Azərbaycan futboluna maliyyə vəsaiti axmağa başladı. İmkanlı iş adamları, oliqarxlar sanki bir-birinin bəhsinə giribmiş kimi cüzdanlarının ağzını geniş açıb, paçkalarla dollarları yerli və əcnəbi futbolçuların qarşısına qoyub bir tələb irəli sürürdülər – müqaviləyə qol çək. Bu yöndə ən çox fərqlənənlər isə “Xəzər Lənkəran”, “Karvan”, “İnter” və “Bakı” idi. Bu klubların kimə məxsus olduğu hamıya bəllidi. Onların hazırkı taleyi də göz qabağındadı.

AFFA-nın son konfransında ölkə futbolunun bugünkü durumuna toxunan Rövnəq Abdullayev bir məqamı xüsusilə qeyd etdi. O bizdə klub idarəetməsində işləyə, zamanın tələbləri ilə ayaqlaşa biləcək klub funksionerlərinin azlığından gileyləndi. Bir qədər fikirləşdikdə Rövnəq bəyin həqiqəti söylədiyini görmək mümkündü. Doğrudan da Azərbaycan futbolunun ən böyük bəlası futbolçularımızın öz üzərlərində işləməməsi ilə yanaşı, yarıtmaz idarəçilikdi. Məhz bu amilə görə birvaxtlar “Qafqazın Çelsisi” adalandırılan “ağ-yaşıllar”dan, transferlərə milyonlarla pul xərcləyən “zolaqlılar”dan FİFA-ya qalaq-qalaq şikayətlər göndərilib. Klubun inkişafı üçün milyonlarından keçən Mübariz Mənsimov, Hafiz Məmmədov kimi iş adamları klubun idarəçiliyini futbol təsərrüfatına nabələd olan, bu sahənin incəliklərindən bixəbər olan yaxınlarına həvalə etdiklərinə görə sonradan peşmanlıq hissi keçirdilər.

2004-cü ildə Mübariz bəyin təşəbbüsü ilə Lənkəranda yeni klub yaradıldı və qısa vaxtda bütün cənub bölgəsinin sevgisini qazandı. Mübariz bəyin prezidentliyi dönəmində “ağ-yaşıllar”ın düşərgəsində hər şey yüksək səviyyədə təşkil olunmuş, klubun peşəkarlaşması yolunda mühüm addımlar atılmışdı. Bütün dünyada uğurlu biznesmen kimi ad çıxarmış “Palmali”nin başqanı ilin çox hissəsində Türkiyədə olmasına baxmayaraq, klubun işlərinə də diqqət ayırır, “yaşıl armada”nı fırtınadan qoruyur, “gəmiçilər”in kompasın göstərdiyi istiqamətdə üzməsi üçün əlindən gələni edirdi. Artıq “cənub mirvarisı” böyük limanlarda tanınır, onunla hesablaşırdılar. “Palmali”nin daha böyük sektorda fəaliyyətini nəzərə alan Mübariz bəy müəyyən müddətdən sonra klubun taleyini qardaşı Mais Mənsimova həvalə etdi, özü isə “gəmiçilər”in fəxri prezidenti oldu. Elə həmin vaxtdan da Lənkəran təmsilçisinin işlərində axsamalar başladı. Artıq “yaşıl armada” tez-tez fırtınalara düşür, dənizdə sal daşlarla toqquşaraq gövdəsini zədələyirdi. Mais bəy kapitanı olduğu “gəmi”ni həmin qəzalardan sonra kosmetik təmir etdirsə də, gövdədə yaranan çatların üstünə yamaq vurdursa da, hamı bilirdi ki, bu çox çəkməyəcək. Gec-tez həmin çatlar su buraxacaq və belədə dəli dalğalar gəmini dənizin dibinə aparacaq. Bunu hamı duyurdu, hamı yaşanacaq fəlakəti hiss edirdi. Tək Mais bəy sanki heç nə olmayıbmış kimi narahat olmur, başverənlərə göz yumurdu.

Yuxarıda qeyd etdiyimiz kimi, Mais Mənsimovun idarəçilik qabiliyyətinin olmaması sonda sözünü dedi. Futbola əyləncə, kluba isə bahalı oyuncaq kimi yanaşan klub prezidenti son 2-3 ildə ipi tam əldən buraxmışdı. Əcnəbi məşçqçilər və futbolçulara milyonluq müqavilələr təklif edən kiçik Mənsimov bir də onda ayıldı ki, İstanbuldan gələn pullar havaya sovrulub, ortada isə heç nə yoxdu. Necə deyərlər, it də gedib, ip də. Yuxarılar, daha dəqiq desək, “Palmali”nin İstanbul ofisi milyonların hesabatını, cənublu azarkeşlər isə nəticə tələb edirdi. Xərcləri azaltmaq, uğursuzluğu sığortalamaq üçün Mais bəy nəsə etməliydi. Və belədə vəziyyətdən çıxmaq üçün klub prezidenti azərbaycansayağı, çox bəsit bir plana əl atmalı oldu. Müqaviləsi olan legionerlər müxtəlif bəhanələrlə klubdan uzaqlaşdırıldı, nəticənin olmaması isə hakimlərin boynuna atıldı. Hər dəfə mətbuat klub prezidentindən yaşananlara münasibət öyrənmək istəyəndə isə yaxın çevrəsi “Mais müəllim bu gün tələsir, sabah açıqlama verəcək” söyləyərək, prezidenti mətbuatdan qaçırdırdı. Ancaq ertəsi gün klub prezidenti mətbuata açıqlama və ya müsahibə verirdi. Sonradan bəlli oldu ki, özünün danışıq qabiliyyəti olmadığından bunu onun adından kimlərsə edib. Mətbuatdan qaçan, futbolçularla kriminal dildə danışan klub prezidenti bir də onda ayıldı ki, FİFA 10 minlərlə azarkeşi olan klubu divara dirəyib və borcları ödəmək üçün vaxt qoyub. Artıq bu ərəfədə fəxri prezident də “Xəzər Lənkəran”ın düşərgəsində yaşananlardan, qardaşının özbaşınalıqlarından xəbərdar idi. Ona görə FİFA “gəmiçilər”i sanksiya ilə hədələyəndə kənarda müşahidəçi rolunu tutdu, birvaxtlar sevə-sevə yaratdığı klubu çətin durumdan çıxarmaq üçün əlini cibinə atmadı. Bu isə obrazlı desək, “Xəzər Lənkəran”ın süqutu demək idi.

Yazının əvvəlində Rövnəq Abdullayevin konfransda səsləndirdiyi fikirləri yada salmışdıq. “Xəzər Lənkəran”ın timsalında AFFA prezidentinin haqlı olduğunu görmək olar. Milyonlar xərcləyib bir gündə ulduzlar toplusundan ibarət səviyyəli klub formalaşdırmaq, çempionluğa iddialı olmaq asandı. Ancaq həmin klubu idarə etmək hər kəsin işi deyil. Mais Mənsimovun timsalında bunu görmüşük.

RƏŞAD, "Futbol+"

Geri qayıt