Əsas Səhifə > Siyasət, Manşet > "DəmirBank"-dan 3 milyon necə yoxa çıxıb?

"DəmirBank"-dan 3 milyon necə yoxa çıxıb?


25-02-2017, 09:12
"DəmirBank"-dan 3 milyon necə yoxa çıxıb?
Bank sistemində yaranan problemlər ölkə əhalisinin bu sektora olan inamını ciddi şəkildə sarsıdıb. "Dəmirbank”da baş verən son olay isə bank müştərilərinin ciddi narahatlığına səbəb oldu.

Qeyd edək ki, fevral ayının 13-də "Dəmirbank” ASC-nin müştəri hesablarına haker hücumu nəticəsində 3 milyon manatın oğurlanması haqqında məlumatlar yayıldı. Ümumiyyətlə, "Dəmirbank” haqqında son günlər maraqlı informasiyalar yayılır və ehtimal olunur ki, bu bankda baş verən 3 milyon manatlıq oğurluq bankın daxilindən, baş verib. Yayılan heç bir məlumatın "Dəmirbank” tərəfindən təsdiq və ya təkzib edilmədiyi üçün bu şübhələri daha çox artırır.

Digər tərəfdən ötən gün yayılan məlumatlar isə "Dəmirbank”ın fəaliyyətini birbaşa şübhə altına saldı. Belə ki, yayılan xəbərlərdə göstərilir ki, "Dəmirbank”ın rəsmi internet səhifəsi işləmir. Dünən səhərdən bankın səhifəsinə giriş məhdudlaşıb. Burada diqqət çəkən əsas məsələ isə "Dəmirbank”da baş verən oğurluqdan 2 gün öncə də bankın rəsmi internet səhifəsinə girişin məhdudlaşdırılmasıdır. Digər tərəfdən "Dəmirbank”ın gizli əlaqələri haqqında da müəyyən ehtimallar səslənir. Ehtimal olunur ki, bir müddət öncə "Dəmirbank”ın sabiq MTN generalı Akif Çovdarovlada əlaqələri olub.

"Dəmirbank” ASC-də yaranan vəziyyəti "Cümhuriyət” qəzetinə şərh edən Əkrəm Həsənov deyib ki, bankda baş verən oğurluqda bir sıra şübhəli məqamlar var. Onun sözlərinə görə oğurluğun bankın daxilindən edilməsi daha güclü ehtimaldır: "Bank hesablarından pulların oğurlanmasının vətəndaşa heç bir aidiyyəti yoxdur. Gəlin, hesab edək ki, pullar heç hesablardan deyil, bankın kassasından oğurlanıb. Bunun vətəndaşa nə dəxli var? Bankın vətəndaş qarşısında öhdəliyi var. Pul vətəndaşa məxsusdur və bank onu qaytarmalıdır.

Əgər bank müflis olarsa, sığortalanan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır, amma sığorta edilməmiş vəsaitdirsə, onun batmaq ehtimalı var. Prinsipcə "Dəmirbank”ın maliyyə vəziyyəti çox ağırdır. Bunu artıq hər kəs bilir və bu vəziyyət artıq bir neçə ildir ki, davam edir. "Dəmirbank”ın problem odur ki, kreditlərin həcmi həddən artıq çoxdur və çox uğursuz banklardan biridir. Amma hər bir halda ümid edək ki, bu bankın vəziyyəti yavaş-yavaş düzələcək. O ki qaldı bu halın təkrar baş verməsinə, bunun özü də təsdiqləyir ki, bankda iş yaxşı deyil və ona görə də bu problemin həllinə pul və zaman ayıra bilmirlər. Bildiyim qədər "Dəmirbank”ın İnformasiya Texnologiyalar (İT) şöbəsi çox güclüdür. Hətta bəzi aparıcı banklardan da güclüdür. "Dəmirbank”ın İT şöbəsində kifayət qədər peşəkar kadrlar var. Bəlkə də Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu qədər peşəkar kadrlar yoxdur. Buna görə də çox təəccüblüdür ki, niyə "Dəmirbank”da bu cür hallar təkrarlanır. Bunun özü də şübhələr yaradır ki, bəlkə də bunlar bankın özündən edilir və banka heç kənardan müdaxilələr olmur. Hər halda hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələni nəzarətə götürməlidir”.

Əkrəm Həsənov bildirib ki, "Dəmirbank”da yoxlama aparmalı və bankın vəziyyəti təftiş edilməlidir. Əgər şübhəli məqam olarsa, bütün bunlar məhz bankın daxilindən edilir, bu iş Baş prokurorluğa verilməlidir: "Onlar da gəlib yerində araşdırma aparmalı və niyə bu bankda bu cür halların tez-tez təkrarlanmasının səbəbini tapmalıdırlar. Əgər bu müdaxilələr xaricdən baş verirsə, bunun özü də şübhəlidir ki, niyə məhz "Dəmirbank”ın hesablarına müdaxilə edilir? Halbuki, bəzi başqa banklar haqqında da bu cür söhbətlər var idi və onlarda 3 milyon deyil, 5 milyon vəsaitin oğurlandığı deyilirdi. Bu işlə isə təhlükəsizlik orqanları məşğul olmalıdır. Amma hər bir halda ilkin yoxlama Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılmalıdır. Çünki, banklar üzərində birbaşa nəzarəti məhz bu qurum həyata keçirir. Bununla yanaşı Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu prosesə cəlb olunmalıdır”.

Geri qayıt