Əsas Səhifə > Siyasət, Manşet > Ziya Məmmədovun çürük TRAMPlini

Ziya Məmmədovun çürük TRAMPlini


15-02-2017, 08:24
Ziya Məmmədovun çürük TRAMPlini
Nəhayət ki… Artıq onun haqqında sabiq sözünü də əlavə etmək mümkündür. Harınlıqdan, jurnalist terroruna qədər, talandan, yol təmiri-tikintisi yeyintisinə qədər hər şey haqqında sabiq nazir haqqında yazmaq mümkündür. İnsanların evlərinin mülklərinin sökülməsindən, konpensasiya ala bilməmələrindən, rayonların icra başçıları olan məmmədovçulardan tutmuş, xüsusi imtiyazlı deputatlara qədər…

Addımbaşı taksi, avtobus sürücülərini əzən, aşağılayan, döyən öldürən o nazir və qoçuları haqqında sabiq sözünü də yaza bilirik. Amma bitdimi? Azərbaycanda nəqliyyat sektoru son onilliyin ən çox neft pulu sərf edilmiş, ən çox talan olunmuş, yanlış investitsiya siyasəti, yanlış təsərrüfatçılıq və sair. Bunlar barəsində hər kəs bilir. Hər kə bilir ki, Azərbaycanda yolların, yol qovşaqlarının, körpülərin təmiri-tikintisi üçün milyardlarla dollar həcmində vəsaitlər sərf edilib. Bir ay əvvəl 1 kilometrinə 5 milyon manat sərf edilən asfaltlar azacıq rütubət və yağıntıdan sonra yenə də daha 5 milyon manat «tələb» edib.

Dövlətin zəmanəti ilə alınan Koreyadan cəlb edilmiş kreditlə Nəqliyyatın İntellektual İdarəetmə Sistemi heç işləməmiş bərbad hala düşüb. Milyonlarla dollar havaya sovrülüb. 2008-ci ildə Koreyanın «SKC&K» şirkəti ilə müqavilə bağlandı. 2007-ci ildə bu sistemin yaradılması üçün 100 milyon manat vəsait xərcləndi. İlkin mərhələdə 4068 avadanlıq quraşdırıldı. Küçələrdə və prospektlərdə müvafiq olaraq avadanlıqlar quraşdırıldı. Amma sistemi işə salmaq mümkün olmadı. Sistemə 2012-ci ildə keçmək nəzərdə tutulmuşdu, baş vermədi. Daha 300 milyon manata qədər də vəsait sərf edildi. Hansı ki, 2008-ci ildə Azərbaycanda bu ideya olanda Türkiyədə, Gürcüstanda bu barpədə nəqliyyatçılar heç düşünmürdülər də. Amma Ziya Məmmədovun xüsusi "məharəti" ilə 2008-ci ildən bu sistemə dövlət büdcəsindən vəsaitlər ayrılmağa başladı və 2014-cu ildə tam olmasa da işləməyə başladı….

Ziya Məmmədovun çürük TRAMPlini

Hansı faktı sadalamaq olar? Azərbaycanda yolların təmiri üçün ayrılan vəsaitlər hər kilometrə qədər olan norma üzrə Çindəki qiymətlərdən də baha başa gəldi.

Amma bu Məmmədovların imperiyası uzun sürmədi. Əvvəlcə qardaşı deputat mandatı qazana bilmədi. Daha sonra isə etimadı itirə-itirə getdi və Dövlət Dəmir Yolları, Azəryolservis kimi strateji səlahiyyətlər Ziya Məmmədovdan alındı. Hətta taksi xidmətləri, sərnişindaşınma kimi səlahiyyətləri də əlindən alınaraq daha etibar edilmiş adamlara və yeni islahatlar nəticəsində formalaşdırılmış qurumlara verildi.

Bundan sonra isə Ziya Məmmədov öz «piar ustaları»nın yardımından istifadə etməklə ABŞ-dakı prezident seçkilərini gözləməli, gözlətməli oldu. Prezident seçkiləri dönəmində guya ABŞ-la Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdırılması səbəbindən oğlu Anar Məmmədovun «müstəsna» imkanları təbliğ edilməyə başladı. Anar Məmmədovun ortağı, dostu, sabiq nazirin dediyi kimi az qala əmisi, dayısı oğlu kimi təqdim edilən Tramp prezident seçildi.

Nəticə isə dəyişmədi. Tramp prezident olduqdan dərhal sonra biznesindən imtina etməyə başladı. Azərbaycanın mülkiyyəti olan binanın üzərinə «Trump» sözü yazılmış lövhə söküldü. Nəticə etibarilə də Azərbaycan dövləti qarşısında etimadını itirmiş bir adam hətta ABŞ prezidentindən də «dəstək» ala bilmədi. İndi də yeni keçid dövrü yaşanır. Bu TRAMPlinin sonunda xaricə uçan təyyarəmi var, yoxa artıq təyyarə uçub gedib, sonu uçurumdur…?
GUNDEMİNFO.AZ

Geri qayıt