Əsas Səhifə > Siyasət, Manşet > “Küçədə qalmışıq, kömək edən yoxdur”
“Küçədə qalmışıq, kömək edən yoxdur”9-02-2017, 08:27 |
Ağadam rayonundan məcburi köçkün olan Abbasova Rəfiqə Salman qızı ailəsinin açınacaqlı durumu ilə bağlı Azinforum.az-a videomüsahibə verib. Şikayətçi bildirir ki, 1993-cü ildə Ağdamın Gülablı kəndindən qaçqın düşüblər. Ailə başçısını itirən xanım şikayətçi bildirir ki, həmin dövrdən indiyə kimi 8 nəfər ailə üzvü ilə kirayələrdə yaşamağa məcburdurlar. Nə qədər qəribə olsa da, bu 24 il ərzində onlara qaçqınlar üçün ayrılan evlərdən heç nə düşməyib. Rəfiqə Abbasova bildirir ki, son illər icra başçısı Raqub Məmmədovun tapşırığına əsasən o boş olan başqa bir qaçqının evinə kirayəşin kimi yerləşdirilib: “Kirayə pulunu da icra başçısının göstərişinə əsasən “sovet sədri” Elmir ödəyirdi. Mənə söz verilmişdi ki, tikintisi başa çatacaq şəhərcikdən ailəmizə nəyin bahasına olursa-olsun ev veriləcək. Ancaq bu olmadı və Elmir müəllim mənə dedi ki, kirayə pulunu da ödəyə bilməyəcək. Mən dəfələrlə icra başçısı Raqub Məmədovun, yerli “qaçqınkomun” qəbulunda olmuşam heç biri mənə kömək etmir. Ölkə başçısı cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edirək bildirmək istəyirəm ki, qaçqın şəhərciyində olan evlərin böyük əksəriyyəti ehtiyacı olmayan ailələrə verilir. Onların çoxunda hazırda yaşayış belə yoxdur. Bizim kimi, evə ehtiyacı olan böyük ailə isə 24 ildir küçələrdə sərgərdan qalıb. Cənab Prezident! Əminəm ki, sizin bu özbaşınalıqdan xəbəriniz yoxdur. Artıq dərəcədə xahiş edirəm ki, ailəmizin evlə təmin olunmasına köməklik göstərəsiniz”. Azinforum.az ağdamlı qaçqınla olan müsahibəni və həmin rayonun ərazisində olan şəhərcikdəki yaşayış olmayan evlərə dair videomaterialı təqdim edir. Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq. Geri qayıt |