Əsas Səhifə > Siyasət, Manşet > Eldar Mahmudovun obyektini dövr alan gürcü biznesmen Ermənistan hakimiyyətinin dostudur

Eldar Mahmudovun obyektini dövr alan gürcü biznesmen Ermənistan hakimiyyətinin dostudur


31-01-2017, 08:24
Eldar Mahmudovun obyektini dövr alan gürcü biznesmen Ermənistan hakimiyyətinin dostudur
Ötən ilin sonlarında sabiq MTN başçısı Eldar Mahmudovun ən böyük şirkətlərindən biri “Saba Cars”ın yeni adla fəaliyyətə başlamısı barədə məlumat yayılmışdı. LEGİON bildirir ki, terefdar.az-da yayılan məlumatda qeyd olunurdu ki, Eldar Mahmudova məxsus olan avtomobil satış mərkəzi uzun müddət qapalı qaldıqdan sonra nəhayət ki, fəaliyyətə başlayıb. Tərəfdar.az xəbər verir ki, “Aztech Tegeta Motors” adında fəaliyyətə başlayan obyektdə təmizlik işləri başlanıb. Son günlər Mahmudovun bir neçə obyektinin də yenidən fəaliyyətə başlaması haqda mətbuatda informasiyalar yayılıb. Qeyd edək ki, hazırda barəsində danışdığımız obyekt Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra bağlanıb.

Orada olan avtomobillər isə evakuatorlara yüklənərək aparılıb. Badamdar qəsəbəsi “Qurd Qapısı” dairəsinə yaxın ərazidə yerləşən həmin obyekt 2007-ci ildə “Avtomobil Dünyası” adı altnda fəaliyyətə başlamışdı. Burada qiyməti 300 min dollara yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Bir müddət keçdikdən sonra isə obyekt “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Bakıda satışa çıxarılan ən bahalı maşın markalarına məhz bu obyektdə rast gəlmək olardı.
Eldar Mahmudov işindən azad olunandan və ətrafında olan şəxslər həbs olunduqdan sonra bu obyektlə bağlı maraqlı faktlar üzə çıxdı. Belə ki, bir neçə sahibkar mətbuata verdikləri videomüsahibədə bildirmişdilər ki, onları şantaj edən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev sahibkarlara satış mərkəzindən maşın aldıraraq həmin avtomobili öz adına keçirirmiş.
Bununla da o həm şefi Eldar Mahmudova xeyir verirdi ,həm də yeni bahalı avtomobilə sahib olurdu (terefdar.az)

LEGİON əlavə edir ki, ölkə mətbuatında bu şirkətin sahibinin Dəmir Abdullayev olduğu qeyd olunur. Bu şəxsin adı MTN başçısıyla əlaqələndirilən “dərman mafiyası”nın rəhbəri Ədalət Ramazanovla da birgə hallanır (milli.az). Fevralın 15-də təntənəli açılışı gözlənilən “Aztech Tegeta Motors”a gəlincə, bu şirkət Gürcüstanda nəhəng şirkətlərdən birinin törəməsidir. “Tegeta Motors” Gürcüstanda monopolist şirkətlərdən hesab olunur.

Bir şirkətin və eyni zamanda “Sairme” kurortunun sahibi Temur Koxodze 2008-2012-ci illərdə Vahid Milli Hərəkat Partiyasından millət vəkili olmuşdu. Bu şəxs və onun şirkəti barəsində Transparency Internationalın hesabatlarında bir sıra məqamlar diqqəti çəkir. Belə ki, 2008-ci ildə “Tegeta Motors” Mixeil Saakaşvilinin seçki kampaniyasına 500 min lari (303 min ABŞ dolları) ianə edib və bu, rəsmi hüdudlardan beş dəfə artıqdır. Eyni ildə isə T.Koxodze hakim partiyadan deputatlığa namizəd olur və seçkilərdə qalib gəlir. Bundan sonrakı illərdə isə böyük dövlət sifarişləri və tenderlərdə “Tegeta Motors”un adı daha çox hallanmağa başlayır. Beynəlxalq təşkilatların hesabatlarına bu şirkətin yüzminlərlə, milyonlarla dollar dəyərində dövlət sifarişini qarşılayan “monopolist” kimi düşdüyü deyilir.

“Tegeta Motors”un Ermənistanda da böyük törəmə şirkəti və filialı var. “Tegeta Motors”un rəsmi saytında deyilir ki, şirkət korporativ və fərdi müştərilər üçün müxtəlif avtomobil satışı və xidmətlər həyata keçirir, “JCB”, “Bridgestone”, “Michelin”, “Hankook”, “Varta”, “Exide”, “Optima”, “Shell”, “Motul”, Meguin, Hengst, ZF Parts, “Lemforder”, “Sachs”, Philips, “Bosch”, “BPW”, “Thermo King”, “Febi”, “Federal Mogul”, “Porsche”, “Mazda”, “Toyota”, “Man Truck & Bus AG” kimi brendlərin rəsmi nümayəndəsidir.
Həmçinin, “Tegeta Motors”un Gürcüstanda 19 filiala malik olduğu deyilir. Digər tərəfdən, artıq bir sıra iş adamları arasında məlumat gəzməyə başlayıb ki, “Tegeta Motors” dünya brendlərinin təmsilçiliyini Azərbaycanda da həyata keçirəcək, nəticədə isə bir çox yerli şirkət öz mallarını Temur Koxodzedən almalı olacaq.

Bəs bu, yerli sahibkarların, necə deyərlər, milli burjuaziyamızın fəaliyyətinə necə təsir edəcək? LEGİON yuxarıdakı brendlərin Azərbaycanda rəsmi təmsilçililəri barədə araşdırma apararkən, “Active Group” adlı şirkətin “Bosch”u və bir neçə məşhur dünya brendini ölkəmizdə təmsil etdiyini öyrəndik.
Şirkətin rəhbəri Elşad Hüseynov əməkdaşımızla söhbətində təmsilçiliklə bağlı məqamları təsdiqləsə də, geniş danışa bilməyəcəyini və tədbirdə olduğunu dedi. Bir saat sonra zəng etdiyimizdə isə E.Hüseynov “özüm sizə zəng edəcəyəm” deyib dəstəyi asdı.

Lakin Elşad Hüseynovun qardaşı, bu sferada fəaliyyət göstərən REEN şirkətinin rəhbəri Elşən Hüseynov suallarımıza cavab verdi. “Bəli, belə bir şirkətimiz var, “Bosch”un rəsmi nümayəndəsiyik”, – deyə Elşən Hüseynov qeyd etdi.
“Elşən müəllim, “Tegeta Motors” da “Bosch”un rəsmi təmsilçisidir. Bu şirkət Azərbaycanda da açılıb və deyilənlərə görə, Azərbaycan şirkətləri də bundan sonra bir sıra brend məhsulları “Tegeta Motors”dan almalı olacaq. Bu, sizin biznesə necə təsir edəcək?”, – deyə maraqlandıq. “Elə məlumatım yoxdur… Belə danışıqlar eşitmişəm, amma rəsmi nümayəndəlik ola bilməz. Hər bir ölkədə ayrı nümayəndəlik var. Azərbaycanda rəsmi nümayəndə bizik. O şirkət burda “Bosch”un nümayəndəsi kimi fəaliyyət göstərə bilməz. Onlar mal gətirə bilərlər, amma nümayəndə ola bilməzlər. Region üzrə nümayəndəlik yoxdur”, – deyə Elşən Hüseynov bildirdi.

Temur Koxodzenin İrəvandakı nümayəndəliyin rəsmi açılışında da Ermənistanın vəzifəli şəxsləri ilə birlikdə iştirak etməsi “Youtube”da paylaşılan videolardan aydın görünür. Bu videosüjetlər Ermənistanın müxtəlif telekanallarında yayımlanıb.
T.Koxodzenin Ermənistana tez-tez səfər etdiyi və Ermənistan hakimiyyətindəki bir çox şəxslə yaxın münasibətlərdə olması da LEGİON-a məlumat verən mənbələr tərəfindən qeyd olunur.
Həmçinin, mənbələrin bildirdiyinə görə, Gürcüstandakı Temur Koxodzeyə aid müəssisələrdə işçilərin əksəriyyəti ermənilərdir və məhx Koxodzenin göstərişi ilə azərbaycanlılar işə götürülmür. T.Koxodzenin ermənilərlə, Ermənistan hakimiyyəti ilə nə qədər yaxın olduğunu deyə bilmərik. Amma T.Koxodzenin Eldar Mahmudova aid müəssisənin bazasında yeni törəmə şirkət yaratması oxucuların da suallarına səbəb ola bilər. Belə ki, LEGİON əməkdaşı tanınmış neft eksperti İlham Şabanla söhbət zamanı, təxminən 20 il əvvələ aid olan maraqlı bir hekayənin qulaq şahidi oldu.

“1995-96-cı illər idi. Azərbaycan müharibədən təzə çıxmışdı, 15 mindən çox şəhidimiz, 50 mindən çox yaralımız vardı. Hər yerdə qaçqın çadırlarına rast gəlmək olardı. Belə bir vaxtda Fransanın “Total” şirkəti Azərbaycanın Şahdəniz yatağıyla maraqlanmağa başladı. O zaman mərhum prezident Heydər Əliyevin rəhbərlik etdiyi hakimiyyət bir məqamı nəzərə alaraq, danışıqlarda diqqətli davrandı. “Total”ın Asiya və Yaxın Şərq üzrə vitse-prezidenti yaşlı bir erməni idi. Həmin şəxs təqaüdə göndəriləndən sonra, müqavilə imzalandı. Bu proses altı aya yaxın vaxt apardı”, – deyə İ.Şaban bildirdi.
Ümid edirik ki, hörmətli məmurlarımız xarici şirkətlərə Azərbaycanda şərait yaradarkən, hərdən tarixə də boylanaraq, düzgün qərarlar verməyə çalışacaqlar.

Geri qayıt