Əsas Səhifə > Siyasət, Manşet > Heydər Əsədovun şübhəli "Ramko MMC" sevgisi"

Heydər Əsədovun şübhəli "Ramko MMC" sevgisi"


11-01-2017, 08:22
Heydər Əsədovun şübhəli "Ramko MMC" sevgisi"
İkimininci illərin ortalarından başlayaraq dövlət büdcəsinə daxil olan güclü maliyyə axını ölkənin tikinti sahəsinin inkişafına ciddi təkan verdi.

Respublikanın bütün regionlarında aparılan abadlıq-quruculuq işləri yeni tikinti şirkətlərinin yaranmasına səbəb oldu. Düzdür, son bir il yarımda iqtisadi böhrana görə, tikinti sahəsi əhəmiyyətli dərəcədə tənəzzülə uğrayıb. Və buna görə də xeyli tikinti şirkətləri fəaliyyətini dondurub. İndi ancaq o tikinti şirkətləri fəaliyyət göstərir ki, onların ölkənin rəhbər vəzifələrində ciddi dayaqları var. "Yuxarı”larda bu cür ciddi dayaqları olan tikinti şirkətləri milyonlarla manat dəyəri olan dövlət sifarişlərini əldə etməklə böyük qazanclar əldə edirlər.

Qlobal.az-ın internet üzərindən apardığı araşdırma zamanı məlum oldu ki, dövlətin sifarişi ilə böyük həcmdə tikinti layihələrini həyata keçirən şirkətlərdən biri də "RAMKO” MMC-dir. Əldə etdiyimiz məlumata görə, fəaliyyətində qeyri-şəffaflıq elementləri olan "RAMKO” MMC əsasən sosial-iqtisadi yönümlü sifarişləri həyata keçirir. Öncə onu qeyd edək ki, milyonlarla dəyərində layihələr həyata keçirən "RAMKO” MMC-nin şirkət olaraq prinsipləri, gördüyü işlər haqqında bilgi verən saytı yoxdur. Bütün dünyada milyonlarla (hətta çox kiçik şirkətlərin də) dövriyyəsi olan ciddi şirkətlərin web-saytları var, sosial şəbəkələrdə mövcuddurlar. Məsələn, hansısa şəxsə və yaxud jurnalistə hər hansı bir dövlət qurumu, ya da tenderlərdə iştirak edən bir şirkət haqqında məlumatlar lazım olanda təbii ki, ilk növbədə internet axtarış sistemlərinə üz tutulur. Ciddi şirkətlərin ünvanı, telefonu, nə işlə məşğul olduğu, fəaliyyətinə dair məlumatlar, hətta hesabatlar saytlarında açıq- aydın yazılır. Milyonluq layihələr həyata keçirən və fəaliyyəti ilə bağlı informasiya əks etdirən saytı olmayan şirkətlər əsasən kağız üzərində "işləməyə" üstünlük verirlər. Qarşılaşdığımız reallıq "RAMKO” MMC-nin məhz sonunculardan- kağız üzərində fəaliyyət göstərən şirkətlərdən olduğunu göstərir.

Araşdırmalarımız zamanı məlum oldu ki, uzun illərdən bəri ölkənin müxtəlif rayonlarında su çəkilişlərini həyata keçirən "RAMKO” MMC-nin qalib olduğu tenderlərdə müxtəlif maxinasiyalar olduğuna dair şübhələr var. Belə ki, milyonlarla smetası olan bu cür dövlət layihəsini həyata keçirən "RAMKO” MMC-nin müqavilələrinə, gördüyü işlərə google axtarış sistemində qətiyyən rast gəlinmir. Əlavə olaraq isə qalib olduğu tenderlərin qiymət göstəricilərinə də heç bir yerdə rast gəlmək mümkün deyil. Əlbəttə ki, bu cür fəaliyyət böyük həcmdə dövlət pullarının qaranlıq taleyindən xəər verir.

Apardığımız araşdırmalar zamanı o da müəyyən edildi ki, 2012-ci ildə Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasını və tikintisini Fransanın "SADE” şirkəti ilə birgə həyata keçirən "RAMKO” MMC burada da ciddi maxinasiyalara yol verib. Qeyd edək ki, "SADE” şirkəti layihənin gen- podratçısı "RAMKO” MMC isə tikinti- quraşdırma işlərinin icraçısı olmuşdur. 90 kilometrə yaxın müxtəlif diametrli su şəbəkəsi və 70 kilometrə yaxın kanalizasiya şəbəkəsinin çəkilişi sifariş olunsa da məlumata görə, "RAMKO” MMC sifarişi sonacan yerinə yetirməyib. Bundan başqa layihə çərçivəsində şəhərin su təchizatının daim özüaxımlı etmək üçün ümumilikdə 2700 kubmetr həcmində 3 müxtəlif nöqtələrdə inşa olunan su anbarlarının tikintisi zamanı da qanunsuzluqlara yol verildiyi deyilir. Deyilənlərə görə, bu anbarların tikintisi zamanı istifadə olunan armatur və betonun tərkibi heç də müqavilələrdə göstərilən keyfiyyətdə olmayıb. Digər məlumata görə, "RAMKO” MMC-nin özünə məxsus iş prinsipi olduğu kimi özünəməsxsus da iş təhvil vermə "metodu” var. İddiaya görə, şirkətin inşa etdiyi hər bir layihənin təhvil-təslimi zamanı işi qəbul edən nazirliyin nümayəndələri, yerli RİH-nin aidiyyatı şəxsləri əsl "bayram" ab-havasında olurlar.

Qeyd edək ki, hal-hazırda "RAMKO” MMC Bərdə rayonunun Xamtorpaq ərazisində 50 hektara yaxın ərazidə və eləcə də digər rayonlarda böyük həcmli tikinti layihələrini həyata keçirir. Bu tip milyonluq layihələrdən biri də- Süni Mayalanma Mərkəzi şirkət tərəfindən Göygöl rayonunda inşa edilir.

Bundan əlavə olaraq şirkətin fəaliyyət trayektoriyası əldə etdiyimiz məlumata görə hətta qonşu Gürcüstana qədər gedib çıxır.

Daha bir məlumata görə, "RAMKO” MMC-nin çalışdırdığı usta və fəhlələrin heç biri ilə əmək müqaviləsi yoxdur. Çalışdırdığı işçilərin böyük əksəriyyəti sığorta olunmayıb. Şirkətin apardığı tikinti işlərində təhlükəsizlik qaydaları kobud formada pozulur. Ustaları və fəhlələri ilə əmək müqaviləsi bağlamayan şirkət bu əməli ilə dövlət büdcəsinə ödəməli olduğu verginin həcmini əhəmiyyətli dərəcədə kiçildir.

Onu da nəzərinizə çatrdıraq ki, "RAMKO” MMC-nin maxinasiyalarından bəzi dövlət strukturlarının da xəbəri var. Şirkət yol verdiyi qanunsuzluğa görə, dəfələrlə müxtəlif dövlət müəssisələri tərəfindən məhkəməyə verilib. Buna misal olaraq ötən ilin sentyabr ayında Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti "RAMKO” MMC-ni şirkətin siyahıya alınmış əmlakının açıq hərracda satılmasının təmin olunması tələbi ilə məhkəməyə vermişdi.

O zaman bu işin icraatı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi məşğul oldu.

Ondan bir il əvvəl- 2014-cü ildə Azəriqaz İB-i "RAMKO” MMC-ni öhdəliyini yerinə yetirmədiyinə görə, pul tələbi ilə məhkəməyə vermişdi. Bu iddiaya isə 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsində baxıldı.


Göründüyü kimi, "RAMKO” MMC kifayət qədər müəmmalı fəaliyyət göstərən tikinti şirkətlərindəndir. Mətbuatın gözündən məharətlə gizlənməyi bacarmış bu tikinti şirkətinin cari fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəf də mövqeyini bildirə bilər.

Geri qayıt