Əsas Səhifə > Siyasət, Manşet > Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır edir?

Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır edir?


10-01-2017, 07:58
Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır edir?
Yanvarın 8-də LEGİON-da vəkil Sevil Hacıyevanın müsahibəsi dərc olunmuşdu. Həmin müsahibədə vəkil müdafiə etdiyi Rahib Hüseynov və Emin Hüseynov qardaşlarının ötən ilin noyabrında Qoşqar Tofiq oğlu Zeynalovun (DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu, Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu – red.) şikayəti əsasında həbs olunmasından və istintaq prosesindən danışmış, nəqliyyat nazirinin müavini Arif Əsgərov və ailəsi haqqında sensasion açıqlamalar dilə gətirmişdi. S.Hacıyeva müsahibəsində sözügedən “dələduzluq” ittihamının tarixçəsinə diqqət çəkmişdi: “Qoşqar Zeynalov bir neçə il əvvəl DİN Baş MCMİ-də yazmışdı ki, Rahib Hüseynovdan heç bir şikayəti yoxdur və onların arasında kommersiya fəaliyyəti olmayıb.

2013-cü ildə də Rahib Hüseynov 11 ay bu işlə bağlı həbsdə yatıb və real faktları istintaqa bildirəndən sonra Arif Əsgərov tərəfindən bir çox şəxslərin pulu qaytarılmış, Qoşqar Zeynalov da onun yaxın qohumu olduğundan, ondan özünün razılığı ilə ərizə alınmış və pulu qaytaracağını bildirmişdilər. O vaxt Elnar Əsgərov ona pulu qaytaracağını vəd etmiş və bir qismini qaytarmışdı. Arif Əsgərovun da əvvəlki imkanları olmadığına görə, yəqin Qoşqara deyiblər ki, gedin nə edirsiniz edin, Rahib və Emini tutdurun, biz qarışmayacağıq. Hadisələrin gedişatından belə görünür.

Təbii ki, Elnar öz xalasıoğlanlarını qurban verib və bütün məsələlərdən kənarda qalıb. Əslində, bu pul məsələsi Arif Əsgərov, onun həyat yoldaşı Balaxatın Əsgərova və oğlu Elnar Əsgərovun dəmiryolu sistemində həyata keçirdikləri maxinasiyalardan, “otkat” əməliyyatlarından başlayır.

Onlar müxtəlif şirkətlər açaraq, “Azərbaycan Dəmir Yolları” QSC-yə şişirdilmiş qiymətlərlə müxtəlif mallar satırdılar. Mal almaq üçün maya lazım olduqda isə müxtəlif şəxslərdən faizlə borc istəyir, yüksək gəlir vəd edir, pul almağa isə Rahib və Emini göndərirdilər. Rahib Hüseynov o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-də marketinq şöbəsinin müdiri idi. O, Arif Əsgərovun və ailəsinin tapşırıqlarını yerinə yetirirdi.

Müxtəlif şəxslərdən aldığı pulları isə aparıb Elnar Əsgərova vermişdi. Bu və digər nüanslarla bağlı xeyli faktlar var. Hələ 2013-cü ildə də ölkə mətbuatı dəmiryolundakı maxinasiyalardan yazmışdı. Nədənsə, Arif Əsgərov və ailəsi məsuliyyətə cəlb olunmadı. O vaxt olduğu kimi, indi də Rahib və Emin Hüseynovu qabağa verirlər. Sanki özlərinin bu işlərdən heç xəbəri olmayıb. Halbuki, bütün oyunların başında Arif, Balaxatın və Elnar Əsgərovlar üçlüyü durur. Elnar Əsgərovun açdığı şirkətlərə aid müqavilələrin bəzi sənədlərini də sizin redaksiyanıza, habelə istintaqa təqdim etmişəm. Elnar Əsgərovun mənə məlum olan şirkətləri bunlardır: “Apollon”, “Sigma” və “Liman Group”.

Araşdırma başlansa, çox faktlar üzə çıxacaq. Elnar Əsgərov borcları niyə vaxtında qaytarmayıb, bilmirəm… Amma Rahib Hüseynovun sözügedən şirkətlərlə və pulların hara getməsiylə heç bir əlaqəsi olmayıb.

Əsgərovlar ailəsi dəmiryolundakı maxinasiyalarla külli miqdarda sərvət toplayıblar, indi isə müvəkkillərimi qurban verirlər”.

Oxuculara onu da xatırladaq ki, S.Hacıyeva sözügedən qalmaqalla bağlı ilk açıqlamasını LEGİON-a 2016-cı il dekabrın 20-də vermiş, Rahib Hüseynovla bağlı gedən istintaq prosesinə Elnar Arif oğlu Əsgərovun da cəlb olunmasını tələb etmişdi. Biz mövzu ilə bağlı Arif Əsgərova da zəng etmişdik. Lakin telefona cavab verən şəxs (saytımızda səs yazısını dinləyən bir çox oxucumuz həmin şəxsin məhz Arif Əsgərov olduğunu deyir – red.) özümüzü təqdim edərkən bizə bildirmişdi ki, “Arif müəllim yoxdur, bir azdan zəng edin”.

Təəssüf ki, ondan sonra A.Əsgərova dəfələrlə zəng etmişik, lakin nə 2016-cı ildə, nə də 2017-ci ildə A.Əsgərov bizim zənglərimizə cavab vermir. Həmin açıqlamadan bir neçə gün sonra, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov LEGİON əməkdaşıyla söhbətində bildirmişdi ki, “mütləq yeni ildən sonra sözügedən mövzuda açıqlama olacaq”.

Lakin yanvarın 9-da Namiq Həsənov telefon zənglərimizə cavab vermədi. Bizə maraqlı gəldi, əgər Nəqliyyat Nazirliyinin rəsmiləri bu mövzuda açıqlama vermək istəmirsə, bəlkə, “Azərbaycan Dəmir Yolları” QSC-də mətbuatın suallarına cavab verən olar?

Axı Sevil Hacıyevanın müsahibəsində məhz “Azərbaycan Dəmir Yolları” QSC-də aparılan maxinasiyalardan söz açılır… Həmçinin, xatırladaq ki, ötən il oktyabrın 13-də Azərbaycan dəmiryolçularının peşə bayramı münasibəti ilə keçirilmiş tədbirdəki çıxışında Cavid Qurbanov bir çox maraqlı məqamlara toxunmuşdu. “Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz”, – deyə C.Qurbanov vurğulamışdı.

C.Qurbanov şəffaflığa nail olmaq istədiyini desə də, növbəti gün (oktyabrın 14-də) QSC-nin mətbuat katibi Nadir Əzməmmədov onun açıqlamalarının “seryoznı” olmadığını bildirdi. “Nadir müəllim, bəs ötən gün Cavid Qurbanovun açıqladığı yeyinti faktlarıyla bağlı hər hansı tədbir görülübmü? Hüquq mühafizə orqanlarına məlumat verilibmi?”, – deyə soruşduq. “O da zarafat idi. Mətbuat niyə bunu belə “seryoznı” qəbul edir? Zarafatyana söhbətlər eləyirlər orda, camaat da ciddi qəbul eləyir… Özünüz tekstə qulaq assanız görərsiniz ki, orda deyilənlər hamısı zarafatdır. “Seryoznı” qəbul etməyin”, – deyə N.Əzməmmədov tövsiyə verdi.

“Belə çıxır ki, heç bir “yeyinti” olmayıb?” – deyə dəqiqləşdirmək istədik. “Əlbəttə, “yeyinti” olsaydı, tədbir görülərdi”, – deyə QSC-nin mətbuat katibi cavab verdi (Qafqaznews.az).

Biz yanvarın 9-da “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirovaya zəng etdik. Və ondan “Sigma”, “Apollon” və “Liman Group” şirkətlərinin QSC ilə həyata keçirdiyi alqı-satqı əməliyyatları haqda soruşduq. “Siz o şirkətlərin adını mənə SMS və ya “e-mail”lə göndərin, araşdırıb sizə məlumat verərəm”, – deyə S.Qədirova LEGİON əməkdaşına bildirdi.

Biz sorğumuzu və Sevil Hacıyevanın müsahibəsini S.Qədirovanın elektron poçtuna göndərsək də, nə zənglərimizə, nə də sorğumuza gün ərzində cavab ala bilmədik. Deyirlər ki, zaman ən böyük hakimdir. Beləliklə, zaman C.Qurbanovun heç də “neseryoznı” danışmadığını göstərir. Sadəcə, onun öz açıqlamalarından geri çəkilməsində kimlərinsə müəyyən rol oynaması barədə şübhələr yarana bilər. Əlbəttə, inanırıq ki, gec də olsa, bu və digər suallar öz cavabını tapacaq…. Və ona da inanmaq istərdik ki, hörmətli Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır etmir və etməyəcək.

Geri qayıt