Əsas Səhifə > Siyasət, Manşet > Haqqı tapdanan vətəndaş prezidentə üz tutdu
Haqqı tapdanan vətəndaş prezidentə üz tutdu2-01-2017, 10:41 |
Neçə gün əvvəl vətəndaş Cəbrayıllı Gülnarə Aydın qızının iddiası əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə mülki iş üzrə məhkəmə prosesi davam etdirildi... Prosesdə iddiaçı Cəbrayıllı Gülnarə Aydın qızının vəkili Nüşabə Ağayeva, cavabdeh Mikayılov Bayram Təvəkkül oğlu, onun nümayəndəsi Mehman Paşayev və tərəflərin yaxınları iştirak edirdilər... Hakim İlahə Abbasova prosesi mülki məhkəmə prosesini açıq elan etdikdən sonra iclas şahidlərin dindirilməsi ilə başlamışdı... "Təzadlar" məhkəmə prosesi barədə dünənki buraxılışında ətraflı yazmışdı... Bu dəfə hamını şoka salan bir məlumatı təqdim etməyə məcburuq. Söhbət hakim İlahə Abbasovanın mülki şikayətçidən onun qanuni xeyrinə qərar qəbul edilməsi üçün onun atası Aydın Cəbrayılovu "çıxılmaz vəziyyətə" salmasından gedir... "Təzadlar"a Aydın Cəbrayılov tərəfindən Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın bu qanunsuz əməli və intriqalı hərəkətindən Prezident İlham Əliyevə və ədliyyə naziri, Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlı şikayət məktubu daxil olub. Aşağıda ixtisarla təqdim edirik: Çox hörmətli cənab Prezident! "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda hakimlərin statusu aydın yazılıb. Həmin qanunda hakimlərə dövlət qayğısı və imtiyazlar aydın şəkildə yazılıb. Amma çox təəssüflər olsun ki, Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasova bütün etik qaydaları, qanunun tələblərini pozaraq qızımın mülki iddiasının təmin olunması üçün görünməmiş qanunsuz addım atdı... Belə ki, hakimə bütün maddi sübutlar təqdim edilmişdi, o, bu sübutları görəndə şoka düşmüşdü və bizə bildirmişdi ki, qarşı tərəf Allahsızlıq edib, bu qədər sübutlar olduğu halda niyə sizə qarşı belə hərəkətlər edib? Mən hakimə qızımın ər evinə apardığı cehiz əmlakının hər birinin haradan və hansı qiymətə alınması, dəyərinin kimin tərəfindən ödənilməsi, hansı tarixdə hansı şirkət tərəfindən verildiyi, həmin mənzilə necə daşınıb yerləşdirilməsi barədə arayışlar təqdim etməyimə baxmayaraq sonuncu prosesdə hakim İlahə Abbasova heç bir əsas olmadan qarşı tərəfin xeyrinə olan qərar qəbul etdi. Məni yandıran budur ki, hakim qadındır və bilməli idi ki, ər evinə (bu evin təmirinə isə mən 80 min manat xərc çəkmişəm, bu başqa bir mövzudur) gəlin cehiz aparır, bəy yox! Amma bu hakimin qərarından belə başa düşülür ki, cehizi bəy, yəni hazırda Saatlı Məğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılov gətirib... Necə ola bilər ki, mən mənfur ermənilərdən xilas edib gətirdiyim mal-mülkü Bakıda Xətai rayon Məhkəməsinin bir qondarma qərarı ilə kimsə ələ keçirir! Bu necə mümkündür? Hakimin bu işdə, yəni belə qanunsuz qərar qəbul etməsində marağı nədir? Bəli, hakim "istəklərindən" xəbərdar idim, lakin mən Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparıldığı bir vaxtda belə addımı ata bilərdimmi? Cənab Prezident! Hörmətli nazir! Mən indi nə edim, bu hakimin belə qanunsuz, cinayət mahiyyətli əməlinə qarşı ən sərt tədbir görülməli deyilmi? İnanıram ki, Azərbaycanın adına zidd əməllər tutan belə hakimlər sərt cəzalanmalıdır və hakim İlahə Abbasovanın barəsində müvafiq tədbir görülməlidir... Hakimin köməkçisi iddiaçının mobil telefonuna göndərdiyi mesajında niyə təcili hakimlə görüşməyi tələb edir? Şikayətçi Aydın Cəbrayılov bu gün əməkdaşımızla görüşüb və iş üçün vacib sübutlara dair bir sıra vacib sənədləri təqdim etdi... Hansı ki, bu sənədlər məhkəmə prosesində hakimə də təqdim olunub. Həmin sənədlər "Sfera Mebel" mağazalar şəbəkəsindən alınan mətbəx mebelinə, "Smarton" MMC-dən alınmış 4 ədəd LG televizorlarının, 3 ədəd kondisionerlərin alınmasına dair rəsmi sənədlər və ödəniş qəbzlərindən ibarətdir. Sənədlər arasında "Yağmur Mebel" mağazasından alınan mebel dəstlərinin, 145 adda cehiz əşyalarının, 2 ədəd qızıl tac (hər biri 25 min dollar məbləğində, Türkiyədə sifariş əsasında hazırlanıb) və gəlin üçün sinə qızıl lileti və s. vardır. Bunlar da hakimə təqdim edilib. Hakim İlahə Abbasova isə qarşı tərəfə başqa şərtlərini diqtə edib... "Hətta onun köməkçisi mən Aydın Cəbrayılovun mobil telefonuna mesaj yazaraq təcili olaraq hakim İlahə Abbasova ilə görüşməyi təklif edir... Bunun isə nə demək olduğunu bir hakim bilsin, bir də Allahı!", -deyə şikayətçi bildirir... Sənədləri təhlil edəndə isə məlum olur ki, kürəkəni Bayram Mikayılova qızıl pul kartını verib onu Parisə göndərən Aydın Cəbrayılov kartından xərclənən 20 min evro pula xəsislik etməyibsə, onun qeyd edilən cehiz mebelləri almaması necə mümkündür? Hansı ki, hakim İlahə Abbasova tamam tərsinə mövqe tutaraq qərar qəbul edir ki, sən demə, bütün cehizi Bayram Mikayılov alıbmış... Şikayətçi Aydın Abbasov haqlı olaraq sual edir: "Hakimdən soruşuram, özü ərə gedəndə, yəni ailə həyatı quranda, yaxud övladlarına toy edəndə, cehizi oğlan evi almışdı, yoxsa qız evi???". *** Şikayətçi Aydın Cəbrayılov hazırda apelyasiya şikayəti verməyə hazırlaşır... Bununla bərabər, o, hakimin barəsində Prezident İlham Əliyevə və MHŞ-nin sədri Fikrət Məmmədova rəsmi müraciət də göndərəcək... O, həmçinin hakim İlahə Abbasovanın qohumlarına, qudasına... da mətbuat vasitəsilə müraciət etmək niyyətindədir. Sonuncu Müraciət redaksiyaya təqdim edilib. Az sonra oxuya bilərsiniz... (Davamı var) "Təzadlar" Geri qayıt |