Əsas Səhifə > Siyasət, Manşet > "Azərişıq" ASC-də ötür-ötür oyunu
"Azərişıq" ASC-də ötür-ötür oyunu19-12-2016, 09:04 |
“Gündəm Xəbər”in elektron poçtuna və redaksiyasına ünvanlanan şikayət məktublarında, daha çox sadə sakinlərin üz-üzə qaldıqları problemlərin varlığından bəhs olunur. Belə ki, redaksiyamıza şikayət ərizəsi təqdim edən Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi, məh29/45 bina-68, mən-137 ünvanında yaşayan Səfərov Zafət İnşalla oğlu, yazmış olduğu ərizəsində “Azərişıq” ASC-də baş alıb gedən ötür-ötür oyunlarından, qol qoyulan qanunsuzluqlardan bəhs edir. Belə ki, o, yazmış olduğu ərizəsində vurğulayır ki, “bizim elektrik enerjisindən istifadəyə görə, bu ilin oktyabr ayı üçün 27 manat 39 qəpik borcumuzun olması haqda qəbz verilmişdi. Mən həmin qəbz əsasında yazılmış borcu tam ödədim. Noyabr ayı üçün isə, əraziyə nəzarət edən nəzarətçilər 10 manat 5 qəpik borcumuzun olması haqda qəbz versələr də, qəbzdə qalıq borcumuzun 22 manat 37 qəpik olması da qeyd olunmuşdu. 22 manat 37 qəpik borcun necə əmələ gəlməsi ilə bağlı, Xətai raynonu Elektrik Enerjisi və Satışı İdarəsinin müştəri xidmətində olsam da, məni rəis müavini Sahib müəllimin yanına göndərdilər. O isə, Fuad adlı şəxsin yanına göndərdi. İdarənin bir neçə səlahiyyətlisinin yanında olsam da və nə qədər təkid etsəm də, bir kimsə borcun necə əmələ gəlməsi haqda mənə hər hansı açıqlama vermədi. Yalnız məsləhət gördülər ki, “yaxşı olar ki, baş idarənin şikayət və etirazlar komissiyasına müraciət edəsən” deyə, mənə yol göstərdilər. Belə olan halda “Azərişıq” ASC-nin 199 qaynar xəttinə zəng etməyə məcbur oldum. Düzdür, zəng etdim, amma qarşı tərəf də mənə dolgun cavab vermədi. Dəstəyi götürən xanım yalnız onu bildirdi ki, “qiymətlərin qaldırılması ilə bağlı “Azərenerji”nin daxili qərarı var, yəqin ki, həmin borc ona görə yazılıb” dedi. Çox maraqlı və təəccüb doğuran cavab oldu. Axı, noyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə, qiymət artımı ilə bağl Tarif Şurasının hər hansı qərarı yoxdur desəm də, dəstəyi qaldıran xanım mənə cavab verməkdən imtina etdi. Həmin gündən sonra “Gündəm Xəbər”in 14-15 dekabr 2016-cı il tarixli sayının 3-cü səhifəsində dərc olunan “İşıq pulu niyə 11 qəpikdən hesablanır?” başlıqlı açıqlamanı oxuyub, baş idarənin mətbuat xidmətinin rəhbəri Tanırverdi Mustafayevlə görüşmək qərarına gəldim. Təəssüflər olsun ki, onunla görüşmək istəyim də baş tutmadı. Həmin gün mətbuat xidməti rəhbərinin nahar fasiləsindən gəldiyini və iş yerinə getdiyini görsəm də, ona katibəlik edən xanım isə, Tanırverdi Mustafayevin işdə olmadığını bildirdi. Hətta, onu da vurğuladı ki, “mən sizi qəbul edib, probleminizlə maraqlana bilərəm” desə də, mən onun təklifindən imtina etdim. O halda bildim ki, “Azərişıq” ASC-də nələr baş verir, vəzifə sahibləri müştərilərdən özlərini necə gizlədirlər. Amma, ekran qarşısında, keçirilən tədbirlərdə şəffaflıqdan, haqq-ədalətdən ağızdolusu danışırlar. Baxmayaraq ki, qurum səlahiyyətlisi verdiyi müsahibələrində bildirir ki, “hansı abonentin problemi varsa mənə, yaxud da yerli şöbələrə də müraciət edə bilər” desə də, onun danışdıqları ilə atdığı addımlar tamam fərqlidir. Hələ bu azmış kimi baş idarənin giriş hissəsində dayanan mühafizəçilərin, problemini həll etməyə çalışan abonentləri necə sorğu-suala tutmaları da, tamam fərqli ab-havanın varlığından xəbər verir. Onu da vurğulayım ki, mən üç ildir ki, yeni tikili binada yaşayıram və yaşadığım müddət ərzində, elektrik sayğacımın hara yerləşdirilməsini dəqiqləşdirə bilmirəm. Bu da adı çəkilən qurumda çalışanların oyun qaydalarıdır”. Geri qayıt |