Əsas Səhifə > Siyasət, Manşet > “İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur”
“İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur”17-12-2016, 09:44 |
“Torpaq sahəmi və evimi icra başçısına satmadığım üçün o, mənə yurdumda yaşamağa imkan vermir. Mənə qarşı haqsızlıqlar edir, adamlarını üstümə göndərir, əkin sahələrimi məhv edir”. Bu sözləri Lerik rayonu Zərinqala kənd sakini, əmək veteranı, Baba Ağayev redaksiyamıza gələrək bildirib. B.Ağayevin sözlərinə görə Lerik rayonunun icra başçısı və müavini onun kənddəki sakit həyatını kabusa çevirməklə məşğuldurlar: “Lerikin Zərinqala kəndi İranla sərhəddə yerləşən digər 20-dək kəndlə birlikdə keçən əsrin 51-ci ilində boşaldılaraq, sakinləri aran rayonlarına deportasiya edilmişdi. Yalnız mərhum prezident Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olarkən keçmiş sakinləri geri qaytararaq öz ata-baba yurdlarında yaşamasına şərait yaratdı. Zərinqala kəndinin sakinlərinə də Lerik rayon XDS Rəyasət Heyətinin 25 may 1992-ci il tarixli qərarı ilə ata-baba yurdlarına qayıdıb ev tikmək, təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri verildi. Mən əmək təqaüdünə çıxandan sonra - 1993-1994-ci illərdə burada özümə ev tikib elə o vaxtdan da burada yaşayıram. 1993-cü ildən 2015-ci ilədək sakit həyatımızı yaşamış, kənd təsərrüfatı ilə məşğul olmuşuq. Amma bir müddətdir rayonun icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşiyev hər vasitə ilə işimizə əngəllər yaradır. 2015-ci ilin yazında icra başçısı sürücüsü vasitəsilə məni qəbula dəvət etdi. Qəbuluna getdiyimdə bizim kənddən xoşu gəldiyini və onun da orada bir evi olmasını istədiyini dedi. Mən onun təklifinə məmnuniyətlə razılıq verib bildirim ki, gəlib baxarsınız, biz 5 nəfər kənd sakini bir- birimizə qardaş, əmioğluyuq. Daha da sevinərik ki, sizin orada eviniz olsun, bəyəndiyiniz yerə tikinti materiallarını göndərin, tikinti işinə də sizə hər cür köməklik etməyə hazırıq. Bir müddət sonra isə başçının birinci müavini mənə bildirdi ki, başçı və o özü bizim ərazini bütövlükdə almaq istəyirlər. O, hətta evimin və qeyd etdiyim ərazinin alınması üçün bir simvolik qiymət də dedi - 15-20 min manat. Bu təkliflə razılaşmadım. Mən öz ata-baba torpağımı yenidən tərk etmək istəmirdim. Ona görə də birinci müavin C.Baxşiyevə rədd cavabını verdim. Bu vəziyyətdən sonra bizə qarşı əsl müharibə başlandı. İcra hakimiyyəti, xüsusilə onun birinci müavini öz adamlarını üstümüzə qaldırmağa başladı. Qonşu Divaqac kəndinin sakinləri Xanəhmədov Ramiz və oğlu İlkin, habelə onların yaxın qohumları Nuriyev Eynulla və onun dəfələrlə oğurluq və xuliqanlıq hərəkətlərinə görə polisə düşmüş oğlanları, Lerik şəhər sakini, icra başçısının birinci müavini C.Baxşiyevin əlaltısı Sahiyev Miriş hasarımızı sökdülər. Əkin sahəsində olan meyvə ağaclarının bir hissəsini qıraraq “bu torpaq bundan sonra bizə verilib” deyə xuliqanlığa başladılar. Bildirdilər ki, bu torpağı bu gündən onlara rayonun “padşahı” verib. Ondan bir gün sonra Xanəhmədov Ramiz oğlu ilə birlikdə təkrar həyətimizdəki torpağa daxil olaraq bel ilə başıma zərbə endirmək istəyərkən yanımda olan Qosmaliyan kənd sakini Oqtay Əhmədov məni zərbədən yayındırdı. Bir-iki gün sonra isə işimizə əngəl törətmək üçün əkin sahəmizi suvarmaqdan ötrü quraşdırılmış 250 manatlıq su nasosunu və onun elektrik xətlərini gecə ikən oğurladılar. Şikayətim də hüquq-mühafizə orqanlarında obyektiv araşdırılmadı, 18 iyul 2016-cı ildə Lerik rayon Məhkəməsi İXM-nin 296-cı maddəsi ilə qərəzli qərar qəbul edərək R.Xanəhmədovla yanaşı, məni 50 də manat cərimə etdi. Lakin Şirvan Apelyasiya məhkəməsi verdiyim şikayətə obyektiv yanaşaraq Lerik məhkəməsinin qərəzli qərarını ləğv edib, mənim barəmdə olan əsassız qərara xitam verdi. R.Xanəhmədov barədə verilən cəzanı isə qüvvədə saxladı. Bunlardan nəticə çıxarmayan icra başçısı və müavini yeni ehtiyat qüvvələrini işə saldı. Divaqac kənd sakini Nuriyev Eynulla və oğlanları 2016-cı ilin iyul ayının 8-də ərazimizdən biçdiyimiz 3 maşın quru otu gecə ikən oğurlayıb apardılar. Bu şikayətimizin də nəticəsi bugünədək yoxdur. O vaxt mən xəstəliyimlə əlaqədar Bakı şəhərinə gələndən sonra bu şəxslər üçün yenə fürsət yaranır və mənə məxsus su sexinin qapısını sındırıb içəridə suyu qazlaşdıran aparatın (saturator) üstündəki 2 ədəd elektrik mühərriklərini, orada olan 4 ədəd stolu, yeməkxananın çoxlu mətbəx avadanlıqlarını, təxminən 24-26 mm-lik armaturları oğurlayıb aparıblar. Bu iş də ört-basdır edilidi. 25 noyabr 2016-cı ildə bu şəxslər heç nədən çəkinmədən ərazimizdəki “setka” hasarı yenə sökərək traktorla əkin sahəmizə daxil olub, meyvə ağaclarımıza ziyan vurmaqla əkin sahəmizi şumlayıblar. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsəm də, işimə obyektiv yanaşılmır. Özünü şəhərin padşahı hesab edən icra başçısına torpağımı satmadığım üçün mənim başıma bu oyunları açır. Qəzet vasitəsilə prezidentə müraciət edərək xahiş edirəm ki, bütün bu qanunsuzluqların qarşısını almaqda mənə kömək etsin". Yazıda adı hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |