Əsas Səhifə > Siyasət, Manşet > Hacı Mazan özünü Masallının kralı kimi aparır

Hacı Mazan özünü Masallının kralı kimi aparır


15-12-2016, 08:31
Hacı Mazan özünü Masallının kralı kimi aparır
Bir neçə gün öncə Masallı rayonunda DYP əməkdaşı və tanınmış şou-biznes ulduzlarının iştirakı ilə qalmaqallı hadisə baş verib. Editor.az xəbər verir ki, Masallıda yerləşən "Viləş" otelində təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobilə yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən saxlama əmri verilib. YPX əməkdaşı saxlanılan avtomobilin sürücüsünə qayda pozutusuna yol verdiklərini izah edərək, avtomobilin sənədlərini təqdim etməsini xahiş edib.

Lakin maşında olan Aşıq Əli polisin qanuni tələbinə əməl etməyərək, YPX əməkdaşını hədələyib. YPX əməkdaşının israrla sənədləri istədiyini və tabesizlik göstərəcəkləri təqdirdə post-patrul xidmətinin əməkdaşlarının çağrılacağı ilə bağlı xəbərdarlıq etdiyini görən Aşıq Əli onları qonaq çağıran "Viləş" otelinin sahibi, məşhur iş adamı Hacı Mazan kimi tanınan Ramazan Zeynalova zəng edib.

Hacı Mazan hadisə yerinə gələrək onun qonaqları olan Xatirə İslam və Aşıq Əlinin avtomobilini saxladığı üçün yol patrul xidmətinin əməkdaşı Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib. Yalnız digər polis əməkdaşlarının köməyi sayəsində V.Ələsgərov döyülməkdən qurtulub. Hacı Mazan YPX əməkdaşına qəzəblənərək, onu xidmətdən uzaqlaşdıracağı ilə hədələyib. Masallı rayon YPX əməkdaşları hadisə ilə bağlı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etsələr də, Hacı Mazanın adını eşidən şöbə rəhbərliyi YPX əməkdaşına susmağı tövsiyyə ediblər.

Qeyd edək ki, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun adı indiyədək bir sıra qalmaqallarda hallanıb. Hacı Mazanın oğlu Bayram Zeynalov isə hazırda Sumqayıt şəhər Dövlət Yol Polisi idarəsinin rəisidir./Editor.az

Geri qayıt