Əsas Səhifə > Siyasət, Manşet > Mahmudovla bağlı daha bir ŞOK
Mahmudovla bağlı daha bir ŞOK9-12-2016, 09:42 |
Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Eldar Mahmudovun film kimi cinayətləri hər kəsə bəllidir. Onun ölkədə bir sıra dini qruplaşmaları qeyri-rəsmi himayə etdiyi barədə məlumatlar da kifayət qədər yayılıb. Lakin məhz radikal dini qruplaşmalara himəyadarlıq etməsiylə bağlı konkret faktlar demək olar ki, yox səviyyəsindədir. BakiPost.az-ın əldə etdiyi məlumatlar isə sabiq nazirin bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu, ən təhlükəli şəxslərlə belə, maddiyyət qarşılığında sövdələşməyə getdiyi faktını ortaya qoyur. Təqdim etdiyimiz material onun bir terrorçunu necə həbsdən azad etdirib, ölkəsinə qaytarması və yenidən terror fəaliyyətinə qoşulmasına şərait yaratmasından bəhs edir. ...Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl "Binə” Ticarət Mərkəzinin yaxınlığında bir terrorçunun - 1978-cı il təvəllüdlü Cami Emin Əzizağa oğlunun məhv edildiyi barədə məlumat yaymışdı. Məlum olmuşdu ki, DTX Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirib və sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib. Bu zaman isə o, əməliyyatçılar tərəfindən son anda məhv edilib. Öldürülən terrorçunun kimliyi araşdırılanda onun daha əvvəl bu fəaliyyətinə görə həbs edildiyi bəlli olur. Belə ki, Emin Cami hələ 2007-ci ildə MTN "Meşə qardaşları”nı zərərsizləşdirərkən, qanunsuz silahlı birləşmənin 17 üzvündən biri kimi həbs edilibmiş. Onunla yanaşı həmin vaxt adıçəkilən terrorçu qruplaşmanın lideri qismində isə Səudiyyə Ərəbistanının vətəndaşı, «Əl-Qaidə» və «Əl-Cihad» beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi olan "Əbu Cəfər” ləqəbli Naif Əbdül Kərim əl-Bədəvi qandallanıb. 1 il sonra - 2008-ci ildə Azərbaycanda "Əbu Bəkr” adı ilə tanınan Cümə məscidi partladılır. Məlum olur ki, məsciddə 2 nəfərin ölümünə səbəb olan partlayışı "Əbu Cəfər"in dəstə üzvləri, yəni Bədəvinin adamları. Bundan sonra onun cəzası bir qədər də ağırlaşdırılır. Ərəb əsilli terrorçu "Əbu Cəfər” əl-Bədəviyə dəstə başçısı kimi Azərbaycanda 14 il azadlıqdan məhrumetmə cəzası verilir. Lakin bu beynəlxalq terrorçu həbs müddətinin sonuna qədər türmədə qalmır. Bəli, çox təhlükəli hesab olunan terrorçu o zamanın fövqəlgücə malik olan naziri Eldar Mahmudovun dəstəyi ilə Azərbaycanın dəmir barmaqlıqları arasından canını qurtara bilir. Məlumata görə, "Əbu Cəfər”in beynəlxalq himayədarları Eldar Mahmudovla kontakta girərək onu həbsdən və Azərbaycandan çıxarmağın yollarını müzakirə edirlər. Və nəhayət, 2013-cü ildə bu yol tapılır. Terrorçu Azərbaycandan Səudiyyə Ərəbistanına ekstradisiya olunur. Məsələnin ən ilginc tərəfi bundan ibarətdir ki, o vaxt ölkələr arasında "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş" olmayıb. Yəni Bədəvinin ekstradisiyası qanunsuz edilib. Araşdırma zamanı məlum olur ki, bu ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş"in, eləcə də "Azərbaycanla Səudiyyə Ərəbistanı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol"un imzalanmasına 2013-cü ilin dekabr ayında razılığa gəlinib. Lakin həmin il bu sənəd imzalanmayıb. Görünür, əvvəlcə beynəlxalq terrorçunun qanuni yolla Azərbaycanda həbsdən azad edilib ölkəsinə ekstradisiyasına çalışılıb, amma bu proses axıra çatdırıla bilməyib. Buna baxmayaraq, aidiyyəti qurumlara Mahmudovun təzyiqi nəticəsində terrorçu öz ölkəsinə təhvil verilib. Əlbəttə ki, bu ciddi qanun pozuntusu "quru salam-saq ol”a görə olmur. İddiaya görə, bu razılaşmanın əldə edilməsinə görə sabiq nazir Eldar Mahmudov nə az, nə çox, 800 min dollar məbləğində pul alır. Həmçinin o da iddia olunur ki, E.Mahmudov bu razılaşmadan öncə bir neçə dəfə Səudiyyə Ərəbistanının Bakıdakı səfiri ilə mütəmadi görüşüb, müəyyən məsələlərdə qarşılıqlı anlaşma olub. Yuxarıda qeyd etdiyimiz razılaşmadan sonra isə Azərbaycanda 14 il azadlıqdan məhrum edilmiş terrorçu ölkəsinə - Səudiyyə Ərəbistanına ekstradisiya edilib. Ən şokedici detal isə ondan ibarətdir ki, bu şəxs hazırda azadlıqdadır. Qeyri-qanuni ekstradisiya baş verəndə beynəlxalq terrorçunun 8 ilə yaxın bitməmiş cəzası qalıb. Lakin o, ölkəsinə aparılandan qısa müddət sonra azadlığa çıxır və fəaliyyətə başlayır. Bütün bunlar barədə saytımızı məlumatlandıran şəxs iddia edir ki, "Əbu Cəfər” ləqəbli Naif Əbdül Kərim əl-Bədəvi hazırda Rusiyadadır və əvvəlki fəaliyyətini davam etdirir. Onun əvvəlki fəaliyyəti isə Cənubi Qafqazda radikal dindarları ətrafına cəlb etmək və vəhhabi terrorçular vasitəsilə Azərbaycan kimi siyasi sabitliyin hökm sürdüyü ölkələrdə gərginlik yaratmaq, terror aktları hazırlamaqdan ibarətdir (terrorçunun qeyd etdiyimiz istiqamətdə fəaliyyəti həbs olunanda ona qarşı sürülən rəsmi iddiada qeyd olunub - red). Görünür, son vaxtlarda bir-birinin ardınca baş verən terrorla bağlı hadisələr də bu fəaliyyətin nəticəsidir. Son olaraq bir məlumatı da əlavə edək ki, terrorçu həbsdən əvvəl də Rusiyada yaşayıb və əsas işləri oradan yönəldib. O, Rusiya vətəndaşı olan bir xanımla evlidir və hazırda da onunla yaşadığı bildirilir. Mövzu ilə bağlı daha geniş materialımız olacaq. Geri qayıt |