Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > "Biz Əhməd Əhmədzadənin göstərişini yerinə yetiririk..."

"Biz Əhməd Əhmədzadənin göstərişini yerinə yetiririk..."


3-12-2016, 09:37
"Biz Əhməd Əhmədzadənin göstərişini yerinə yetiririk..."
Ötən saylarımızda Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidəki müəsisələrində baş verən qanuna zidd hərəkətlərlə bağlı redaksiyaya daxil olan məlumatlar əsasında hazırlanan bir neçə araşdırma xarakterli yazıların dərcindən sonra Conflict.az-a bu quruma rəhbərlik edən şəxslərlə bağlı yeni – yeni informasiyalar daxil olmaqdadır. Xatırladaq ki, MST ASC-yə tabe olan İmişlidəki müəsisə rəhbərləri dərc edilən məlimatlarda yer alan məsələlərlə bağlı yaxın çevrələri ilə söhbət əsnasında onlar, bu tip idarəçiliyə məhz rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin şifahi “tələblərini” yerinə yetirmək üçün məcbur olduqlarını bildirmişdilər. Ötən gün Conflict.az-a daxil olan məlumatda isə bildirilir ki, həmin qurumlardan birinin rəhbəri bir az da irəli gedərək “biz Əhməd Əhmədzadənin göstərişlərini yerinə yetiririk. Bəyəm mətbuatın yazdığını MST ASC-də bilmirlərmi? Əlbəttə bilirlər. Gələn komissiya nəyin harada dağıldığını və ya bizim icazəmizlə tikildiyini görmürmü? Görür. Mən kiməm ki, icraçı. MST ASC-də də mətbuatın yazdığını görüblər. Ona aid olan sahədə qanunsuz tikili görübsə, gəlsin sökdürsün. Əgər etmirsə deməli belə lazımdır. Mətbuatın yazdığı boş şeydir.” – deyə mediaya meydan oxuyub. Əslində ötən araşdırmamızda MST ASC-yə tabe olan İmişlidəki müəssisələrin rəhbərlərinin öncə İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevi, sonra isə uzun müddət idarəçilik təcrübəsi olan MST ASC-nin sədri cənab Əhməd Əhmədzadəni istinad olaraq göstərmələri səbəbsiz deyil. Media, o cümlədən də Conflict.az istintaq orqanı deyil. Məqsədimiz kimlərisə qaralamaqdan tam uzaqdır. Qayəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən inkişaf etmiş ölkələr siyahısında olmasına şahidlik etməkdir. Sözsüz ki, ölkə rəhbərinin və ona bu işdə ciddi dəstək verən xalqın maraqlarını, bəzi qrupların korporativ maraqlarına qurban verilməsi fikrindən tamamilə uzağıq. Elə ona görə də dəyərli oxucuların diqqətini qardaş Türkiyədə uzun illərdir ki, kök salmış “Gülənin hizmət hərəkatının” idarəçilik prinsipinə yönəltmək istəyirik. Xatırladaq ki, din pərdəsi altında uzun illər maneəsiz fəaliyyət göstərən bu “hərəkatın” əsas qayəsi dövlət idarəçiliyinə soxularaq, tez bir zamanda böyük məbləğli kapitala sahiblənmək olub. Bu hərəkata daxil olan dövlət görəvlilərinin varidatı haqqında məlumatlar dərc edən türk mediası sadə vətəndaşın xəyal belə edə bilməyəcəyi kapitaldan bəhs edir. Və həmin məlumatlardan o da aydın olur ki, “hizmətçilər” bu kapitalı vətənə, dövlətə xidmət etdikləri üçün deyil, dövlət görəvindən istifadə etməklə əldə ediblər. Ən başlıcası isə həmin şəxslərin dinlə yaxından – uzaqadan hər – hansı əlaqələri olmayıb. Öz ölkəmizdə isə təxminən bir il öncə dövlətin təhlükəsizliyindən sorumlu olan qurumun yüksək çinli məmurlarının qanqster tipli fəaliyyətlərinin sonu, məhz cənab Prezidentin qətiyyətli iradəsi ilə həbsxana oldu. Əslində qardaş Türkiyədə və Azərbaycanda baş verən hadisələri xatırlatmağımızı zəruri edən amillər var. Ötən saylarımızda redaksiyaya daxil olan məlumatlar əsasında dərc etdiyimiz yazılarda dövlət görəvindən istifadə etməklə böyük məbləğdə kapital əldə etmə faktlarından bəhs etmişdik. Daxil olan məlumatlar əsasında qeyd etmişdik ki, Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişlidəki qurumlara - Mirqoca Mirişovun rəhbərlik etdiyi Bəhramtəpə Hidroqovşaq idarəsinə, Qasım Qasımovun rəhbərlik etdiyi Kollektorların İstismarı və Bərpası idarəsinə, Allahverdi Əliyevin rəhbərlik etdiyi Mərkəzi Mil - Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsinə Cəmiyyət tərəfindən göndərilən və dövlət əmlakı hesab edilən yanacaq məhsulları, inşaat malları və ehtiyat hissələri ayrı –ayrı kommersiya dükanlarında şifahi razılaşma əsasında müəyyən edilmiş qiymətlərlə satılır. Bundan başqa daxil olan məlumatlarda o da qeyd edilmişdir ki, MST ASC-nin İmişlidəki müəsisələrinin balansında olan “Hyundai” markalı traktorlar rayon ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarına bir iş günü 100 – 150 manat olmaqla, hər hansı rəsmi müqavilə imzalanmadan və ya imzalanmış müqavilədə simvolik rəqəmlər göstərilməklə icarəyə verilir. Rayon mərkəzindən keçən MTS adlı su kanalının üstü, hətta mühafizə zolağı belə müxtəlif məqsədli fəaliyyəti olan kommersiya obyektlərinin tikintisi üçün satılıb. Dövlət büdcəsindən maliyyələşən həmin qurumlarda kifayət qədər ölü canların olduğu bildirilir. Mənbənin verdiyi məlumatda qeyd edilir ki, bu prosesdən hər iki tərəf məmnundur. “Ölü can” qazanır - gələcəkdə alacağı təqaüdü bu gün işləmədən aktivinə yazılan vəsaitin hesabına, müəssisə rəhbəri isə - hər ayın sonunda aldığı nəğd vəsaitlə. Mediaya daxil olan məlumatlarda Mirqoca Mirişovun, Qasım Qasımovun və Allahverdi Əliyevin ciddi kapitala sahib olduqları qeyd edilir. O da qeyd edilir ki, şəxsi biznes strukturunun deyil, məhz dövlət müəsisəsinə rəhbərlik etdiyi dönəmdən böyük hesab olunan kapitala sahiblənən bu şəxslərin paytaxtın bir neçə yerində, rayon mərkəzində və yaşadıqları məntəqələrdə dəbdəbəli evləri, bahalı maşınları, fermer təsərrüfatları və s. var. Məsələnin ən qəribə tərəfi isə həmin şəxslər haqqında mətbuatın araşdırmaya başlamasından sonra müəsisə rəhbərləri öncə fəaliyyət göstərdikləri rayon rəhbərliyini, sonra isə tabe olduqları qurumun ən zirvədəkini önə verdilər. Ötən sayımızda bu məsələnin məqsədli və planlı şəkildə edildiyi qənaətimizi, məlumatı verən mənbə bir az da konkretləşdirid: Onlar MST ASC-də regional bağlarla birləşən klanın üzvləridirlər. Bu klana MST ASC-nin sədr müavini olan, əslən sabirabadlı Zakir Quliyev rəhbərlik edir. Klan Milli Elmlər Akademiyasının quberniyalara bölünmə təklifinin reallaşacağını proqnozlaşdırır və regionda öz qubernatorunun olmasını arzu edir. Sözsüz ki, ötən saylarımızda qeyd etdiyimiz kimi prinsipial və tələbkar Vilyam Hacıyev klanın kriteriyalarına cavab vermir. Elə ona görə də MST ASC-yə aid olan ərazidəki obyektlərin tikintisi üçün icazə və sərəncamların verilməsində qurum rəhbərləri hədəf olaraq başçını göstərmişdilər. Bəs elə isə MST ASC-nin sədri Əhməd Əhmədzadənin gündəmə gətirilməsi ilə bağlı informasiyaların yaxın ətraf vasitəsilə dövriyyəyə buraxılmasına səbəb nədir? Axı klan rəhbəri bir post tuta bilər. Yoxsa bu Azərbaycansayağı yeni “hizmətdir”?

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Geri qayıt