Əsas Səhifə > Siyasət, Manşet > Burada gömrükçülərlə qaçaqmalçılar əlbir işləyir

Burada gömrükçülərlə qaçaqmalçılar əlbir işləyir


1-12-2016, 08:29
Burada gömrükçülərlə qaçaqmalçılar əlbir işləyir
Təxminən, iki ilə yaxındır ki, Astara Gömrük İdarəsinin rəisi vəzifəsində çalışan Sücəddin Hüseynovun və komandasında təmsil olunan bəzi səlahiyyətli şəxslərin adı bir sıra xoşagəlməz olaylarda hallandırılır. Belə ki, Sücəddin Hüseynovun əvvəllər Xudafərin Gömrük İdarəsində rəis vəzifəsini icra etdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilovun yaxın adamı kimi tanınır.

Sücəddin Hüseynov Astara gömrüyünə gələr-gəlməz orada özünün «qayda»larını tətbiq etməyə başlayıb

Elə Sücəddin Hüseynovun strateji əhəmiyyəti ilə və qazancının çoxluğu ilə seçilən Astara Gömrük İdarəsinə rəis gətirilməsində də Ehtiram Xəlilovun əvəzsiz rolunun olduğunu iddia edən mənbənin sözlərinə görə, Sücəddin Hüseynov Astara gömrüyünə gələr-gəlməz orada özünün «qayda»larını tətbiq etməyə başlayıb: «Deyilənlərə görə, Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov rəhbərlik etdiyi idarədə öz «sistemini» formalaşdırıb və bu sistemin başına Şövqü adlı qaynını keçirib. Odur ki, hazırda Astara Gömrük İdarəsində demək olar ki, hər bir məsələ Şövqünün nəzarəti altındadır. Onu da nəzərinizə çatdıraq ki, son dövrlər Astara Gömrük İdarəsində qaçaqmal yolu ilə siqaretlər, qızıl-zinət əşyaları, hətta dollarlar keçirilir. Deyilənlərə görə, əsasən İrana gündəlik gedib gələn bir çox xırda ticarətçilər Sücəddin Hüseynovun tətbiq etdiyi «qayda»larla hesablaşmaq məcburiyyətində qalırlar. Bildirilir ki, irəli sürülən «şərt»lərlə razılaşan hər kəs demək olar ki, problemlə üzləşmir. Çünki olar gün ərzində sərhədin o tərəfinə keçib daha ucuz qiymətə olan müxtəlif ədviyyatlar, mallar gətirirlər».

Hüquq-mühafizə orqanlarının əməkdaşları Astara Gömrük İdarəsində əməliyyat keçirib

Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovun özünü külli-ixtiyar sahibi kimi apardığını vurğulayan məlumatlı şəxs qeyd edir ki, o, özünün «zadəgan» həyat səviyyəsi ilə diqqəti cəlb edir: «Deyilənlərə görə, hər bir maşınına ayrı-ayrı sürücü tutan Sücəddin Hüseynov həmçinin, şəxsi aşpaz da saxlayır və ancaq həmin aşpazın bişirdiyi yeməklərdən yeyir. Qeyd olunur ki, o, özünə Aran Qarabağda, həmçinin Bakıda ciddi biznes sahələri də yarada bilib və həmin biznes sahələri hələ də öz faliyyətini davam etdirməkdədir. Bildirilir ki, o, Astara Gömrük İdarəsinə rəis təyin olunandan qısa müddət sonra keçid məntəqəsində özünə məxsus gəlir mənbələri və qaydalar yaratmağa başlayıb». Astara Gömrük İdarəsində gömrükçülərlə qaçaqmalçıların əlbir olduğunu iddia edən mənbənin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyev nədənsə burada baş verənlərə seyirci mövqe sərgiləyir: «Deyilənlərə görə, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Astara Gömrük İdarəsində əməliyyat keçiriblər. Bu zaman qaçaqmalçılığa qarşı mübarizənin işçisi, yəni Seymur Əliyevin köməkçisi Ramin Ağayev külli miqdarda valyuta, həmçinin qızıl-zinət əşyaları keçirərkən həbs olunub. Bildirilir ki, bu həmin Ramin Ağayevdir ki, bir müddət əvvəl törətdiyi əməllərə görə gömrük orqanlarından xaric edilsə də sonradan Seymur Əliyevin yardımları sayəsində gömrük sisteminə qaytarılıb. Sonradan isə Seymur Əliyev onu öz yanına, qaçaqmalçılığa qarşı mübarizəyə köməkçi gətirməyə müvəffəq olub. Məsələnin maraqlı tərəfi isə ondadır ki, nədənsə gömrük sistemindən çıxarılıb həbs olunlar sonradan bura gəldikdə onlara xüsusi diqqət və qayğı ilə yanaşılır, böyük hörmət göstərilir. Buna misal olaraq Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovun «sağ əli» kimi tanınan, gömrük qaçaqmalçılığı ilə həbs olunan, uzun müddət məhbus həyatı yaşayan Tofiq Vəliyevi göstərmək olar. Məhz bu fakt onu deməyə əsas verir ki, Tofiq Vəliyev Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Əgər belə olmasaydı, o zaman Sücəddin Hüseynov Tofiq Vəliyevin Astara Gömrük İdarəsində yük bölməsinin işçisi olmasına baxmayaraq, onu sərnişin bölməsində çalışdırmazdı».

Astara Gömrük İdarəsi hər gün 39 min manatı büdcədən yayındırır

Bu arada, Barat adlı şirkət rəhbərlərindən birinin bir müddət öncə Tofiq Vəliyevlə bağlı yuxarı instansiyalara şikayət etməsinə baxmayaraq, onun barəsində hər hansı tədbirin görülmədiyini deyən məlumatlı şəxs qeyd edir ki, nədənsə Tofiq Vəliyevlə əlaqədar şikayətlərə əhəmiyyət verən belə, olmayıb: «Bu isə onu göstərir ki, Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Tofiq Vəliyevə xüsusi önəm verdiyindən onu mümkün təhlükələrdən sığortalamağa çalışır. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının Astara Gömrük İdarəsində keçirdiyi əməliyyat tədbirləri zamanı qaçaqmalçılığa qarşı mübarizənin işçisi, Seymur Əliyevin köməkçisi Ramin Ağayev əlində 8-10 kiloqram qızılla tululub. Deyilənlərə görə, bu qızılın sərhəddən keçirilməsi üçün hər 1 kiloqrama görə 3 min manat pul alırmışlar. Hələ bu, harasıdır. Bildirilir ki, Astara Gömrük İdarəsindən İrana hər gün 1,5 milyon dollar keçirilirmiş. Bunun müqabilində isə hər 500 min dollara görə 5 min manat alırmışlar. Əgər ən aşağı həddi götürsək, o zaman 8 kiloqramlıq qızıla görə 24 min manat, 1,5 milyon dollara görə isə 15 min manat alınır. Deməli, belə çıxır ki, Astara Gömrük İdarəsi hər gün 39 min manatı büdcədən yayındırır, bununla da dövlətə külli miqdarda ziyan vurur. Bütün bunlar onu göstərir ki, Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov sərhəddən qanunla qadağan olunmuş malların keçirilməsinə şərait yaradıb və bu zaman külli miqdarda gəlir əldə olunub. Elə bu səbəbdən də onun həbsi qaçılmazdır. Lakin məsələnin ən maraqlı tərəfi isə Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin bu boyda həngaməni görməməsindədir. Odur ki, indi ortaya belə bir sual çıxır: Aydın Əliyev Astara Gömrük İdarəsində yaşananları, Sücəddin Hüseynovun yol verdiyi neqativ halları görüb özünü görməməzliyə vurub, yoxsa onun hələ də heç nədən xəbəri yoxdur?..»

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt