Əsas Səhifə > Siyasət, Manşet > “Departament rəhbəri deyir ki, gedin, özünüzü yandırın”
“Departament rəhbəri deyir ki, gedin, özünüzü yandırın”11-11-2016, 08:03 |
“Ümidimiz Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlıyadır. ”Nikoilbank"da bizləri rəsmən soyurlar, faiz almaqla yanaşı, əlavə ödənişlər etməyimizi tələb edirlər. Elə belə də devalvasiya belimizi qırıb, bu tərəfdən də bankın İdarə Heyətinin sədrinin 1-ci müavini Fərhad Hacinski başımıza oyun açır". Masallı şəhər sakini Orucağa Azad oğlu Əhədov belə deyir. Onun sözlərinə görə, bankdakı üzləşdikləri qanunsuz yığımlarla bağlı F.Hacınskinin qəbuluna düşmək istəyiblər: “Bütün nazirlərimiz şəhər və kəndlərə gedir, camaatı qəbul edib dinləyirlər. 10 gündür ki, banka ayaq döyürük, amma Fərhad Hacınskinin qəbuluna düşmək olmur. Bankdan 8 dekabr 2015-ci ildə kredit götürmüşəm. Qızıl girov qoymuşam. Razılaşmamız olub ki, qızılları dəyişə-dəyişə hər ay ana məbləğdən və faizdən azaldacağam. ”Nikoilbank"ın İdarə Heyətinin sədr müavini Vasiliy Xamaza devalvasiyaya qədər bizdən girovları dəyişəndə 20 manat haqq alırdı. Amma devalvasiyadan sonra bu qaydanı ləğv etdi. Üstəlik, faizləri dolları 1.05 manat olmaqla hesablanmasına göstəriş vermişdi. Onun yerinə Fərhad Hacınski təyin edildikdən sonra bizdən faizlər də, əlavə 20 manat da alınır, üstəlik, dolları da 1 manat 75 qəpik hesabı ilə götürürlər". O.Əhədov deyir ki, F.Hacınskinin sahibkarlara qarşı yeritdiyi siyasət ümumilikdə ölkə rəhbərliyinin siyasətinə ziddir: “Bu adam devalvasiya dövründə nə fikirləşib mənim kimi kiçik sahibkarları soyur bilmirəm. Banka gedirik, departament rəhbəri Elnur Vəliyev dinləyir, bizə açıq-aydın deyir ki, gedin, özünüzü yandırın, istəyirsiz öldürün. Ona deyirəm ki, Masallıdanam, orada əkin-biçinlə məşğulam. Banka xeyli xeyir vermişəm. Elnur Vəliyev deyir ki, get, nə bilirsən elə. Girov qoyduğumuz malı da vermirlər. Hegemonluq edirlər. Rüfət Aslanlıya da müraciət ünvanlamışıq. Xahiş edirik ki, Fərhad Hacınski və Elnur Vəliyev haqda tədbir görülsün. Elə ay olur ki, bizdən 700-800 manat əlavə pul alınır və bu pul faizlərdən, əsas məbləğdən çıxılımır”. Qeyd edək ki, bankın səhmlərinin yarıdan çoxu “Topaz İnvestments” QSC-yə, 1 faizi İsgəndər Xəlilovun sahib olduğu “İSR Holding” MMC-yə, yerdə qalan hissəsi isə Rusiyada yaşayan azərbaycanlı biznesmen Vahid Ələkbərova məxsusdur. Geri qayıt |