Əsas Səhifə > Siyasət, Manşet > Fətullah Gülənin Bakıdakı təhsil emissarı...

Fətullah Gülənin Bakıdakı təhsil emissarı...


31-10-2016, 11:18
Fətullah Gülənin Bakıdakı təhsil emissarı...
Bir neçə gün bundan əvvəl redaksiyamıza daxil olmuş məlumatda bildirilirdi ki, Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə nəhayət ki, “Umud Babaşov problemi”nin öz həllini tapıb. Həmin məlumat əsasında qəzetimizin 13.10.2016-cı il tarixli sayında dərc etdiyimiz “Umud Babaşov öz yerini təhvil verdi” başlıqlı yazıda da biz bu barədə ətraflı bəhs etmişdik. Biz göstərmişdik ki, artıq bir neçə müddətdən bəri bu məktəbə rəhbərlik edən direktor əvəzi Umud Babaşov Təhsil Nazirliyinin əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Eyni zamanda da, aldığımız açıqlamalara əsaslanaraq məqalədə belə bir məqam da vurğulanmışdı ki, Heydər Əliyev adına liseydə Umud Babaşovun “idarəçiliyi” dövründə yaranmış bütün problemlərin həllindən danışmaq hələ tezdir. Çünki, keçmiş direktor əvəzi vaxtında müəyyən addımlar atmaqla, bu gün öz yerini yenə müvəqqəti də olsa, məhz özünün davamçısı olan Natavan Bədəlovaya təhvil verə bilmişdir. Məlum olduğu kimi, Natavan Bədəlova öz hamisinə bir çox işlərdə, xüsusilə məktəbdə nurçuluğun təbliğində, eləcə də pul yığımlarının həyata keçirilməsində hər zaman yaxından kömək etmiş və ilk növbədə məhz elə bu əsasla sonda müavin vəzifəsinə təyinat almışdı. Bu gün isə, Natavan Bədəlova artıq öz əməllərini birbaşa direktor kabinetində oturmaqla davam etdirir. Aldığımız açıqlamalarda vurğulanır ki, yeni direktor əvəzi hətta öz sələfinin aqibətindən də nəticə çıxarmayaraq, məktəbin pedaqoji kollekivinə qarşı yolverilməz münasibət sərgiləməkdədir: “Natavan Bədəlova yaşlı pedaqoqları belə təhqir etməkdən çəkinmir. Söyüşlər, ədəbsiz ifadələr onun danışığının ayrılmaz tərkib hissəsi olub. Bununla belə, liseyimizin İngilis dili kafedrasında onu dəstəkləyən və hətta təlqin etməyə belə çalışan bəzi müəllimələr də var. Belə ki, 5 oktyabr müəllimlər günü ərəfəsində də bu “xanımlar” Natavan Bədəlovanı bütün kollektiv adından təbrik etmək üçün dəridən-qabıqdan çıxmışdılar. Onlardan biri, Sülhiyyə müəllimə isə, daha irəli gedərək hətta öz mobil telefonundan ismarıc göndərməklə, məktəbin müəllimlərinə Natavan Bədəlova üçün 50 manatdan pul yığmaq təklifi ilə müraciət də etmişdi...” Dünən əldə etdiyimiz son açıqlamalarda isə, Heydər Əliyev adına liseyin sadəcə Umud Babaşovun burada yaratdığı problemlərdən deyil, həmçinin bu yarıtmaz kadrın özündən də hələ ki, tam qurtula bilmədiyi bildirilir. Bu barədə açıqlama verən mənbə, həmçinin son iki-üç həftə ərzində liseydə əməlli-başlı “ikihakimiyyətliliyin” bərqərar olması faktını da diqqət mərkəzinə çəkir. Məlumatda deyilir: “Umud Babaşov vəzifəsini tahvil verdikdən sonra liseyə yalnız axşam saatlarında, diqqətləri cəlb etməməyə çalışaraq gəlir. Hər iki-üç gündən bir baş tutan bu ziyarətlərin səbəbi isə, öz yerinə təyin etdiyi Natavan xanımdan ona çatan “hesabı” almaqdır. Məsələ bundadır ki, Heydər Əliyev adına liseydə, digər məktəblərdə olduğu kimi Təhsil Nazirliyinin xətti ilə məktəbə hazırlıq kursları açılmadı. Bunun əvəzində isə, həmin kursları Umud Babaşovun ideyası ilə, Natavan Bədəlova yaratdı. Həm də bu zaman digər məktəblərdən fərqli olaraq, bu kurslara görə valideynlərdən pul alınır. Belə ki, valideyn bir uşağa görə, hər ay 120 manat pul ödəməlidir. Pullar “mərkəzləşdirilmiş” qaydada, müəssisənin mühasibi Xəyyam tərəfindən yığılır və sonradan Natavan xanıma təhvil verilir. Hətta bu möhtəşəm maxinasiyaya qanuni don geyindirmək üçün, valideynlərə kompyuterdə özlərinin hazırlayıb çap etdikləri saxta “qəbzlər” də təqdim edirlər. İnsanları şirnikdirmək üçünsə, valideynlərə deyiblər ki, bu kurslarda hazırlıq keçə uşaqları sonradan liseyə pulsuz qəbul edəcəklər. Həyasızlığın dərəcəsinə baxın ki, liseyə şagird qəbulu müqabilində aldıqları rüşvəti artıq “qanuniləşdirmək” dərəcəsinə belə çatdırıblar. Umud Babaşov isə, öz yerinə təyin etdiyi Natavan Bədəlova ilə gəldikləri razılığa əsasən, liseydə yığılan bütün məbləğlərə şərikdir. Digər tərəfdən isə, liseyin İbtidai siniflər üzrə dərs hissə müdiri Hökümə Xələfli nə yeni, nə də köhnə direktor əvəzilərinin səlahiyyətlərini legitim hesab etmir. Bu səbəbdən də, hazırda liseydə faktiki olaraq ikihakimiyyətlilik hökm sürür. Məsələn, yuxarı siniflər üçün təşkil olunan hazırlıq (repetitor) məşğələlərindən müəllimlər hər şagirddən aldıqları 40-50 manat pulun 20 manatını Natavan Bədəlovaya təhvil verirlərsə, ibtidai sinif şagirdlərindən əldə olunan gəlirlər yalnız Hökümə xanımla bölünür...”

Materialda adı keçən hər kəsin öz mövqeyini bildirmək hüququ var.

Geri qayıt