Əsas Səhifə > Siyasət, Manşet > Bakıda «Caspian Construction» fırıldağı
Bakıda «Caspian Construction» fırıldağı25-10-2016, 08:35 |
Bildiyiniz kimi, bir müddət öncə müvafiq qanunvericilikdə edilmiş dəyişliklərə əsasən «Azəriqaz» İstehsalat Birliyi artıq evlərə qaz çəkilişini və sayğacların quruşdırılması işini podratçı şirkətlərə həvalə edib. Beləliklə, «Azəriqaz»ın əvvəlki, yəni pulsuz qazçəkmə funksiyasının artıq mövcud olmadığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Masazır qəsəbəsində bu işi «Caspian Construction» şirkəti həyata keçirir. Adıçəkilən şirkətin vətəndaşa dediyi qiymətin məsafədən asılı olduğunu qeyd edən mənbənin sözlərinə görə, məsafə çox olduqda təbii ki, məbləğ də bir az artır: «Lakin ümumilikdə, layihənin ilkin qiyməti 30 manatdır. Deyilənlərə görə, hazırda «Azəriqaz» İstehsalat Birliyilə razılaşan və lisenziya alan şirkətlərin sayı 41-ə yaxındır. Onların hər birinin siyahısı isə rayonların qaz idarələrində var. Masazır qəsəbəsində isə bu işi «Caspian Construction» şirkəti həyata keçirir. Deyilənlərə görə, bu şirkətin Vəfa Qulamova adlı əməkdaşı Sənan adlı şəxslə əlbir olub Masazır qəsəbə sakinlərinin canını boğazına yığıb, onlara zülm verirlər. Belə ki, qarşıdan soyuq fəslin gəlməsi yayda unudulan qaz problemini yenidən yada salır. Bu səbəbdən də Masazır qəsəbəsində özlərinə yuva quran insanlar əzab çəkirlər. Əzab isə soyuq havalarda evlərini qaz olmadan qızdıra bilməmələridir». Beləliklə, Masazır qəsəbə sakinlərinin bu gün qaz harayı çəkdiklərini iddia edən məlumatlı şəxs bildirir ki, «Caspian Construction» şirkətinin əməkdaşları adıçəkilən qəsəbənin sakini Samir Əliyevdən qaz çəkilişini və sayğacların quruşdırılmasını həyata keçirmək adı altında 300 manat alıb aradan çıxıblar: «Deyilənlərə görə, «Caspian Construction» şirkətinin işçiləri Masazır sakini Samir Əliyevdən düz 4 ay bundan öncə qaz çəkmək adı ilə 300 manat alıblar. Lakin indiyədək onun evinə qaz çəkən olmayıb. Qəsəbə sakini tələb olunan pulu öncədən versə də hələ də şirkət tərəfindən heç bir iş görülməyib. Bildirilir ki, şirkətin Vəfa Qulamova adlı əməkdaşı və onunla əlbir olan Sənan adlı şəxs Masazır qəsəbəsində 100-dən artıq vətəndaşa kələk gəlib, onlardan qaz çəkilişi adı ilə pul alıb aradan çıxıblar. Odur ki, bu gün camaat onları axtarır, məsələ ilə bağlı «Azəriqaz» İstehsalat Birliyinə bir neçə dəfə müraciət ediblər. Lakin hələ də problem öz həllini tapmayıb. Məhz bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən «Caspian Construction» şirkətində ciddi yoxlamaların aparılmasının vacibliyindən xəbər verir. Çünki şirkətin Vəfa Qulamova adlı əməkdaşı və onunla əlbir olan Sənan adlı şəxs Masazır sakinlərindən pul alıb qaçıblar. Əgər lazım gələrsə, o zaman onların mobil telefonları və digər məlumatları hüquq-mühafizə orqanlarına çatdırmaq mümkündür. Yetər ki, Masazır sakinlərinin problemləri həll olunsun, bu soyuq günlərdə onlar və ailə üzvləri qazın olmamasından əziyyət çəkməsinlər». Bu arada, əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Masazır qəsəbə sakinləri evlərinə qaz çəkilməsi üçün «Azəriqaz» İstehsalat Birliyinin Abşeron rayon Qaz İstismar İdarəsinə şifahi və yazılı şəkildə müraciətlər etsələr də, idarədən onlara «Biz qaz çəkmirik! Gedin, tenderə müraciət edin», deyə cavab verilib: «Məhz bundan sonra Masazır qəsəbə sakinləri «Caspian Construction» şirkətinə müraciət ediblər. Həmin şirkət isə qeyri-rəsmi formada 250 manat sayğac üçün, 50 manat «siqnalizasiya» qurğusu üçün olmaqla 100-150 metr məsafədən istehlakçının şəxsi hesabına qaz çəkilişinə razılıq veriölər. Qəsəbə sakinləri həmin məbləği, yəni 300 manıt ödəsələr də hələ də evlərinə mavi yanacağın verilməsi təmin olunmayıb. Bu isə onların haqlı narazılığına səbəb olub. Odur ki, müvafiq qurumlar bununla bağlı ciddi tədbirlər görməlidirlər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |