Əsas Səhifə > Siyasət, Manşet > Enerji Gömrük İdarəsində sahibkarları “süründürən” məmur kimdir?

Enerji Gömrük İdarəsində sahibkarları “süründürən” məmur kimdir?


20-10-2016, 08:04
Enerji Gömrük İdarəsində sahibkarları “süründürən” məmur kimdir?
Azərbaycanda gömrük xidmətinin yaxşılaşması və süni əngəllərin aradan qaldırılması haqda rəsmilərin verdiyi bəyanatlar insanda “xoş təəssürat” yaradır. Lakin vaxtaşırı olaraq ölkə mətbuatında yayımlanan şikayətlər başqa cür təsəvvürün də yaranmasına səbəb olur. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə fiziki şəxs kimi sahibkarlıqla məşğul olan Həmid Soltan oğlu Vəkilov müraciət edib. O, öz müraciətində Dövlət Gömrük Komitəsinin Enerji Gömrük İdarəsi, xüsusilə də həmin idarənin maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev tərəfindən süründürməçiliyə məruz qaldığını bildirib.

“Mən Türkiyədən altı ədəd TIR-a yüklənmiş Mutlu akkumlyatorları gətirmişəm. Maşınlar Gürcüstan-Azərbaycan sərhədlərini keçməmişdən, mən idxal bəyannaməsi verməyə çalışdım, lakin mənə günlərlə maneə yaratdılar. İnspektorlar işi bir-birinə ötürə-ötürə, nəhayət ki, idxal bəyannaməmi qəbul etdilər. Artıq maşınlar gəlib, amma neçə gündür ki, mənim malıml ölkəyə buraxmırlar. Bəhanə isə ondan ibarətdir ki, guya, mən bəyannamədə malın qiymətini azaltmışam. Lakin mənim əlimdə sənədlər var və Türkiyədə mal aldığım zavodun sənədləri ilə bəyannamədəki qiymətlər eynidir.

Cənab Prezident özü tapşırıb ki, sahibkarlara şərait yaradılsın və ölkədə biznes inkişaf etsin. Lakin 6 gündür ki, mən səhərdən axşama qədər vaxtımı gömrükdə keçirirəm. Mənə xeyli əsəb yaşadılıb və mal söz verdiyim müştərilər qarşısında da yalançı çıxmışam. Bir çox müştəri də artıq maldan imtina edib. Hər maşında 48 min manatdan artıq dəyəri olan mal var. Malların çoxu üçün qabaqcadan pul da almışam. Beləliklə, Rəfael Niftəliyev başda olmaqla, DGK məmurları mənim işimi ləngidərək, 30 min manatdan çox ziyana düşməyimə səbəb olublar. Rəfael Niftəliyev mənə deyib ki, əlavə olaraq 13 min manat da rüsum ödəməlisən. Mən mallara görə, 160 min 850 manat gömrük rüsumu da ödəmişəm. Yaxşı, əgər qiymətləri süni surətdə azaltmışdımsa, o rüsum ödənişi niyə araşdırılmadan qəbul olundu?

Süründürməçiliyə məruz qalan sahibkar tək mən deyiləm. Neçə gündür görürəm ki, başqa sahibkarlar da incidilir və gömrük onlara stress yaşadırlar. Qeyd edim ki, öyrəndiyimə görə, R. Niftəliyev DGK sədrinin 1-ci müavini Səfər Mehdiyevin bacanağının oğludur. R.Niftəliyev sahibkarları süründürməsi və incitməsi ilə özünə mənfi reputasiya qazanıb. Sahibkarın gətiridyi malları məcburi şəkildə, hansısa səbəblə “Rovel Trading” şirkətində sığorta etdirir.

Güman ki, buna görə, onlardan faiz də alır… Hətta başqa sahibkarlardan da eşitdiyimə görə, Rəfael Niftəliyevin diplomu da saxtadır və vaxtilə bu adam gömrük orqanlarından xaric edilmişdi. Lakin o, qohumu Səfər Mehdiyevin güimagescünə DGK-ya qayıdaraq Enerji Gömrük idarəsinin maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunmağına müvəffəq olub və hətta deyilənə görə, bu şəxs heç Enerji Gömrük İdarəsinin rəisini də saymayaraq idarədə at oynadır. Başqa bir məlumata görə, idarə rəisi Vaqif müəllim Ağdaş rayon icra başçısı Tofiq İbrahimovun oğludur. Tofiq İbrahimov Ağdaşdan əvvəl Qəbələ rayonunun icra başçısı olub”, – deyə H.Vəkilov bildirib.

Qafqaz Xəbər Agentliyi Rəfael Niftəliyevlə əlaqə saxladı, lakin R.Niftəliyev əməkdaşımızın sualını eşitcək, dəstəyi asdı. DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov ilk əvvəl “bəlkə, doğrudan da sahibkar qiyməti az göstərib” desə də, biz Həmid Vəkilovun dövlətə 160 min manat gömrük rüsumu keçirdiyini bildirdikdə, mətbuat katibi belə cavab verdi: “Mən araşdırım, bir azdan sizinlə əlaqə saxlayaram”. N.Axundovun bu sözlərindən bir neçə saat keçsə də, hələ bir cavab ala bilməmişik.

Geri qayıt