Əsas Səhifə > Siyasət, Manşet > İşdən çıxarılsa da, hələ də narazılıq yaradır...

İşdən çıxarılsa da, hələ də narazılıq yaradır...


5-10-2016, 08:19
İşdən çıxarılsa da, hələ də narazılıq yaradır...
“Təzadlar”a Cəbrayıldan məcburi köçkün düşərək hələ də çətin vəziyyətdə yaşayan V.Məmmədov, S.Həmidov, D.Tağıyev və başqalarının imzası ilə Prezident İlham Əliyevə ünvanlı şikayət məktubu daxil olub.

Şikayətçilər Cəbrayılın keçmiş RİH başçısı Mahmud Quliyevin rayonun rəhbəri olarkən onların sosial vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı etdikləri çoxsaylı müraciətlərə baxmadığını, bu səbəbdən də bu günə kimi ağır durumda olduqlarını yazırlar.
Şikayət məktubunda olduqca ciddi ittihamlar olduğundan qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq.

Zeynal Nağdəliyev: “Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin sabiq başçıları Prezidentin etibarını itiriblər”

Qeyd edək ki, şikayətçilər məktublarına bu ilin martın 3-də Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları-Mahmud Quliyevlə Laçın RİH başçısı Akif Səlimovun vəzifələrindən götürülmələri barədə Prezident İlham Əliyevin sərəncamının surətini, həmçinin həmin sərəncamla bağlı Prezident Adminstrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin vəzifədən çıxarılan icra başçılarının fəaliyyəti ilə əlaqədar şərhinin mətnini göndəriblər. “Həmin mətndə də göründüyü kimi, Mahmud Quliyev və Akif Səlimov Prezident İlham Əliyevin etimadını doğrultmayıblar. Deməli, heç bir iş görməyiblər, yalnız öz şəxsi problemlərini həll ediblər, dövlət başçısının onların qarşısında qoyduğu vəzifələri nəinki yerinə yetirməyiblər, Prezidentin ayırdığı pul vəsaitlərini dağıdıblar. Elə isə niyə hər ikisi, əsasən də Mahmud Quliyevin fəaliyyətini Baş Prokurorluq araşdırmadı və cəzalandırmadı? Bizdə olan məlumata görə, hələ də onun fəaliyyətini araşdırırlar. Bu nə qədər vaxt aparmalıdır? Bir adam ki, Prezidentin etimadını doğrultmaya, artıq onun günahı və qanunları necə pozması təkzibolunmazdır. Hələ də cəzasız qalan Mahmud Quliyev hətta indiki başçının daxili işlərinə qarışır, özünün vaxtilə pul alıb təyin etdiyi komandasından bir nəfəri tərpədən kimi müdaxilə edir, işdən çıxmağa qoymur, bir sözlə, onlara açıq havadarlıq edir. Xahiş edirəm, Mahmud Quliyevin həbsi üçün tapşırıq verilsin və o, sərt qaydada cəzalansın ki, digər məmurlara da dərs olsun...”, -deyə şikayətlənən məcburi köçkünlərin dərdini başa düşürük. Elə buna görə də həmin müraciəti aidiyyəti dövlət qurumlarına göndərməli olduq.
***
Xatırladırıq ki, Prezident Adminstrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Mahmud Quliyevin və Akif Səlimovun vəzifələrindən çıxarılmasına olduqca sərt reaksiya vermişdi və o, məlum kadr dəyişikliyinin əsas səbəbini AzərTAc və APA-ya şərh edərkən bildirib ki, “Azərbaycan Prezidenti cənab İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayılrayonlarının İcra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər”.
Z.Nağdəliyev qeyd edib ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər, nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər.
Z.Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər.
Xatırladaq ki, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulamışdır ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaq.

Geri qayıt