Əsas Səhifə > Siyasət, Manşet > "KapitalBank"da vətəndaşa necə problem yaradılır...
"KapitalBank"da vətəndaşa necə problem yaradılır...26-09-2016, 10:08 |
Bakının Yasamal rayonu, Landau küçəsi, bina 6 ünvanında, daha dəqiq desək, Hüseyn Cavid parkının yaxınlığında yerləşən «Kapital Bank» ASC-nin 1 saylı Yasamal rayon filialında vətəndaşlara göstərilən xidmət sıfıra bərabərdir. Adıçəkilən filialın müdiri İsmayıl Qədirlinin bir müddət öncə fəaliyyətində yol verdiyi nöqsanlara görə töhmət aldığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 1 saylı Yasamal rayon filialında cərəyan edən bəzi xoşagəlməz halların başında o və kiçik mütəxəssis Cəlal Rzabəyli durur. Belə ki, həm İsmayıl Qədirlinin, həm də Cəlal Rzabəylinin öz bildiklərini həyata keçirdiklərini vurğulayan mənbənin sözlərinə görə, «Kapital Bank»ın adıçəkilən filialında şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə lazımı səviyyədə diqqət və qayğı göstərilmir: «Deyilənlərə görə, 1 saylı Yasamal rayon filialında qeyd olunan kateqoriyadan olan ölkə vətəndaşlarına qarşı böyük hörmətsizlik edilir. «Əmanət Bank»ının varisi kimi 140 ildən artıqdır ki, fəaliyyətdə olan, o cümlədən müştərilərinə qarşı dürüst və şəffaf olmağı, gördüyü hər işdə professional keyfiyyəti ortaya qoymağı dəyərləri sırasında qeyd edən «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialında müştəriləri, o cümlədən dollar satmaq və ya almaq məqsədilə banka müraciət edən insanları əsassız yerə incidir, süründürməçiliyə məruz qoyurlar. Bir sözlə, bankın məhz bu filialında acınacaqlı durum yaşanır. Vətəndaşlar filialdan kredit götürərkən əlavə problemlərlə üzləşir, süründürməçiliyə məruz qalırlar. Deyilənlərə görə, vətəndaşlar filialın müdiri İsmayıl Qədirlinin və kiçik mütəxəssis Cəlal Rzabəylinin əlindən cilov gəmirir. Çünki 1 saylı Yasamal rayon filialının rəhbərliyi ölkənin ən köklü banklarından biri hesab edilən «Kapitalbank»ın prinsiplərini heçə sayaraq öz bildiyi kimi hərəkət edir». Bu arada, sözügedən məsələ ilə bağlı Gundelik-Baku.com-u bilgiləndirən məlumatlı şəxs iddia edir ki, «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialında fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində sənədləşdirilmə işləri düzgün aparılmır: «Bildiyiniz kimi, ayrı-ayrı vətəndaşların adına göndərilən, bank kimi fəaliyyət göstərən kredit təşkilatlarının hesablarından çıxarılan xarici valyutalar bir qayda olaraq təyinatı üzrə manatla ödənilir. Bu zaman həmin valyutanın alış kursu ilə hesablaşma aparılır. Həmin valyutalar isə iş gününün sonunda satış kursu ilə müştərilərin manatı ilə əvəzlənir. Deyilənlərə görə, «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialındakı valyutadəyişmə məntəqəsi artıq uzun müddətdir ki, filialın müdiri İsmayıl Qədirli tərəfindən sanki şəxsi obyekt kimi istismar olunur. Belə ki, sözügedən filialdan dollar almaq istədikdə vətəndaşlara «dollar yoxdur» cavabı verilir. Halbuki gün ərzində paytaxt sakinlərindən kifayət qədər dollar alınır. Məsələnin maraqlı tərəfi isə ondadır ki, dollar aldıqdan və ya satdıqdan sonra vətəndaşlar «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialından müvafiq çek tələb etdikdə, qarşı tərəf dərhal həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb edir. Halbuki bankın əməkdaşları bunu öncədən etməlidirlər. Burada isə yalnız çek istədikdə bu cür üsula əl atılır. Bütün bunlar bir daha onu təsdiqləyir ki, İsmayıl Qədirlinin rəhbərlik etdiyi filialda vətəndaşlara normal səviyyədə xidmət göstərilmir, bankın işçiləri müştərilərə qarşı kobud rəftar edir, vətəndaşlara, əsasən də şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə yuxarıdan aşağı baxırlar. Maraqlıdır, görəsən «Kapital Bank»ın Müşahidə Şurasının sədri Cəlal Qasımovun 1 saylı Yasamal rayon filialında yaşanan olaylardan xəbəri varmı?» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |