Əsas Səhifə > Siyasət, Manşet > Ağcabədidə bir idarə bu qədər pul yeyirsə...
Ağcabədidə bir idarə bu qədər pul yeyirsə...17-09-2016, 09:56 |
Bu günlərdə redaksiyamıza yeni daxil olan məlumatlarda Ağcəbədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan şikayətlər yer allb. Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan, Ağcabədi rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün digər qurumlarla yanaşı rayonun Subartezian Quyuların İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, hazırda Ağcabədi rayonu ərazisində təxminən 1000-1200 yaxın artezian quyuları vardır. Məhz bu quyuların da istismarına nəzarət və qulluğu Ağcəbədi rayon Subartezian Quyularının İstismarı İdarəsi həyata keçirir. Redaksiyamıza təqdim olunan açıqlamada vurğulanır ki, bu idarəyə artıq 7 aydır ki, Əli Əliyev rəhbərlik edir. Bundan əvvəl isə, Əli müəllim Ağcəbədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyib. Aldığımız məlumatlarda yerli sakinlər və fermerlər Əli Əliyev tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bildirilir ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. Şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, idarə rəisi tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Bundan başqa, ayrı-ayrı sakinlərdən aldığımız məlumatlarda Ağcabədi rayon Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi hətta bəzi quyuları qanunsuz olaraq fərdi şəxslərə satmaqda, bununla da həmin ərazidə təsərrüfatları yerləşən digər vətəndaşlara külli-miqdarda ziyan vurmaqda ittiham olunur. Aldığımız digər məlumatlarda isə, Əli Əliyevin rəhbərlik etdiyi idarənin ştat cədvəlinə öz qohumlarının və yaxın adamlarının adlarını yazdırmaqla burada “ölü canlar” üsulunu geniş tətbiq etdiyi bildirilir. Həm də qeyd olunur ki, əgər bu maxinasiya bir tərəfdən dövlət vəsaitlərinin mənimsənilməsinə yol açırsa, digər tərəfdən də idarənin fəaliyyətinə ciddi əngəllər törətmiş olur. Belə ki, faktiki olaraq idarənin ştatında mütəxəssislərə və ixtisaslı fəhlələrə yer qalmır. Məlumatlarda digər bir qanun pozuntusu kimi də idarənin balansında olan texnika üçün tələb olunandan bir neçə dəfə artıq yanacaq və sürtkü materialları alaraq, sonradan onların bir hissəsinin yanacaqdoldurma stansiyaları vasitəsilə satılması göstərilir. Maraqlıdır ki, Əli müəllimin yanacaq-sürtgü materiallarının alınması ilə bağlı törətdiyi maxinasiyalar barədə, hələ onun suvarma sistemləri idarəsində işlədiyi vaxtlardan da məlumatlar daxil olmaqda idi. Məsələn belə açıqlamalardan birində qeyd olunmuşdu ki, son 2 il ərzində Bərdə neft bazasından 2200 ton yanacaq götürülüb və bu yanacağın 70 faizi mənimsənilib. Göründüyü kimi, idarə rəisi köhnə mənimsəmə üsullarını yeni iş yerində də tətbiq etməkdə israrlıdır. Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik. Geri qayıt |