Əsas Səhifə > Siyasət, Manşet > Eldar Həsənova qarşı yeni iddialar...

Eldar Həsənova qarşı yeni iddialar...


14-09-2016, 08:43
Eldar Həsənova qarşı yeni iddialar...
Keçmiş baş prokuror, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun qanunsuz, müəmmalı əməlləri haqqında yeni məlumatlar əldə edilib. Antikorrupsiya layihəsinə göndərilən sənədlərdə onun dövlətin pullarını mənimsəmək məqsədilə “Qara dəniz Xəzər dəniz əməkdaşlıq fondu” adlı ofis ünvanları saxta olan təşkilatı yaratmaq üçün hansı maxinasiyalardan istifadə etməsi barədə maraqlı məlumatlar yer alır.

Sənədlərdə göstərilir ki, E.Həsənov pul oğurluğunu pərdələmək və fonda etibarlılıq görüntüsü vermək məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin və Rumıniyanın o zamankı prezidenti Trayan Baseskunun bu təşkilatın fəxri prezidentləri olmasına çalışıb. Lakin Prezident Administrasiyasından ona rədd cavabı verildiyinə görə bu niyyəti baş tutmayıb.

Belə olduqda E.Həsənov artıq çoxlarının pul qazanmaq məqsədilə istifadə etdiyi “erməni kartı”ndan istifadə etmək qərarına gəlib. Bu məqsədlə o, əslində özünün yaratdığı fonda guya erməni əsilli şəxslərin daxil olmasının qarşısını alması haqda administrasiyaya yalan məlumat da verib. Məhz ermənilərlə mübarizə aparmaq adı altında o, Azərbaycan hökumətindən guya fondun fəaliyyətinə sərf etmək üçün külli miqdarda vəsait alıb. Maraqlı burasıdır ki, bir müddət sonra mətbuatda məhz Eldar Həsənovun yaratdığı fondun rəhbərliyində Andranik soyadlı erməni əsilli bir şəxsin təmsil olunması barədə iddia yayılıb.

Bundan başqa digər sual doğuran məsələ Eldar Həsənovun Serbiyaya səfir təyin edildikdən sonra nə Qara dənizə, nə də Xəzər dənizinə heç bir aidiyyəti olmayan bu ölkənin də fondun üzvü kimi elan edilməsidir. Onun Belqradda ofisi olaraq göstərilən ünvanda isə ümumiyyətlə belə bir fondun adına rast gəlinmir.
Fondun təsis sənədində onun yerləşdiyi ofis olaraq Rumıniyanın paytaxtı Buxarest şəhərindəki George Enescu 128 ünvanı yazılıb. Lakin Buxarest ofisinin saytında isə fondun ünvanı Nicolae Balcescu 32-34 kimi qeyd edilir. Məhz bu sonuncu ünvanın Balkanlarda və digər Şərqi Avropa ölkələrində korrupsiya araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) araşdırmaları nəticəsində Eldar Həsənov tərəfindən yaradılan və Rumıniya hakimiyyət orqanları tərəfindən çirkli pulların yuyulması və maliyyə fırıldaqları ittiham edilmiş digər bir qurum - Rumıniya-Azərbaycan Ticarət palatasının ofisi kimi qələmə verildiyi müəyyənləşdirilib. Daha sonra məlum olub ki, bu ünvan həm də Rumın - Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Gənclər Assosiasiyası kimi yalnız kağız üzərində mövcud olan saxta təşkilatların da yerləşdiyi yer kimi göstərilib.

OCCRP-nin araşdırmasında Rumıniya-Azərbaycan Ticarət palatasının əvvəlki ünvanının George Draqomir adlı rumın generalının evi olduğu bildirilir. Araşdırmalar ortaya çıxarıb ki, maliyyə fırldaqlarında şübhəli bilinərək istintaqa cəlb olunan bu qurumla bağlı moldovalı şəxslər həmin vaxt Azərbaycanın Rumıniyadakı səfiri olan Eldar Həsənov və səfirliyin digər əməkdaşları ilə görüşüblər.
Rumın general isə OCCRP-nin jurnalistinə 2007-ci ildə evini palatanın ofisi kimi istifadə edən Azərbaycan səfirliyindən oranı boşaltmağı tələb etdiyini deyib.

Verilən məlumatlara görə o zaman Eldar Həsənovun rəhbərliyi altında Azərbaycanın Rumıniyadakı səfirliyinin diplomatlarının Anar Əcəmov, Seyran Mirzəyev, Fuad Əzizli və Eldar Həsənovun qohumu olduğu bildirilən Elsevər adlı şəxslər olduğu deyilir.

Xatırladaq ki, mətbuatda Eldar Həsənovun Azərbaycan Milli Bankının Avstriya firmasına pul banknotlarının çap edilməsi sifarişində ortaya çıxan korrupsiya qalmaqalı ilə bağlılığı haqqında məlumat yayılmışdı. Bildirilir ki, məsələnin araşdırılması üçün Vyanada keçirilən məhkəmədə müttəhim və eyni zamanda şahid kimi çıxış edən rumıniyalı vəkilin ifadəsində azərbaycanlı diplomatların Rumıniyadan külli miqdarda pulu plastik çantalarda çıxardıqları göstərilir. Məhz adları şəkilən diplomatların bu “puldaşıma” işini yerinə yetirə biləcəkləri ehtimal edilir. Hökumətə yaxın mənbənin iddiasına əsasən bu şəxslər hazırda Eldar Həsənovun səfir olduğu Serbiya, Çernoqoriya və Bosniyadakı diplomatik nümayəndəliklərə “transfer” olunublar.

Beləliklə, məlum olur ki, səfir kimi Azərbaycanın maraqlarını xarici ölkələrdə qorumaq, nüfuzunu yüksəltmək vəzifələri tapşırılmış Eldar Həsənov özünə qruplaşma yaradaraq başına topladığı bu şəxslərlə uzun illərdir ki, natəmiz, dolaşıq və şübhəli işlərlə məşğuldur.

Qeyd edək ki, Eldar Həsənovun və başına topladığı dəstəsinin Rumıniyada və Serbiyadakı qaranlıq əməlləri barədə sənədlər daxil olmaqdadır və bu haqda ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.

Antikorrupsiya Layihəsi


DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt