Əsas Səhifə > Siyasət, Manşet > Texniki universitetdə hakimiyyət davası

Texniki universitetdə hakimiyyət davası


27-08-2016, 09:33
Texniki universitetdə hakimiyyət davası
Hələ bir müddət bundan əvvəl, redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Texniki Universitetinin fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallara dair açıqlamalar təqdim edilmişdi. İlk növbədə həmin açıqlamalarda vurğulanırdı ki, son bir neçə ildə bu ali təhsil müəssisəsində təhsilin keyfiyyəti nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Həm də mənbələrin rəyinə görə, bu halın baş verməsinə səbəb olan amillər, birbaşa universitet rəhbərliyinin qeyri-qənaətbəxş fəaliyyəti ilə bağlıdır. Xüsusən də, bu kimi neqativ hallarla bağlı məhz Texniki Universitetin tədris işləri üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Xalıq Məcid oğlu Yahudovun adı daha tez-tez çəkilir. Müxtəlif instansiyalara çoxsaylı şikayətlərlə müraciət edən tələbələr bildirirlər ki, bu ali təhsil müəssisəsində rüşvət yığımları son dərəcə yüksək həddə çatıb. Məlumatlarda vurğulanlr ki, bu yığımları daha da artırmaq məqsədilə universitetdə ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Lakin məlumatlarda xüsusilə diqqəti cəlb edən bir məqam da var ki, bu da Texniki Universitetdə baş verənlərin arxasında daha mürəkkəb intriqaların durduğuna dair səsləndirlən iddialarla bağlıdır. Qeyd edək ki, universitetdə cərəyan edən hadisələri diqqətlə müşahidə etməklə, bu iddiaların heç də əsassız olmadığı qənaətinə gəlmək olar. Çox təbiidir ki, Texniki Universitetdə yer almış rüşvətxorluq və bütün digər neqativ hallara görə bütün məsuliyyət ilk növbədə rektorun üzərinə düşür. Universitetdə olan bəzi mənbələr isə, belə bir fikir irəli sürürlər ki, əslində bir çox mövcud problemlər müəyyən universitetdaxili qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə yaradılır. Məqsəd isə, məhz rektoru nüfuzdan salmaq və onun tutduğu vəzifədən kənarlaşdırılmasına nail olmaqdır. Belə bir sual yarana bilər ki, yaşı 70-i keçmiş rektorun təqaüdə göndərilməsi məsələsinin onsuz da yaxın vaxtlarda gündəmə gələcəyi halda, vəziyyəti bu qədər dramatikləşdirməyin nə mənası var? Amma mənbə bu suala da kifayət qədər məntiqə uyğun cavab təqdim edir. Məsələ bundadır ki, rektorun təqaüdə göndərilməsi məsələsinə baxılacağı vaxt, onun yerinə kimlərin real namizəd olacağı barədə indidən fikir yürütmək bir qədər çətindir. Amma bu günTexniki Universitetinin rektor kürsüsü boşalarsa, bu zaman həmin vəzifəyə daha çox şansı olan əsas namizədlərdən biri də məhz Xalıq Yahudovdur. Mənbə bildirir ki, hal-hazırda Xalıq Yahudovun mövqeyləri o dərəcədə möhkəmlənib ki, hətta prorektor öz yaxın çevrəsinə aid olan şəxslərə artıq rektor kürsüsünü tutmasının “həll edilmiş məsələ” olduğunu da bəyan edib. Onun deməyinə görə, daşıdığı vəzifə adının qarşısındakı “pro” hissəciyindən qurtulmaq üçün sadəcə rektorun təqaüdə çıxmasını gözləmək lazımdır. Lakin hər hansı bir gözləntinin müddət baxımından arzuolunmaz dərəcədə çox uzanmağı da istisna oluna bilməz. Məhz buna görə də, Xalıq Yahudov passiv gözləmə mövqeyinə deyil, hadisələrin aktiv və məqsədyönlü istiqamətləndiricisi mövqeyinə daha çox üstünlük verir. Xatırlayırsınızsa, bir müddət əvvəl Texniki Universitetdə baş verənlər barədə mətbuatda təxminən belə bir mövzuda məlumatlar yaymlanmaqda idi: “...Sessiya imtahanlarında hər tələbədən bir fənn imtahanına görə 250-300 manat tələb olunur. Digər tərəfdən isə, son vaxtlar tələbələrin istehsalat təcrübəsindən azad edilməsinin ayrıca qazanc mənbəyi kimi istifadə edildiyi də diqqəti cəlb edir. Bunun üçün təyin olunmuş qiymətlər isə, kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Məhz bu yığımların sayəsində rektor bu gün böyük bines şəbəkəsinin sahibinə çevrilmişdir...” Bəzi mənbələrin iddiasına görə, bu kimi açıqlamaların mətbuatda yer almasında da Xalıq Yahudovun “əməyi” az deyil.

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.

Geri qayıt