Əsas Səhifə > Siyasət, Manşet > Qorxmaz Hüseynovun qardaşı vətəndaşı ölümlə təhdid edir

Qorxmaz Hüseynovun qardaşı vətəndaşı ölümlə təhdid edir


22-08-2016, 08:59
Qorxmaz Hüseynovun qardaşı vətəndaşı ölümlə təhdid edir
Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayon, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan məcburi köçkün İsmayılov Elnur Mənsur oğlu Azərbaycan Respublikasının Milli Məclisin sədr müavini, Millət Vəkili, İnsan haqqları Komitəsinin sədri Bahar Muradovaya müraciət edib.

Surəti cumhuriyyet.az-a göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

"Yazıb Sizə bildirirəm ki, Zati aliləriniz başda olmaqla müvafiq dövlət strukturlarına ARDNŞ-nin Geofizika və Geologiya idarəsinin rəis müavini vəzifəsində işləsə də, əslində de fakto bu idarəyə rəhbərliyi həyata keçirmiş "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qəzəbinə tuş gələrək "stat” ixtisarı adı altında qanunsuz olaraq işdən azad edilməyim, eyni zamanda Faiq Hüseynov tərəfindən dövlət əmlakının talanması barədə məlumat verib, faktları təqdim edərək köməklik göstərilməsini xahiş etmişdim.

Müraciətimdə onu da qeyd etmişdim ki, Faiq Hüseynov məni ölümlə təhdid edir. Mənim həyatım və problemlərim bir yana, dövlətin mənafeyi, büdcədən oğurlanan milyon manatlarla vəsait də heç kimi maraqlandırmır.

Faiq Hüseynovun korrupsiya əməlləri barədə göstərdiyim təkzibolunmaz faktlar və sənədlərlə bağlı mən bir dəfə də olsun çağrılıb dindirilməmişəm.

Bir ildir ki, mənim şikayətim dondurulub qalıb. Sizin sərəncam və qanunları bəzi ədalətsiz və maraqgüdən məmurlar tapdalayır. Dövlət büdcəsindən milyonları talan edən Faiq Hüseynova cinayət işi başlamaq əvəzinə işi şikayət etdiyim orqana göndərirlər. Bu işin araşdırılması və şikayətçiyə məlumat verilməsi göstəriş verilib. Bu isə qanunlarımıza tamam ziddir. Bu hərəkətlər ölkənin Prokurorluq və digər strukturlarını gözdən salır. Baş Prokurorluq və digər strukturların hər biri tərəfindən ARDNŞ-nə 7 dəfə təqdimat və göstəriş göndərilsə də, mənim ünvanıma ancaq eyni cavablar təkrar gəlməkdədir.

Bütün bunlar heç bir araşdırma aparılmadığını bir daha sübut edir. Təəssüf ki, ARDNŞ məni süründürməkdə hələ də davam edir.

Odur ki, bir daha Zati aliləriniz başda olmaqla, əvvəl müraicət etdiym orqanlara müraciət edərək həqiqətin iştirakımla araşdırılmasında mənə yardımçı olmalarını xahiş edirəm.

Müraciətimin sonunda bir daha Sizi əmin etmək istəyirəm ki, ilk müraciətimdə göstərdiklərim tamamilə həqiqətdir və əgər ömür vəfa edərsə göstərdiklərimi yerində sübut etməyə hazıram”.

Geri qayıt