Əsas Səhifə > Siyasət, Manşet > Nazir oğlundan da şikayət var

Nazir oğlundan da şikayət var


13-08-2016, 08:59
Nazir oğlundan da şikayət var
Redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda yenidən yüksək vəzifəli məmurlar və ya onların yaxınları tərəfindən müxtəlif təmir-tikinti işlərinə cəlb olunmuş usta və fəhlələrin zəhmət haqqlarının kəsilməsi mövzusuna toxunulub. Etiraf edək ki, bu gün Azərbaycanda bu kimi halların tez-tez baş verməsi müşahidə olunur. Heç cür anlamaq olmur ki, özünə dəbdəbəli malikanələr, villalar inşa edən zənginlər kasıbın ruzisini kəsməyi özlərinə necə rəva bilirlər. Aydındır ki, əgər söhbət hansısa qiyməti yüz minlərlə, bəzən hətta milyonlarla ölçülən mülkün sahibindən gedirsə, bu zaman onun “maddi sıxıntılarından”, “imkansızlığından” danışmağa dəyməz. Hər dəfə də bu zənginlərin qənaət etmək fikrinə düşdükləri məsrəflər məhz usta və fəhlələrin zəhmət haqqlarına gəlib çıxır.
Bu dəfə isə, belə “qənaətcil” sifarişçi qismində Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev çıxış edib. Təsəvvür edirsiz? Natiq Əliyevin oğlu onun Biləcəridə yerləşən bağ evinin həyətində hovuz tikən ustaya borclu qalıb. Əgər bunu mənə bilavasitə həmin ustanın özü deməsəydi, belə bir halın yer aldığına qətiyyən inanmazdım. Ona görə yox ki, Fərhad Əliyevin ümumiyyətlə hər hansı bir qanunsuz işə qol qoya biləcəyinə inanmıram. Əksinə, bir çox yüksək çinli məmurlar və ya onların ailə üzvləri və yaxınları kimi, Fərhad Əliyevin də öz sərvətini artırmaq, maraqlarını təmin etmək məqsədilə bütün imkanlardan hər zaman sui-istifadə edə biləcəyinə qətiyyən təccüblənmərəm. Məsələn, hələ bir neçə müddət əvvəl bu şəxsin sahibi olduğu ASC-nin kiçik səhmdarlarını müflis etməsinə dair mətbuatda yayılan informasiyanın dürüstlüyünə dair də bizdə heç bir şübhə yaranmamışdı. Məlumatda deyilirdi: “Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevə məxsus olduğu iddia edilən “Xətai Tikinti Mexanizasiya” ASC-nin əmlakı su qiymətinə hərraclarda satılır. Kiçik səhmdarları elə bir həddə gətiriblər ki, səhmlərini dəyər-dəyməzinə satmağa məcbur olsunlar. Səhmdarlardan biri mətbuata verdiyi açıqlamasında bildirib ki, maliyyə vəziyyətini dalana salmağın hədəfi səhmdar cəmiyyətinin dəyərini, dolayısı ilə səhmlərinin bazar qiymətini “öldürməkdir”. Belə ki, bir neçə il öncə səhmdarlarına dividend verən, qiyməti 4 manata çatan səhmlər üçün indi heç 2 manat da vermirlər. Məqsəd səhmdarları səhmləri süni surətdə ucuz qiymətə satmağa vadar etməkdir. Bir sözlə, ASC-nin gerçək sahibləri kiçik səhmdarları təhrik edirlər ki, onların səhmlərinə dəyər-dəyməzinə sahib çıxa bilsinlər...”

Bir daha vurğulamaq istəyirəm. Bu kimi maxinasiyaları hətta “normal” qəbul etmək də olur. Çünki burada söhbət böyük pullardan gedir. Amma ustanın 4500 manatını kəsmək nə deməkdir? Bəli, vətəndaş Seyfəddinov Elmar Seyfəddin oğlu öz ərizəsində bildirir ki, onun Fərhad Əliyevə məxsus bağ evinin həyətində tikdiyi hovuza görə ala bilmədiyi pulun məbləği məhz 4500 manatdır. Çox maraqlıdır, görəsən doğrudanmı Fərhad Əliyevin maddi durumu bu qədər sıxıntılı bir hala gəlib..?

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.

Geri qayıt