Əsas Səhifə > Siyasət, Manşet > “Mədəniyyət və Turizm Nazirliyi Bakı ŞİH-in funksiyalarını mənimsəyir”
“Mədəniyyət və Turizm Nazirliyi Bakı ŞİH-in funksiyalarını mənimsəyir”12-07-2016, 08:49 |
İyulun 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib ki, tezliklə Novxanıda yeni çimərlik açılması planlaşdırılır. “Bu həftə Novxanıda girişi pulsuz olan çimərlik açılacaq”, – deyə nazir vurğulayıb. Onun sözlərinə görə, çimərliyin açılışı iyulun 14-15-də baş tutacaq. Xatırladaq ki, iyunun 23-də Legion.az-da “Pulsuz çimərliklər haqda nağıllara inanmayın!” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Bakı ŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun fikirlərinə yer verilmişdi. İyunun 11-də Bakı ŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Apa-ya müsahibəsində bəyan etmişdi ki, çimərliklərə giriş birmənalı olaraq ödənişsizdir. “Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb”. Əlabbas Bağırov Kavkaznews.az-a bildiridb ki, Əgər kimsə Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamına əməl etmirsə, deməli, qanunu pozur. Biz bu bu şəxslər barəsində tədbirlər görürük”, – deyə Ə.Bağırov əlavə edib. “Hansı tədbirlər görürsünüz?” deyə soruşduq. Ə.Bağırov kavkaznews.az-a belə cavab verdi: “Biz onlara deyirik ki, belə etməsinlər. “Qaynar xətt”imiz var, vətəndaşlar çimərliklərdə ödənişli xidmət haqda məlumat verə bilər. Biz qanunu pozanlara bildiriş göndərir, maarifləndirir və cərimə edirik”. “Amburan”, “Aysberq”, “Khazar Golden Beach Hotel”, “Jumeirah Bilgah Beach Hotel” kimi istirahət mərkəzlərindən bizə bildirdilər ki, onların ərazisində çimərlik ödənişlidir. Biz bu barədə Əlabbas Bağırova məlumat verdik. «Bəli, Hacıbala Abutalıbov sərəncam verib ki, Bakının bütün çimərlikləri ödənişsiz olmalıdır. Bu sərəncam hər il yenilənir”, – Ə.Bağırov fəxrlə cavab verdi. Biz ona sözügedən istirahət mərkəzlərində eşitdiklərimizdən, orda vətəndaşlardan çimərliyə görə ödəniş alınmasından danışdıq. Və fəxrlə soruşduq ki, heç kimin əməl etmədiyi sərəncamı hər il yeniləmək nəyə lazımdır? Əlabbas Bağırov daha beş dəqiqə sonra zəng etməyimizi xahiş etdi. Biz ona bir müddət sonra zəng etdik, amma dəstəyi qaldıran olmadı. (Kavkaznews.az) İyulun 11-də Əlabbas Bağırov LEGİON.AZ-a bildirdi ki, Bakıda çimərliklərin pulsuz olmasına dair sərəncamları ancaq Bakı Şəhər İcra Hakimiyyəti verə bilər. “Ancaq Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edə bilər ki, bu və ya digər çimərlik ödənişsiz olmalıdır, ya yox”, – deyə Ə.Bağırov qeyd etdi. Mədəniyyət və turizm naziri onun tabeliyində olmayan çimərliklərlə bağlı hansı əsasla bəyanat verir? Bu suala cavab almaq üçün, biz Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı İntiqam Hümbətova zəng etdik. “Nazir Əbülfəz Qarayev bildirib ki, pulsuz çimərliyin açılışı olacaq. Bunda pis heç nə yoxdur”, – deyə İ.Hümbətov LEGİON.AZ-a bildirdi. “Axı Bakı ŞİH başçısının sərəncamına görə, Bakıda bütün çimərliklər pulsuz fəaliyyət göstərməlidir”, – deyə qeyd etdik. “Lap yaxşı. Biz də daha bir pulsuz çimərlik açacağıq”, – deyə İ.Hümbətov cavab verdi. “Deyəsən, Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin funksiyalarını mənimsəyir. Amma boşuna edir… Əgər Bakı çimərliklərini işğal edən oliqarxlar Bakının meriylə hesablaşmırsa, onda heç kim təminat verə bilməz ki, oliqarxlar nazir Əbülfəz Qarayevin də əmrini yerinə yetirəcəklər”, – deyə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. O, Bakıda həqiqətən pulsuz çimərlik açılacağına inanmadığını vurğulayıb: “Heç nə dəyişməyəcək. Hacıbala Abutalıbov hər il faydasız sərəncamlar verəcək, amma yenə də heç kim buna məhəl qoymayacaq”. Geri qayıt |