Əsas Səhifə > Siyasət, Manşet > Qarabağda müharibə hədəsi

Qarabağda müharibə hədəsi


8-07-2016, 12:02
Qarabağda müharibə hədəsi
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli işlər hələ də yoxdur. Bunun əksini sübut edəcək bir arqument yoxdursa, deməli, heç bir addım atılmayıb.

Son günlərin ən real addımlarından biri cəbhə xəttində mövcud olan nisbi sakitlikdir. Prezidentləri Vyana görüşündən dərhal sonra bütün cəbhə boyu nisbi sakitlik yarandı. Amma bir neçə gün əvvəl bu sakitliyə də, ciddi yanaşmağın əbəs olduğunu sübut edən fakt qeydə alındı. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri erməni snayper tərəfindən vuruldu.

Bunu gərginliyin ilk simptomu hesab etmək olar. Amma məsələnin digər maraqlı məqamları da var.
ABŞ və Almaniya Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın dominant olduğunu bir daha etiraf etdi və həm də bu etiraf mövcud reallıqla barışmaq idi. Həm kansler Merkel, həm də prezident Obama Rusiyanın daha fəal olmasını dilə gətirdilər. Mövqelər ortadadır. Və bu mövqelərin fonunda Azərbaycan və Ermənistan prezidentlərinin müzakirəsinə verilmiş Rusiyanın təklifləri var. Əldə olan informasiyalara görə, başqa bir həll planı nə gündəlikdə, nə masa üzərində, nə də müzakirədə yoxdur. Deməli, Rusiya bütün ipləri əlinə yığa bilib.

Amma bu da Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış situasiyanın tam mənzərəsi deyil.
Məsələ ondadır ki, Vyana görüşündən sonra atəş xəttində nisbi sakitlik olsa da, müharibə reallığının hər an gündəmə gəlməsi proqnozları var.

Bu proqnozlar əsasən, Qərbdən və Ermənistanda üzü Qərbə baxan ekspertlərdən gəlir.
Ən ciddi belə proqnoz Beynəlxalq Böhran Qrupundan (BBQ) oldu. Azərbaycanın yenidən hərbi əməliyyatlara başlayacağını və hətta istifadə olunacaq raketlərin tipini də xəbər verən hesabatında BBQ sanki həyəcan təbili çaldı.

Başqa bir ciddi bəyanat isə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salber səsləndirib. “Azadlıq” radiosuna müsahibəsində avropalı diplomat Qarabağ münaqişəsi cəbhəsində gərginliyin artması ehtimalının çox olduğunu bildirib: “Əgər problem həll olunmasa, yeni zorakılıq qığılcımının başlanması mümkündür”.

Cəbhədə mövcud olan sakitlik fonunda müharibə qorxusunu ifadə edən təkcə beynəlxalq güc mərkəzləri deyil. İndi Ermənistanda da, tez bir zamanda müharibənin ola biləcəyini proqnozlaşdıranlar var.

Regional Araşdırmalar Mərkəzinin rəhbəri Rimard Kirokasyan hesab edir ki, yaxın zamanlarda Azərbaycan bir neçə rayonu azad etmək üçün hücuma keçə bilər. Kirokasyan Azərbaycanın bu addımlarının qarşısını almaq üçün beynəlxalq birliyin mexanizmlərinin olmadığını bildirir: “Rusiya, Fransa və ABŞ nə qədər güclü dövlətlər olsalar da, münaqişə tərəflərinə təsir mexanizmləri yoxdur”.

Bəli, doğrudan da, tərəflərə real və rəsmi təsir mexanizmləri yox səviyyəsindədir. Əslində, bu, reallıqdır. Amma bu gün Qarabağın başı üzərində Domokl qılıncı kimi asılan müharibə hədəsinin aradan qaldırılmasına yönəldilmiş bəyanatlar Azərbaycanın haqlı davasına qarşı vahid cəbhənin açıldığını bir daha göstərir. İndi Azərbaycan rəsmiləri hansı addımlar atacaqları ilə yanaşı, hansı ritorikanı seçəcəklərini də ciddi götür-qoy etməlidir.

ASƏF Quliyev

Geri qayıt