Əsas Səhifə > Siyasət, Manşet > Dövlətə necə "do gəlinir"...

Dövlətə necə "do gəlinir"...


7-07-2016, 09:16
Dövlətə necə "do gəlinir"...
Xəbər verdiyimiz kimi, "Parabank”ın "Nəsimi” filialı ilə "Kia Motors” MMC-nin adı keçən sensasiyalı cinayət işinin məhkəməsi başlayıb. Söhbət "Parabank”ın "Nəsimi” filialının bunkerində "Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilərək saxlanılan 40 milyona yaxın vəsaitindən müəyyən hissənin – 680 min manatın yoxa çıxmasından sonra başlanan cinayət işindən gedir.

Məlumata görə, "Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərov qohumluq əlaqələrində olduğu "Parabank”ın "Nəsimi” filialının rəhbəri Bəhruz Mirzəyevlə sövdələşərək, qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlamaqla, vergi uçotundan gizlədib. "Kia Motors Az” MMC-nin "Parabank”da sənədləşdirmə aparılmadan saxlanılan və istifadə olunan 40 milyon manatına nəzarət edən Fərhad Cəfər oğlu Abbasovun ölümü – guya 8 bıçaq zərbəsi ilə intihar etməsi isə bu işin ən diqqətçəkən və müəmmalı tərəfidir.
İş üzrə 3 nəfər təqsirləndirilən şəxs var. Bunlardan biri 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğludur.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, Ü.Kazımovun vəkili Mehman Abbasovun məhkəmədəki müdafiə çıxışının tam mətnini təqdim edirik.
"Hörmətli məhkəmə, hörmətli proses iştirakçıları!
Bakı Ağır Cinayətlər MəhkəməsindəKazımov Ülvi Elçin oğlunun, Mədətova Sevinc Şəmistan qızının və Mehdiyev Yaşar Məhəmməd oğlunun(Sonuncu bu il mayın 21-də Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib-red) Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə istintaqı yekunlaşmışdır. Cinayət işinin məhkəmə istintaqının ümumilikdə aparılması zamanı işə baxan məhkəmə tərkibi tərəfindən işin baxılmasında Ü.Kazımova münasibətdə açıq qərəzliliyə yol verilmiş, məhkəmə prosesi açıq-aşkar şəkildə Kazımov Ülvi Elçin oğluna qarşı ittihamedici istiqamətində yönəlmiş, işdə iştirak edən ittiham tərəflərindən başqa bütövlükdə məhkəmənin fəaliyyəti arbitr çərçivəsindən kənara çıxılaraq təqsirləndirilən şəxs Kazımov Ülvi Elçin oğlunu ittiham etməkdən ibarət olmaqla, qanunsuz şəkildə zərərçəkmiş qismində tanınmış "Kia Motors-Az” MMC-nin vəsatəti əsasında Ülvi Kazımovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri cinayət prosessual qanunvericiliyində nəzərdə tutulan həbsin maddi və prosessual əsasları olmadan qanunsuz və əsassız şəkildə həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Ülvi Kazımov həbsə alınmışdır. İş üçün vacib sübut əhəmiyyəti kəsb edən məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin Mərkəzi Bankın təlimatları ilə ziddiyyət təşkil etdiyinə görə rəyi vermiş ekspertin məhkəmədə dindirilməsi barədə vəsatətlərimiz əsassız şəkildə məhkəmə tərəfindən təmin edilməmişdir. Bütün bunlar hazırki məhkəmə prosesinin təqsirləndirilən şəxs Kazımov Ülvi Elçin oğluna münasibətdə sırf qərəzli, qeyri-obyektiv, birtərəfli şəkildə keçirilməsi barədə fikirlərin irəli sürülməsinə əsas verir və heç şübhə ilə yanaşmaq olmaz ki, məhkəmə zərərçəkmiş "Kia Motors AZ” MMC-nin mövqeyindən çıxış edərək iştirak dərəcələri qat-qat yüksək olan digər təqsirləndirilən şəxslərə nisbətdə Ü.Kazımova daha ağır cəza verilməsi ilə nəticələnəcəkdir, baxmayaraq ki, Ü.Kazımov zərəri digər təqsirləndirilən şəxslərdən çox ödəmişdir.
İbtidai araşdırma orqanı tərəfindən müdafiəçisi olduğum Kazımov Ülvi Elçin oğluna ittiham verilmişdir ki, o, 01 sentyabr 2010-cu il tarixdən 01 oktyabr 2012-ci il tarixədək "Parabank” ASC-nin "Nəsimi” filialında xəzinədar vəzifəsində işləməklə onunla bağlanmış 01 sentyabr 2010-cu il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, xəzinədarın vəzifə təlimatına əsasən saxlanılması və ya digər məqsədlər üçün ona verilmiş əmlaka və digər sərvətlərə qayğı ilə yanaşılması və ziyanın qarşısını almaq üçün vaxtında lazımi tədbirlər görülməsinə, ona etibar edilmiş əmlak, maddi və digər sərvətlərin işəgötürənin daxili qaydalarına uyğun olaraq uçotunun aparılmasına, bu sərvətlərin vəziyyəti və qalıqları haqqında müəyyənləşdirilmiş qaydada hesabatların tərtib və təqdim edilməsinə,"Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarına əsasən nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanılması və qorunmasına, pul və qiymətlilərin tam salamatlığına, habelə "Parabank ASC-də əmanət seyflərinin icarəyə verilməsi” Qaydalarına əsasən saxlanc qaydalarının icrasına cavabdeh şəxs olmasına baxmayaraq, həmin tələblərə qəsdən əməl etməyərək, "Kia Motors Az” MMC ilə Parabank ASC arasında bağlanmış 28 avqust 2009-cu il tarixli "İnkassasiya avtomobilinin və saxlanc yerinin icarə müqaviləsi”nə əsasən Parabank ASC-nin "Nəsimi” filialına aid saxlanc yerində saxlanılması üçün "Kia Motors Az” MMC-də tərtib edilmiş kassa məxaric orderləri əsasında mütəmadi olaraq banka daxil edilərək ona təhvil verilmiş və etibar edilmiş "Kia Motors Az” MMC-nin avtomobil satışından əldə olunan nağd pul vəsaiti üzərində filial müdiri Bəhruz Mirzəyevin və "Kia Motors Az” MMC-nin həmin filiala təhkim edilmiş nümayəndəsi mərhum Fərhad Abbasov tərəfindən zəif nəzarətin olmasından və həmin pul vəsaitlərin uzun müddət hesabatının aparılmaması ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə edərək filialın baş mühasibi Mədətova Sevinc Şəmistan qızının pulları qanunsuz mənimsənilməsinə dair təklifi ilə razılaşaraq, sonuncunun qohumu Yaşar Mehdiyev, onun tanışı Azad İsayev və Sevinc Mədətova ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə filialın saxlanc anbarında saxlanılan "Kia Motors Az” MMC-nə məxsus 689.132,75 manat pul vəsaitini sənədləşmə aparılmadan filialın saxlanc anbarından qanunsuz şəkildə nağd olaraq götürüb Sevinc Mədətova, Azad İsayev və Yaşar Mehdiyevlə birlikdə ortaq ticarət maraqlarına sərf edərək zərərçəkmişə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamışdır.
İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi Bankının "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarına, "Parabank” ASC-nin Müşahidə Şurasının təsdiq etdiyi 22.04.2009-cu il tarixli ""Parabank” ASC-də əmanət seyflərinin icarəyə verilməsi Qaydaları”na, bankdaxili qaydalara ziddir.
Cinayət işinin məhkəmə hazırlıq iclasında tərəfimizdən məhkəməyə vəsatət verilərək "Kia Motors Az” MMC-nin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində qalması əsasları olmadığından, onun zərərçəkmiş hüquqi şəxs qismində iştirakına xitam verilməsi və zərərçəkmiş hüquqi şəxs "Kia Motors Az” MMC-nin nümayəndəsi Ə.S.Səfərovun dindirmə protokolları məhkəmə baxışından yolverilməz sübutlar kimi xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdik. Məhkəmə bu vəsatəti təmin etməmişdir. Məhkəmə çıxışımda bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, "Kia Motors Az” MMC bu iş üzrə zərərçəkmiş hüquqi şəxs kimi tanına bilməz. Cinayət işində cinayətin predmeti hesab olunan 689.132,75 manat pul vəsaitinin "Kia Motors Az” MMC-nə məxsus olması müəyyən olunmur.(azpolitika)Həmin pul vəsaiti "KiA-Motors Az” MMC-nin "Parabank” ASC-nin Nəsimi filialında olan hesablaşma hesabında olmamış, həmçinin 689.132,75 manat nağd pul vəsaitinin "Parabank” ASC-nin "Nəsimi” filialının mədaxil kassasına mədaxil edilməsi barədə kassa mədaxil orderləri və ya köçürmə sənədi yoxdur, "Kia-Motors Az” MMC-nin bankın "Nəsimi” filialının saxlanc anbarına pul vəsaitinin qoyması barədə əməliyyat gününün mühasibat balansında, bankdaxili proqramda əks olunmamışdır (Mərkəzi Bankın Qaydaların 6.3-cü bəndi), həmin pul vəsaitlərinin filialın xəzinəsində saxlanca qəbulu və xəzinədarın həmin pul vəsaitlərini təhvil alaraq xəzinənin saxlanc anbarına (bunkerinə) qoyulması barədə hər hansı bir təhvil-təslim aktı yoxdur, eləcə də qeyd olunan pul vəsaitləri filialın müdiri və baş mühasibinin iştirakları ilə sayılıb balans məlumatları ilə tutuşdurulmamışdır, «Pul saxlanan yerdə olan nağd pulun və digər qiymətlilərin uçotu kitabı»nda "Kia Motors Az” MMC-nə məxsus 689.132,75 manat pulun uçotu aparılmamış və bu məbləğdə kassada nağd pul qalığının olması kitabda qeyd edilməmiş, filialın müdiri Bəhruz Mirzəyev və baş mühasibi Sevinc Mədətova tərəfindən imzalanaraq təsdiqlənməmişdir. "Kia Motors Az” MMC özünə məxsus olmasını iddia etdiyi 689.132,75 manat pul vəsaitini 2011-2012-ci illərin vergi bəyannaməsində özünün dövriyyəsinə daxil olan pul vəsaiti kimi vergi orqanına bəyan etməmişdir. Əgər etmişdirsə, buyursun təqdim etsin görək həmin illərdə verilən rüblük və illik yekun bəyannamələrdə "KİA Motors Az” MMC-nin 689.132,75 manat dövriyyə vəsaiti göstərilmişdirmi və vergi hesablanan zaman "KİA Motors Az” MMC-nin dövriyyəsinə həmin pul vəsaiti daxil edilmişdirmi və ona müvafiq vergi hesablanmışdırmı?
Bundan başqa 28.08.2009-cu il tarixli İnkassasiya avtomobilinin və saxlanc yerinin icarə Müqaviləsində filialın saxlanc yerinin icarəyə verilməsi barədə bir cümlə yazılmışdır. Müqavilənin 2.3-cü bəndində qeyd olunur ki, tərəflər razılaşmışlar ki, icarəçi icarəyə götürdüyü inkassasiya avtomobili ilə yalnız öz obyektlərində və ona aid zəruri yerlərdəki pul vəsaitini toplayaraq, icarəyə verən bankın Nəsimi filialının bunkerindəki icarəçi üçün ayrılmış yerdə saxlanmasını təmin edir. Avtomobilin digər məqsədlər ilə işlədilməsi yolverilməzdir. Müqavilədə "Kia Motors Az” MMC-nin Parabankın Nəsimi filialında saxlanc anbarında pul vəsaitlərinin hansı qaydada saxlanması, xəzinədarın həmin saxlanc anbarına yerləşdirilən pul vəsaitini qəbul etməsi, ona cavabdehlik daşıması göstərilməmişdir. Bundan başqa sözü gedən müqavilədə icarəçi "Kia Motors Az” MMC-nə məxsus pul vəsaitlərinin və qiymətlilərin saxlanması və mühafizəsi üçün icarəyə verən Parabank heç bir öhdəlik və məsuliyyət öz üzərinə götürməmişdir. Müqavilədə yalnız inkassasiya avtomobilinin və saxlanc yerinin icarəyə verilməsindən bəhs olunur. Hər hansı bank sənədində və ya müqavilədə filialın xəzinədarı Ülvi Kazımovun əmanət seyflərində və ya saxlanc anbarında saxlanılan pul vəsaitlərinin toxunulmazlığına, onun qorunmasına cavabdehlik və maddi məsuliyyət daşıması görünmür. Əgər varsa, ittiham tərəfi həmin sənədi təqdim etsin!
Ülvi Kazımova və qeyrilərinə ittihamı verən ibtidai araşdırma orqanı verdiyi ittihamda, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə istintaqı zamanı məhkəməni inandırmağa çalışmışdır ki, saxlanc anbarında (bunkerdə), depozit seyflərində saxlanan pul vəsaitləri bankın mühasibat balansında əks olunmur, həmin vəsaitlər sahibinin ixtiyarındadır. Yalnız bu cür ehtimallarla bu gün hesab olunur ki, Parabankın Nəsimi filialında olan pul vəsaitləri "Kiz Motors Az” MMC-nə məxsus olmuşdur, həmin vəsaitlər xəzinədar Ülvi Kazımova etibar edilmiş, Ülvi Kazımov həmin vəsaitlərin saxlanması üçün vəzifə öhdəlikləri daşıyır. Bu heç də belə deyildir.
Parabankın Nəsimi filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlunun 2011-ci ilin 25 avqust tarixli vəzifə təlimatında saxlanc anbarında (depozit seyflərdə) saxlanılan pulları qəbul etmək, onların saxlanılmasına məsuliyyət daşımaq kimi vəzifələri qeyd olunmamışdır.
Əvvəla onu qeyd edim ki, "Parabank” ASC-də saxlanc anbarının (bunkerin) icarəyə verilməsi Qaydaları təsdiq edilməmişdir və belə bir Qaydalar "Parabank” ASC-də yoxdur. Nəsimi filialının müdiri Bəhruz Mirzəyev Parabankda belə bir Qaydalar olmadan kənar hüquqi şəxsə məxsus olan və heç yerdə qeydiyyatı aparılmayan külli miqdarda pul vəsaitlərini qəbul etməsi vəzifə səlahiyyətlərini qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi kimi, hüquqi şəxsə məxsus ciddi hesabat blankı hesab edilən kassa məxaric orderinə şəxsən imza etməsi isə vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşma kimi qiymətləndirilməlidir. Məhkəmə bu məsələyə xüsusi diqqət yetirməlidir.
Bundan əlavə sözü gedən Nəsimi filialının kassasında və kassadaxili saxlanc yerində hər hansı bir hüquqi və ya fiziki şəxsin saxlanc anbarını icarəyə götürüb istifadə etməsi qeyri-mümkün olmuşdur. Çünki orada yalnız bir saxlanc yeri olmuş və saxlanc yerində yalnız bankın əməliyyatlarından kassa mədaxil orderi və pul çeki əsasında mədaxil edilmiş pulların maksimal həddi 200 000 (iki yüz min) manatdan artıq olmayan banka məxsus vəsaitlər saxlanmışdır. "Kia Motors Az” MMC-nin hesablaşma hesabında, filialın mühasibat balansında öz əksini tapmayan qeydiyyatsız pulların filialın kassa anbarında saxlanılması üçün şərait olmamışdır. Şübhəsizdir ki, cinayət işində bu barədə qeyd olunanlar ibtidai istintaq orqanının sonradan düzüb qoşmaları və uydurmalarıdır.
Difər tərəfdən cinayət işinin materiallarına əlavə edilmiş 22.04.2009-cu il tarixdə təsdiq olunmuş ""Parabank” ASC-də əmanət seyflərinin icarəyə verilməsi Qaydaları”na görə Müştəri əmanət seyfini icarəyə götürməsi barədə Parabank ASC-nin Müştəri Xidməti Departamentinə müraciət edir, müştəriyə qaydalar izah edildikdən sonra onunla müqavilə bağlanılır, müştəri icarə haqqını nağd və ya köçürmək yolu ilə ödədikdən sonra (cinayət işində "Kia Motors Az” MMC-nin saxlanc anbarını icarəyə götürməsinə görə icarə haqqı ödənişləri müəyyən edilməmişdir), baş xəzinədar tərəfindən icarədara icarəyə götürülmüş bölmənin açarlarının təhvil-təslimi həyata keçirilir və sonra bölmənin açarını və ona bərkidilmiş jetonun təhvil-təslim aktını imzalayır. Cinayət işində belə bir akt yoxdur ki, sübut olunsun ki həqiqətən "Kia Motors Az” MMC-nin Parabankın Nəsimi filialından əmanət seyfini (saxlanc anbarını yox) icarəyə götürmüş olsun. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxs "Kia Motors Az” MMC-nin nümayəndəsi Səfərov Əşrəf Səxavət oğlu mənim sualıma cavab olaraq bildirmişdir ki, belə bir Akt olmamışdır. Qaydaların IV-cü bəndində Müştərinin Seyfə daxil olması qaydaları müəyyən edilmişdir. IV-cü bəndə görə seyfə daxil olmaq istəyən müştəri şəxsiyyətini təsdiq edən sənədi və ya hüquqi şəxsin nümayəndəsi əlavə olaraq notarial qaydada təsdiq edilmiş etibarnaməni bankın Xəzinədarlıq Departamentinin Əməliyyat Xəzinə Şöbəsinin əməkdaşına təqdim edir, əməkdaş müqavilədə göstərilən rekvizitləri və müvafiq sənədləri yoxlayır və sonra bölmədən istifadə etmək üçün icarədara icazə verilir. ƏXŞ-nin baş xəzinədarı tərəfindən əmanət seyfi əsas açar vasitəsilə açılır, daha sonra müştəri müqavilə bağlayan zaman ona verilmiş açarla seyfi açaraq müvafiq əməliyyatlar aparır və sonra seyf bağlanır. Prosedur bu qaydada olmalıdır və 22.04.2009-cu il tarixli Qaydalardan göründüyü kimi bankın xəzinədarının əmanət seyfində saxlanılan pul vəsaitlərinin və ya qiymətlilərin saxlanc seyfinə daxil olmaq və onları götürmək mümkünlüyü yoxdur. "Kia Motors Az” MMC-nin iddia etdiyi 689.132,75 manat pul vəsaitinin ona məxsus olması heç bir sənədlə sübut olmaması ilə yanaşı həmin vəsait filialın xəzinəsinə qanunsuz şəkildə daxil olmuşdur.
Hazırki cinayət işinin ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "Kia Motors Az” MMC-nin nümayəndəsi qismində ifadə vermiş Səfərov Əşrəf Səxavət oğlu ifadəsində göstərmişdir ki, 2011-2012-ci illərdə "Kia Motors Az” MMC-nin direktoru işləmiş və hazırda da işləyir. MMC ilə Parabank ASC arasında 28.08.2009-cu ildə bağlanmış müqaviləyə əsasən o və işçisi Murad İslam Əhəd oğlu müxtəlif vaxtlarda inkassasiya avtomobili ilə avtomobillərin satışından əldə olunmuş pul vəsaitlərini "Kia Motors Az” MMC-nin kassa məxaric orderi ilə MMC-nin Nəsimi filialında "Kia Motors Az” MMC-ni təmsil edən Abbasov Fərhad Cəfər oğluna təhvil vermiş, Fərhad Abbasov MMC-nin kassa məxaric orderini Parabankın Nəsimi filialının müdiri Bəhruz Mirzəyevə təqdim etmiş, Bəhruz Mirzəyev həmin orderə dərkənar qoyduqdan sonra orderi Fərhad Abbasova qaytarmış və Fərhad Abbasov Murad İslamla birlikdə həmin pulları filialın xəzinədarı Ülvi Kazımova təhvil vermişlər, lakin pulun Ülvi Kazımova təhvil verilməsinə dair hər hansı sənəd, akt tərtib edilməmişdir. "Parabank” ASC-nin Nəsimi filialının müdiri Mirzəyev Bəhruz Nurəddin oğlu və Murad İslam Əhəd oğlu şahid qismində analoji ifadələr vermişlər.
Hörmətli məhkəmə! Siz diqqət yetirin! İbtidai araşdırma orqanı bu ifadələrə və formal tərtib edilmiş yarımçıq müqaviləyə əsasən bu nəticəyə gəlmişdir ki, "Kia Motors Az” MMC-nin pul vəsaitləri saxlanca Nəsimi filialının xəzinədarına etibar edilmiş və sonuncu həmin pulları digəriləri ilə mənimsəmişdir. Təqsirləndirilən şəxs Kazımov Ülvi Elçin oğluna ittiham tamamilə düzgün verilməmişdir. Yuxarıda qeyd etdiyim Mərkəzi Bankın kassa əməliyyatların aparlması ilə bağlı qaydaları ilə, bankdaxili qaydalarla müəyyən olunmur ki, kənar bir hüquqi şəxsin ciddi hesabat blankı olan kassa məxaric orderi ilə bankın xəzinəsinə pul mədaxil edilsin. Kassa məxaric orderi hüquqi şəxsin daxili sənədidir, həmin sənəd yalnız nağd pulun hüquqi şəxsin kassasından məxaric edilməsini təsdiq edir. Bankın filial rəhbərinin müştəri-hüquqi şəxsin kassa məxaric orderinin üzərinə dərkənar qoyması, həmin order əsasında pul qəbul etməsi, pulu və məxaric orderini yenidən hüquqi şəxsin nümayəndəsinə qaytarması, hüquqi şəxsin nümayəndəsi pulu sənədləşmə aparmadan filialın xəzinədarına təqdim etməsi tamamilə qanunsuzdur. Bu cür qaydalara bank və mülki qanunvericilikləri, eləcə də Mərkəzi Bankın qayda və təlimatları ilə yol verilmir. Filialın xəzinədarı müdir və baş mühasibin imzaladıqları kassa mədaxil orderi və ya ödəniş tapşırığı əsasında pul vəsaitini müştəridən qəbul edə bilər və həmin qaydada qəbul etdiyi pul xidməti vəzifəsinin icrası ilə bağlı ona təqdim olunur və o, həmin pula görə tam maddi məsuliyyət daşıyır. Başqa formada kassaya pul daxil edilə bilməz, əgər pul baratları qanunsuz şəkildə xəzinəyə qoyulmuşdursa, onların itməsinə, əskik gəlməsinə xəzinədar maddi məsuliyyət daşımır. Parabank ASC-nin Nəsimi filialındakı saxlanc anbarına (bunkerinə) qəbul edilmiş nağd pul vəsaiti üzrə 689132,75 manat məbləğində nağd pul vəsaitinin çatışmazlığı heç bir sənədlə müəyyən edilmir. 2012-ci ildən 2015-ci ilə kimi "Parabank” ASC-də Mərkəzi Bank tərəfindən, eləcə də "Parabank” ASC-nin baş ofisi tərəfindən dəfələrlə keçirilmiş audit yoxlamalarının nəticələrinə dair tərtib edilmiş Aktlar və Arayışlarda Nəsimi filialının xəzinəsində 689132,75 manat məbləğində nağd pul vəsaitinin çatışmazlığı müəyyən edilməmişdir. Bundan başqa zərərçəkmiş hüquqi şəxs kimi çıxış edən "Kia Motors-Az” MMC-nin 2012-ci ildə 689.132,75 manat külli miqdarda pul vəsaitinin "Parabank” ASC-nin "Nəsimi” filialında çatışmazlığı olmuşdursa, hansı səbəbdən bu vaxta kimi "Kia Motors-Az” MMC "Parabank” ASC-nin rəhbərliyinə, Mərkəzi Banka, hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etməmişdir, çatışmayan pulunun ödənilməsini tələb etməmişdir? Yalnız ibtidai istintaq orqanı tərəfindən Abbasov Fərhadın "Nəsimi” filialının müdiri Bəhruz Mirzəyevin otağında guya özünü bıçaqlayaraq qətlə yetirməsi faktı ilə əlaqədar istintaq araşdırması aparılarkən bu faktı "Kia Motors-Az” MMC etiraf etmişdir. Fərhad Abbasovun filial müdirinin otağında özünü öldürməsi faktı da şübhəlidir!
Hansı sənədə əsasən ittiham orqanı "Nəsimi” filialının xəzinəsində həmin məbləğdə pulun mənimsənilməsi barədə ittiham irəli sürür? Bu ittiham tamamilə qanunsuzdur! Belə bir ittihama görə şəxsin barəsində mənimsəmə cinayəti ilə hökm çıxarıla bilməz! Burada mənimsəmə cinayətinin tərkibi yoxdur.
Ona görə də Kazımov Ülvi Elçin oğlunun əməlində CM-nin 179.3.2-ci maddəsinin əlamətləri yoxdur.
Cinayət işi üzrə təqsirləndirilən şəxslər Mədətova Sevinc Şəmistan qızı və Mehdiyev Yaşar Məhəmməd oğlu məhkəməyə verdikləri ifadələrində özlərini bu qondarma cinayətdə təqsirli bilməmişlər, özlərini məhkəməyə elə formada təqdim etmək istəmişlər ki, sanki onların bu məsələdə heç bir rolu olmamışdır. Yaxın qohumluq münasibətlərində olan S.Mədətova və Y.Mehdiyev əvvəlcədən öz aralarında razılaşmaqla qohumluq həmrəyliyi göstərərək sahibi və mənbəyi məlum olmayan pulların verilməsində heç bir iştirakları olmadığını, Ülvi Kazımovun cinayət əməlini təkbaşına törətdiyini göstərsələr də, qeyd edilən xüsusatlar iş üzrə şahid ifadələri, telefon danışıq məlumatları, Sevinc Mədətova tərəfindən icra edilmiş əlyazmalar, öz ziddiyyətli ifadələri və digər sübutlarla tam təkzib olunmuşdur.
Filialın xəzinəsində saxlanılan sahibi və mənbəyi məlum olmayan pullar Sevinc Mədətovanın Fərhad Abbasovla birgə hazırladıqları plan üzrə S.Mədətovann təklifi ilə onun özünə verilmiş və S.Mədətovanın vasitəsilə Yaşar Mehdiyevə və Azad İsayevə mərhum Fərhad Abbasovun tapşırığı ilə verilmişdir.
Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs "Kia Motors Az” MMC-nin nümayəndəsi Səfərov Əşrəf Səxavət oğlu təqsirləndirilən şəxslərdən Yaşar Mehdiyevi və xüsusi qaydada Sevinc Mədətovanı müdafiə etməyə çalışsa da, məhkəməyədək ibtidai araşdırma dövründə Səfərov Əşrəf Səxavət oğlu ilə Mehdiyev Yaşar Məhəmməd oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Əşrəf Səfərov Azad İsayevlə Ülvi Kazımov və Sevinc Mədətovanı Yaşar Mehdiyevin tanış etdiyini, onun iştirakı ilə təxminən 200000-230000 (iki yüz min-iki yüz otuz min) manatdan çox pulun Azad İsayevə çatdırıldığını və həmin məbləğə zamin durduğunu, ona görə də həmin məbləğin 3 yerə bölünərək ona düşən təxminən 80000 (səksən min) manat pulun ödənilməsini öz öhdəsinə götürdüyünü Yaşar Mehdiyevin üzünə qarşı bildirmişdir. Bundan əlavə istintaqla müəyyən edilmişdir ki, 15 oktyabr 2012-ci il tarixdə "Bank Technique”-də onun hesabına 70000 manat, 18 dekabr 2012-ci il tarixdə isə 30000 manat depozitə pul qoyulmuşdur. Sual olunur, bu pulları Yaşar Mehdiyev haradan əldə etmişdir və hansı səbəbdən özünün deməsinə görə "Parabank” ASC-nin Nəsimi filialının daimi müştərisi ola-ola həmin pulları depozitə Nəsimi filialna yox "Bank Technique”-ə depozitə qoymuşdur?
Sahibi və mənbəyi məlum olmayan pulların xərclənməsində, verilməsində təqsirləndirilən şəxs Sevinc Mədətovanın böyük rolu olmuşdur. Sevinc Mədətova Ülvi Kazımovun gənc və təcrübəsiz olmasından istifadə edərək onun xəzinədar olduğunu və xəzinədə əskik gələn pullara görə məsuliyyət daşıdığını və özünün həmin məsələdə heç bir məsuliyyətinin olmadığına arxayin olaraq, Ülvi Kazımovu bacısının əri Yaşar Mehdiyevlə tanış edib sonuncunun vasitəsilə Azad İsayevə verilən pullardan müəyyən faizlər qazanmışdır. Sevinc Mədətova bu məsələni planlaşdırmasaydı və bu məsələni mərhum Fərhad Abbasovla razılaşdırmasaydı belə bir hal baş verməzdi. İbtidai istintaq zamanı Mədətova Sevinc Şəmistan qızının istifadə etdiyi 0517533322 saylı nömrəyə baxış keçirilən zaman S.Mədətovanın telefon nömrəsindən Ülvi Kazımovun istifadə etdiyi 0553743111, 00905380815136 və Azad İsayevin istifadə etdiyi 0502300327 və 00905380893515 saylı nömrəyə çoxsaylı zənglər olmuş, mesajlar yazılmışdır. Bu zəng və mesajlar 2011-2012-ci illərdə olmuşdur. Cinayət işinə əlavə edilmiş Sevinc Mədətovanın əlyazmasından görünür ki, o, Əşrəf Səvərovun qardaşı Əvəz Səfərova yazılı şəkildə guya 237 000 manat pulu Əvəzdən borc alıb İsayev Azad Nadir oğluna biznes qurmaq məqsədilə verdiyini və bunun müqabilində Bakı şəhəri, A.Molla Cümə küçəsi 17B saylı binanın 69-cu mənzilinin orderini verməyi ilə bağlı yazılı kağız vemişdir. İbtidai istintaq zamanı və məhkəmə istintaqında ifadə verərək Səfərov Əvəz Səxavət oğlu bildirmişdir ki, dəfələrlə söhbətlər zamanı Sevinc Mədətova bildirmişdir ki, onun bu pullardan, xüsusilə 237000 manat pulun Azada verilməsindən xəbəri olmuş və həmin məbləğdə pula görə cavabdeh olacağını bildirmişdir və buna görə də Əvəz Səfərova həmin məzmunlu əlyazma vermişdir. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş Sevinc Mədətovanın xətti ilə yazılmış üç vərəqdən ibarət üzərində müxtəlif qarışıq formalı hesablamalar aparılmış və vərəqlərin birində, aşağı sağ küncündə "25000 Ülvi, 25000 Sevinc, 5000 Yaşar, 322610 bank” yazıları və digər yazılar olan əlyazma aşkar edilmişdir.
Sevinc Mədətova bu gün başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirində olsa da, Ülvi Kazımovla müqayisədə onun hərəkətləri sahibsiz pulun xərclənməsində daha təhlükəli olmuşdur və bu gün də S.Mədətova özünün təşkilatçılıq və təhrikçilik əməllərini etiraf etmək istəmir, özünü təqsirli bilmir. Məhkəmə əgər ədalətlə bu işə baxacaqsa, Sevinc Mədətovanın əməllərinə düzgün qiymət verməlidir.
Məhkəmənin nəzərinə onu çatdırmaq istərdim ki, 689132,75 manat ziyandan 240000 manatı Kazımov Ülvi Elçin oğlu tərəfindən, 237000 manatı Mədətova Sevinc Şəmistan qızı tərəfindən, 50000 manatı isə Mehdiyev Yaşar Məhəmməd oğlu tərəfindən ödənilmişdir.
Hazırki cinayət işi üzrə əsassız şəkildə təqsirləndirilən Kazımov Ülvi Elçin oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinin əlamətləri olmadığından, həmçinin külli miqdarda mənimsəmə cinayəti kimi ittihamda qeyd olunan hərəkətlər cinayət hadisəsi olmadığından Kazımov Ülvi Elçin oğlunun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edirəm”.

Geri qayıt