Əsas Səhifə > Siyasət, Manşet > “Texnikabank”ın sabiq rəhbəri qalmaqallı şirkətlə əlaqəsindən danışdı

“Texnikabank”ın sabiq rəhbəri qalmaqallı şirkətlə əlaqəsindən danışdı


2-07-2016, 09:20
“Texnikabank”ın sabiq rəhbəri qalmaqallı şirkətlə əlaqəsindən danışdı
Bu günlərdə Qafqaznews.az və Legion.az saytlarında “İPnet” (yeni adıyla “Skymax”) şirkətinin rəhbəri Elvin Svetlanoğlu İsmayılov barədə bir neçə yazı dərc olunmuşdu. Axar.az saytından “İPnet” (hazırda “Skymax”) şirkəti ilə bağlı yazıya istinad verilmiş, şirkət rəhbəri Elvin İsmayılovun “Yenicag.az” saytının rəhbəri Aqil Ələsgərlə bağlı təhqiramiz paylaşımına da toxunulmuşdu. İyunun 24-də Legion.az saytı “İpnet” və ya “Skymax” şirkəti ilə bağlı araşdırmaları davam etdirdi və bu şirkətin istifadəçisi olmuş başqa vətəndaşların da fikrini öyrənməyə çalışdı. Maraqlıdır ki, vətəndaşlar bu şirkətin harda yerləşdiyini və necə əlaqə saxlayacaqlarını bilmirlər.

Xatırladaq ki, Axar.az saytında dərc olunan yazıda da bu provayder şirkətinin “ünvansız” fəaliyyətindən söz açılırdı. Legion.az-ın araşdırmaları zamanı, məlum oldu ki, “İpnet”in serveri “Texnikabank”ın rəhbəri Etibar Əliyevə məxsus “Babək Plaza”nın 7-ci mərtəbəsində yerləşir, lakin Elvin İsmayılov özü ora gəlib-getmir, üstəlik də şikayətçilərə ünvan bildirilmir, zənglərə cavab verilmir. Üstəlik, əldə etdiyimiz məlumata görə, Etibar Əliyevin oğlu Kəramət Əliyev bu provayder şirkətinə şərait yaradıb, özünün və digər binalarında yerləşən ofislərin əksəriyyətini məhz “İPnet”ə qoşdurub. Lakin hər hansı şikayət olduqda isə, Elvin İsmayılovun harda olduğu bildirilmir. Burda sual yaranır: Kəramət Əliyev Elvin İsmayılovu himayə edir? Biz “Babək Plaza”ya zəng edərək, rəhbərliklə danışmaq istədik. Lakin “Reception”da işləyən xanım rəhbərlikdən heç kimin orda olmadığını bildirdi.

“Babək Plaza”dan Legion.az əməkdaşına “İPnet”in orda yerləşdiyini desələr də, həmin şirkətin ofisi ilə əlaqələndirmək barədə xahişimiz “havada” qaldı. Məlum oldu ki, “İPnet” və ya başqa adı ilə “Skymax” şirkətinin telefon nömrələri “Babək Plaza”nın da əməkdaşlarına məlum deyil. Kəramət Əliyev həm də “Alfa Sığorta” şirkətinin Direktorlar Şurasının sədridir. İyunun 27-də Legion.az saytı yenidən Kəramət Əliyevlə əlaqə saxlamağa çalışsa da, bu şəxsin nömrələrinin heç biri zənglərə cavab vermir. Belə olduğu halda, Etibar Əliyevin özüylə əlaqə saxladıq.

“Mən Elvin İsmayılovu tanımıram. Hər hansı bir provayderlə əlaqəm yoxdur. “Babək Plaza”nın da mənimlə əlaqəsi yoxdur, hər deyilənlərə, şayiələrə inanmayın. Onu sizdən başqa kim deyirsə, dədə-babasıyla qələt edir”, – deyə Etibar Əliyev bildirdi. Biz Etibar Əliyevə xatırlatdıq ki, Kəramət Əliyev hələ 2014-cü ildə Qafqaznews.az-a açıqlamasında “Babək Plaza”nın təsisçisi və sahibi olduğunu təsdiqləyib. Bu xatırlatmadan sonra, Etibar Əliyevin “yaddaşı təzələndi”. “Lap tutaq ki, təsisçisidir... Burda pis nə var? “Babək Plaza”onun öz işidir, mən onun işlərinə qarışmıram. Elvin İsmayılovu isə həqiqətən də tanımıram... Biz onlara sadəcə ofis icarə vermişik”, - deyə E.Əliyev bildirdi. Biz dəqiqləşdirmək üçün bir daha soruşduq: “Oğlunuz siz “Texnikabank”ın müdiri olarkən, “Babək Plaza”nı tikdirib?” “Bəli. O, sahibkarlıqla məşğul olur, özü bilir kiminlə iş görür. Övladlarımın işlərinə qarışmıram”, - deyə Etibar Əliyev cavab verdi. “Bəs indi özünüz nə işlə məşğulsunuz?” – deyə soruşduq. “Heç bir işlə... Evdə oturub istirahət edirəm”, - deyə sabiq “Texnikabank” rəhbəri cavab verdi.
Araşdırmamız davam edir.



Geri qayıt