Əsas Səhifə > Siyasət, Manşet > Bakının ən "çörəkli" binası: Bakı DYP-si...
Bakının ən "çörəkli" binası: Bakı DYP-si...23-06-2016, 09:12 |
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində (BŞDYPİ) baş verən özbaşınalıqlarla bağlı çoxlu şikayətlər olsa da, bu qurum öz fəaliyyətində nə düzəliş edib, nə də tənqidlərdən nəticə çıxarıb. Vəziyyətin bu şəkil almasının səbəbi isə qanunları pozan işçilərin cəzasız qalması və özlərini «toxunulmaz» hesab etmələridir. JAM.AZ xəbər verir ki, bu idarənin ən mühüm fiqurlarından biri isə rütbəcə heç də zabit deyil. Sıradan biri çavuşdur. Sadəcə, onun kimin «yavəri» olması mühüm məsələdir. Məsələ odur ki, BŞDYPİ-nin «çörək ağacı» olaraq ad çıxarmış Ruslan adlı şəxs 400-cü otağın rəisi Rəşadət Babayevin əlinin altında işləyir. Amma Ruslan elə oğul deyil ki, rəisinin əlinin altında işləsin, lakin bundan faydalanmasın. Daha doğrusu, o, lazım olduğunda rəisini də barmağına dolayıb, oyunlarına sala bilir. Önəmli məsələ isə puldur ki, onu da Ruslan gözüyumulu qazanır. JAM.AZ-ın araşdırmalarına görə, sözügedən şəxs sözün həqiqi mənasında özbaşınalıq və qanunsuzluqla məşğuldur. Onun mütəmadi olaraq şəhərə çıxaraq, Rəşadət Babayevin adından reydlər keçirməsi, cüt nömrəli maşınları saxlaması, «avtoş»larla «qonka»ya çıxması adi hallardan biridir. Üstəlik, bu məsələdə o, qardaşının imkanlarından da yararlanır. Qeyd edək ki, Ruslan ədəbaz, özündənrazı və pul üçün sinov gedən adam olduğundan istənilən maşını saxlatdırıb, cərimə meydançasına apardıra bilir. Ortada günahın varlığı, yoxluğu isə ayrı məsələdir. Onun BŞDYPİ-yə hansı şəkildə işə düzəldiyi, Rəşadət Babayev kimi mühüm şəxsin köməkçisinə çevrilməsi yəqin Nuşirəvan Səfərov cənablarına da məlum deyil. Çünki BŞDYPİ-nin rəisi belə hal hazırda Ruslana söz demək iqtidarında deyil. JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Ruslanın əsas işlərindən biri şəhərdəki sürücüləri şərləmək, onlara «avtoş» adı qoyaraq idarəyə gətirməkdir. Belə ki, bu adam özünün «Priora» və «VAZ 2107» markalı maşınlarıyla bəzən şəhərə çıxaraq, kimin «avtoş»luqla məşğul olmasını müəyyən edir. İşdə qardaşının da imkanlarından yararlanan sözügedən şəxs əvvəldə «NİVA» və digər Rusiya istehsalı avtomobilləri «mərcək» altına alır. «Nişangah»ına gələn sürücülər onunla maşın «qovdularsa» bir neçə saatdan sonra özlərini şöbədə görürlər. Elə alver də bundan sonra başlayır. Məsələ belədir ki, Ruslan bütün bunları Rəşadət Babayevin tapşırığı və xəbəri olmadan həyata keçirir. O, ötüşdüyü sürücünü saxlatdıraraq, guya, «avtoş»luq etdiyini onun boynuna qoyar. Nəticədə, 1500 manat pul tələb olunur ki, həm maşını cərimə meydançasında qalmasın, həm də məsələ bir dəfəlik «ört-basdır» olunsun. Həmin vaxt Ruslan sürücüyə psixoloji təsirlər göstərərək, onun nəinki cərimə ödəyəcəyini, hətta həbs olunacağı barədə canına vəlvələ salır. Qorxub pul verənlər, yaxanlarını güc-bəla əllərdən alırlar. Qorxmayıb, tələb irəli sürənlərlə bağlı isə sənəd hazırlanıb, Rəşadət Babayevə təqdim olunur ki, məsələyə o baxsın. Heç nədən xəbərsiz olan Babayev isə işçisinin sözünə inanaraq, «cərimənin ödənilməsin» istəyir. JAM.AZ xəbər verir ki, bu, Ruslanın ilk və ya son işləri deyil. Onun haqqında həddindən artıq çox məlumatlar var və onların çeşidlənməsi prosesi həyata keçirilir. Həmin məlumatlardan biri də qeyri-ənənəvi səslən çıxaraq siqnalların alqı-satqısı ilə bağlıdır. Bu barədə nöbəti yazımızda geniş məlumat verəcəyik. Geri qayıt |