Əsas Səhifə > Siyasət, Manşet > Çarəsiz qalan vətəndaş prezidentdən kömək istədi
Çarəsiz qalan vətəndaş prezidentdən kömək istədi4-06-2016, 08:41 |
Redaksiyamıza Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının dövlət başçısına, respublikanın güc strukturlarının rəhbərlərinə və surəti «Təzadlar» qəzetinə ünvanlanmış şikayət məktubu daxil olub. Şikayətçi yazır: «Dələduzluğa görə əvvəllər məhkum olunmuş keçmiş bələdiyyə işçisi Mətanət Əkbərova həyat yoldaşım Ağasadıq Əliyevin etibarından sui-istifadə edərək aldatma yolu ilə külli miqdarda pulunu ələ keçirib, eyni zamanda mənim adıma olan torpaq sahəsinin sənədlərini baxmaq adı ilə alıb və bu günə kimi geri qaytarmayıb. Keçmiş bələdiyyə işçisi M.Əkbərovanın dələduzluğu barədə Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi surətdə şikayət etdim, lakin polis əməkdaşları məsələyə biganə yanaşırlar. Çünki Bakı Şəhər Baş Polis İdarəsində faktla bağlı ilkin araşdırma, nədənsə, hələ ki dayandırılıb. Bir müddət araşdırma aparılsa da, heç bir nəticə əldə edilməyib. Səbəbi isə bizə məlum deyil. M.Əkbərova deyirmiş ki, nə istəyirlər etsinlər, bu ölkədə ona heç kim heç nə edə bilməz, çünki əli böyüklərin ətəyindədir. Deyəsən, həqiqətən də belədir. Çünki Bakı Şəhər Baş Polis İdarəsinə etdiyim şikayətdə adı keçən nə Mətanət Əkbərova, nə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi Faiq Məmmədov, nə də əvvəllər “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində hüquqşünas işləmiş Sarvan Abbasov barəsində heç bir tədbir görülmür. Faktla bağlı heç kimin ifadəsi alınmır, əksinə, onları müdafiə edərək, istintaqdan yayındırırlar. Ona görə də bu yaxınlarda Baş Prokurorluğun əməkdaşı Bəxtiyar İsgəndərovun qəbulunda oldum və istintaqın gedişindən narazılığımı bildirdim. Çünki kifayət qədər sübutlar olmasına baxmayaraq, istintaq orqanı cinayətin əsl iştirakçısının məsuliyyətə cəlb edilməsinə maraq göstərmir, əksinə, onun məsuliyyətdən kənarda saxlanılmasına çalışırlar. Şikayətimi diqqətlə dinləyən B.İsgədərov araşdırmanın nəzarətə götürüləcəyini bildirdi». Sonda şikayətçi ölkə rəhbərliyindən xahiş edir ki, məsələnin obyektiv araşdırılması üçün dövlət orqanlarına göstərişlər versin: “Çox təəssüf ki, bəzi məmurlar və vəzifəli şəxslər reallığı dərk etmirlər. Qanunun keşiyində dayanmalı olan, lakin vəzifələrindən sui-istifadə edərək qanunları şəxsi maraqları naminə pozmağa vərdiş etmiş şəxslər özlərinin qanun qarşısında cavab verməli olacaqlarını anlamırlar. Bu gün sizin qanunsuzluqlara qarşı qətiyyətli və barışmaz mövqeyinizi, gördüyünüz tədbirlərin nəticələrindən ibrət dərsi götürmürlər. Hörmətli cənab prezident! Sizdən xahiş edirəm, şikayətimin obyektiv araşdırlması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verəsiniz”. *** Qeyd edək ki, 2010-cu ildə ölkə başçısının sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində dairəvi yolun çəkilməsi ilə bağlı bəzi həyətyanı sahələr plana düşüb. Dövlət Reyestr Xidmətində “GPS” ölçmələri ilə F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevin adına olan 10 sot torpaq sahəsi də qeydiyyata alınıb. Bundan sonra Xəzər rayon İcra Hakimiyyətinin Buzovna nümayəndəliyində torpaqlara dair pulların vətəndaşlara verilməsi üçün komissiya yaradılıb. Onlar həmin komissiyaya müraciət edib. Komissiyadan onlara 72 min manat pulun ayrıldığı bildirilib. Komissiyanın sədri olan keçmiş qəsəbə sovetinin Kamal adlı işçisi onların sənədlərini 6 ay özündə saxlayıb və sonra da özünə qaytarıb. Sənədləri geri alıb qayıdanda Buzovna bələdiyyəsinin işçisi Mətanət Əkbərova F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevlə rastlaşıb və plana düşən torpağın pulunu almaqda onlara kömək edəcəyini deyərək sənədləri istəyib. F.Quliyevanın sözlərinə görə, 2011-ci ildən onların sənədləri Mətanət Əkbərovadadır. Aidiyyəti orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova onlara bildirib ki, məhkəməyə müraciət etmək lazımdır. Onlar 13.06.2013-cü il tarixdə məhkəməyə müraicət ediblər. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova bildirib ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyib ki, sənədləri məhkəmədən geri götürsünlər, pullarını ödəyəcək. Beləliklə, məhkəmə işə baxmadan sənədləri geri qaytarıb. F.Quliyevagilin xəbəri olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə dörd nəfərin də adı ortaya çıxıb. Mətanət Əkbərova onlara bildirib ki, “Azəryolservis” belə bir şərt qoyur: alacaqları məbləğin 50 faizi onların, 50 faizi torpaq sahiblərinin olacaq və onun adamı olan Abbasov Sarvan Yusif oğluna pulun alınması üçün etibarnamə vermək lazımdır. Torpaq pulunu almayan 7 nəfərdən 4 nəfəri bu şərtlə razılaşıb, qalan üç nəfər isə razılaşmayıb. F.Quliyevagil Sarvan Abbasova pulların alınması üçün etibarnamə verib. Məhkəmədən sənədlər geri götürüləndə 7 nəfərin sənədlərinə qatılmış tanımadıqları dörd nəfərin də sənədi olub. F.Quliyevagilin torpaqlarının çertyojlarının üzü çıxarılaraq həmin dörd nəfər üçün də təsdiq edilib. Həmin dörd nəfər də Sarvan Abbasova etibarnamə verib. Əslində, Xəzər rayonunda fəaliyyət göstərən 7 saylı Notariat Kontorunun verdiyi həmin etibarnamələr və sənədlər saxta olub. Onu da əlavə edək ki, A.Quliyevanın yazdığına görə, Mətanət Əkbərova ondan məhkəmə gedən ərəfədə 1000 manat pul da alıb, deyib ki, məhkəmə xərclərinə lazımdır. F.Quliyevagil yenidən şikayət edəndə Mətanət Əkbərova 2014-cü il oktyabrın 3-də, axşam saat 19:00 radələrində onlara gələrək, 30 min manat verib və oktyabrın 5-də də qalan pulu verəcəyini deyib. M.Əkbərova 30 min manatı F.Quliyevaya verəndə qəbz də verib və öz əl xətti ilə yazıb ki, ona 42 min manat borcu qalıb. Və imzası ilə təsdqiləyərək gedib. Lakin o vaxtdan bu günə kimi F.Quliyeva torpaqları üçün ayrılan pulu ala bilmir. Şikayətdə adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |