Əsas Səhifə > Siyasət, Manşet > Gözəl kabinet, bahalı həyat, qayğısız günlər və daha nələr...

Gözəl kabinet, bahalı həyat, qayğısız günlər və daha nələr...


14-05-2016, 09:12
Gözəl kabinet, bahalı həyat, qayğısız günlər və daha nələr...
Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov bağışlanmaz səhvlərə görə sərt tədbirlər görmək məcburiyyətindədir. O bunu etmədikcə, “bəlkə düzələr”- deyə fikirləşdikcə artıq orta məktəblərdə müəyyən qədər qalan tərbiyə də ortadan götürülür. Bir zamanlar mentalitetimizdə xüsusi önəmi olan, keçmiş sovet respublikaları içində seçilən orta məktəblərimizdəki təlim-tərbiyə işindən artıq əsər-əlamət qalmayıb. Son bir ildə onlarla baş verən hadisə göstərir ki, orta məktəblərdə artıq “qırmızı xətt” də tapdanır. Daha “təhsil namuslu” pedaqoqlarımız da hisslərini cilovlaya bilmir, “yupka altında” gizlənirlər. Azərbaycan Respublikasının əhalisi 50, 100 milyon deyil ki, təhsildə utancverici hərəkətləri tənzimləməkdə çətinliklərə görə kimlərisə qınamayasan. 9 milyon Azərbaycan xalqının adını son bir həftədə biabır edən iki hadisə bir daha sübut etdi ki, Bakı, istərsə də rayon məktəblərində tərbiyə işi sıfır səviyyəsindədir. Rayon Təhsil Şöbə müdirləri təsadüfi şəxslərdən təşkil olunub, müdirli-direktorlu hamının başı müxtəlif tədbirlər, yubileylər, müəllim günü, 8 mart, Novruz, Yeni il və daha nələrə olmaqla rüşvət yığılmasına qarışıb, məktəblərdə tərbiyə işi yaddan çıxarılıb.

Həftənin əvvəlində ölkə ilə bir oldu ki, Nərimanov rayonunda yerləşən orta məktəbdə 8 yaşlı oğlan şagirdin digər 16 yaşında oğlan məktəblilər tərəfindən zorlanmasına dair Aynurə Kərimova (ad və soyad şərtidir) Nərimanov rayon 18-ci Polis bölməsinə şikayət edib. Bu hadisənin şokundan ictimaiyyət ayılmayınca həftə sonu KİV-də yayıldı ki, Şamaxı rayonunun Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elmir Həsənağa oğlu tərəfindən zorlanaraq, hamilə qalıb. Şamaxı rayon MTE və PA birliyinin zona ekspertiza mərkəzi şagirdin 7 aylıq hamilə olduğunu təsdiqləyir, amma ciddi cəhdlə aldığı “3 manat pul, bir kəllə qənd” müqabilində bunu xoşqeyrət müəllimin etmədiyinə dair KİV üzərindən ictimai rəydə fikir formalaşdırmağa cəhd edir. Bunlar məlum məsələdir.

Amma hörmətli Təhsil naziri Mikayıl Cabbarova o da məlum olmalı idi ki, əsli-nəcabəti olan, maarifpərvər, ziyalı ailəsində böyüyən, savadlı bir təhsil işçisi Səadət xanım (soyadını dəqiqləşdirə bilmədik) Şamaxı rayon Təhsil Şöbəsindən uzaqlaşdırılanda belə olacaqdı. Gərək, Təhsil naziri Mikayıl Cabbarov xanım müdirənin işdən uzaqlaşdırılmasına imkan verməyəydi. Çünki mütərəqqi fikirli şamaxılılar bilir ki, Səadət xanım Təhsil Şöbəsinə rəhbərlik etdiyi bir ildə otuz ilə bərabər iş görmüşdü.

Amma həqiqət ondan ibarətdir ki, orta məktəblərdə baş verən belə xoşagəlməz hadisələrin 90 faizi ictimaiyyətdən gizlədilir, bəzən də bunu etmək mümkün olmur ki, bu həftə iki belə hadisəni eşitdik. Yəni Təhsil naziri M. Cabbarov gündəmə gətirildi, gözlər ona dikildi. Görünən və gəldiyimiz qənaət ondan ibarətdir ki, Təhsil naziri bütün tədris müəsissələrində tərbiyə işini sovetlər dövrünün kodeksinə uyğunlaşdırıb, yanaşma tətbiq etməlidir. Əks halda ehtimal ki, Təhsil naziri kimi uzun müddəti əhatə etməyəcək, nazir vəzifəsindən gedəcəkdir.

Fuad İsgəndərov
Faktinfo.az

Geri qayıt